Təhsil müəssisələrində psixoloji xidmətlərin rolunun artırılması şagirdlərin akademik göstəricilərini yüksəltməklə yanaşı, onların emosional və sosial inkişafını da dəstəkləyir. Bu xidmətlər vasitəsilə məktəb daxilində müsbət psixoloji iqlim formalaşır, müəllim-şagird, şagird-şagird və şagird-valideyn münasibətləri daha sağlam və konstruktiv xarakter alır.
“Azərbaycan müəllimi” bu məsələlərlə bağlı Mingəçevir şəhər Təhsil sektorunun Psixoloji-tibbi-pedaqoji komissiyasının (PTPK) sədri Günel Abdullayeva ilə danışıb.
– Mingəçevir Psixoloji-tibbi-pedaqoji komissiyasının əsas vəzifələri hansılardır?
– Komissiyanın əsas vəzifəsi sağlamlıq imkanı məhdud uşaqların müayinə edilərək səhhətinə uyğun təhsil forması seçmək və təhsilə cəlb etməkdir. Görmə, eşitmə, hərəkət məhdudiyyəti, əlilliyi olan uşaqların təhsildən, cəmiyyətdən kənarda qalmaması və hətta ali təhsil alaraq, gələcəkdə heç kimdən asılı olmadan yaşaması, öz hüquqlarını müafiə etməsi əsas məqsəddir.
– Məktəblərdə psixoloji xidmətlərin təşkili necə həyata keçirilir?
– Məktəblərdə psixoloji xidmətlərin təşkili ehtiyacların müəyyənləşdirilməsi ilə başlayır. Hər bir məktəbə psixoloq və ya psixoloq qrupu təyin edilir. Bu mütəxəssislər şagirdlərin psixoloji vəziyyətini monitorinq edir, mütəmadi konsultasiyalar keçirir və ehtiyac olduqda mütəxəssis yardımına yönləndirirlər. Eyni zamanda, müəllimlər və valideynlərlə əməkdaşlıq edərək, şagirdlərin inkişafını dəstəkləyən tədbirlər həyata keçiririk.
– Komissiya hansı proqram və layihələr üzərində işləyir?
– Hazırda inklüziv təhsil daha çox effektivliyi ilə aktualdır. 2005-ci ildən Minəçevirdə pilot layihə kimi fəaliyyətə başlamış dövlət proqramı olan inklüziv təhsil bu müddət ərzində öz nəticələrini vermişdir. Hətta vaxtı ilə inklüziv təhsilə cəlb edilmiş şagirdlərimizin bəziləri artıq universitet tələbələridir.
- Psixoloji xidmətin effektivliyini necə qiymətləndirirsiniz?
– Psixoloji xidmətlərin effektivliyini qiymətləndirmək üçün bir neçə metoddan istifadə edirik. Bunun üçün şagirdlər və müəllimlər arasında məmnunluq sorğuları keçiririk. Akademik göstəricilərdə və şagirdlərin ümumi rifah səviyyəsindəki dəyişiklikləri izləyirik. Psixoloji dəstək alan şagirdlərin davranış və emosional vəziyyətlərindəki müsbət dəyişiklikləri qeydə alırıq.
– Valideynlərin bu prosesdə rolu necədir?
– Valideynlər bu prosesdə əsas tərəfdaşlardan biridir. Onlarla müntəzəm ünsiyyət saxlayır, uşaqların psixoloji rifahını dəstəkləmək üçün məsləhətlər veririk. Valideyn seminarları və fərdi konsultasiyalar vasitəsilə onların bilik və bacarıqlarını artırır, övladlarının inkişafını daha yaxşı şəkildə dəstəkləmələrinə yardım edirik.
– Psixoloq kimi gələcək planlarınız və hədəfləriniz nələrdir?
– Gələcəkdə psixoloji xidmətlərin daha geniş yayılmasını və hər məktəbdə peşəkar psixoloji dəstək qruplarının yaradılmasını planlaşdırırıq. Texnologiyanın imkanlarından istifadə edərək onlayn konsultasiya xidmətlərini genişləndirmək, psixoloji sağlamlıq haqqında maarifləndirmə kampaniyaları keçirmək, elmi tədqiqatlarla sahəmizi zənginləşdirərək müasir metod və yanaşmaları tətbiq etmək hədəflərimiz sırasındadır.
– Siz həm də Mingəçevir şəhər 14 nömrəli tam orta məktəbin psixoloqusunuz. Məktəb psixoloqu kimi şagirdlərlə işləyərkən hansı üsullardan istifadə edirsiniz?
– Günlük işim korreksiya, diaqnostika, konsultasiya, profilaktika və tədqiqat metodlarına əsaslanır. Eyni zamanda, valideynlərlə və müəllimlərlə əməkdaşlıq edərək uşaqların inkişafına kompleks yanaşma tətbiq edirəm. Şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə alaraq Geştalt terapiyası, Koqnitiv Davranış Terapiyası, art terapiya və Kids Skills metodlarından istifadə edirəm. Bu yanaşmalar şagirdlərin psixoloji sağlamlığını və sosial bacarıqlarını inkişaf etdirməyə kömək edir.
– Sizcə, bu gün psixoloqlar təhsil prosesinə necə töhfə verirlər?
– Müasir təhsil sistemində psixoloqların rolu getdikcə artır. Şagirdlərin yalnız akademik bilikləri deyil, eyni zamanda, psixoloji sağlamlığı, sosial və emosional inkişafı da vacibdir. Psixoloqlar şagirdlərin problemlərini vaxtında aşkarlamaqla təhsil prosesinin daha səmərəli olmasına şərait yaradırlar.
– Məsələn, psixoloqlar şagirdlərin öyrənmə prosesində qarşılaşdıqları çətinlikləri müəyyənləşdirir və dəstək verir. Emosional və davranış problemlərinin həllində kömək edir. Sosial bacarıqların inkişafını təşviq edir.
– Şagirdlər arasında bullinq problemi ilə necə mübarizə aparırsınız?
– Bullinq, təəssüf ki, məktəblərdə rast gəlinən ciddi problemlərdən biridir. Bu məsələni həll etmək üçün bir neçə istiqamətdə iş aparırıq. Şagirdlərə bullinqin nə olduğu, onun fəsadları haqqında məlumat veririk. Onlara izah edirik ki, hər birinin hüquqları var və zorakılığa məruz qalmamalıdırlar. Empatiya və sosial bacarıqların inkişafı üçün qrup terapiyaları, interaktiv oyunlar keçiririk. Bu, şagirdlərin bir-birini daha yaxşı anlamasına, hörmət etməsinə kömək edir. Bullinq halları aşkar edilərkən valideynləri və müəllimləri məlumatlandırır, birgə həll yolları axtarırıq. Həm bullinqə məruz qalan, həm də bullinq edən şagirdlərlə fərdi olaraq işləyirik. Onların davranışlarının səbəblərini araşdırır, müvafiq dəstək veririk. Bullinqin tamamilə qarşısını almaq çətin olsa da, onun təsirini minimuma endirmək üçün bu addımların atılması çox vacibdir.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)