Bütün xəbərlər
5 fevral, 15:43

Son illərdə azyaşlı uşaqlar arasında davranış pozuntularının artması müşahidə olunur. Mütəxəssislərin fikrincə, bu hallar təkcə fərdi amillərlə deyil, həm də cəmiyyətin sosial-iqtisadi dinamikası və texnologiyanın həyatımızdakı rolunun dəyişməsi ilə bağlıdır.

Tədqiqatlar göstərir ki, uşaqların valideynlər, xüsusilə ana ilə həddindən artıq emosional bağlılığı, mavi ekranlar qarşısında vaxt keçirərək sosial mühitdən kənar qalması və uzun müddət telefon, planşetdən istifadəsi bu problemlərin əsas səbəblərindəndir. Bundan əlavə, pandemiya dövründə məhdudlaşdırma tədbirləri bir çox uşaqların sosiallaşmasına mənfi təsir göstərib.

Böyük şəhərlərdə, xüsusilə paytaxtda böyüyən uşaqların sosial adaptasiya problemləri daha qabarıq şəkildə hiss olunur. Onlar regionlarda böyüyən yaşıdlarına nisbətən açıq havada oynamaq, yaşıdları ilə təbii ünsiyyət qurmaq baxımından daha məhdud imkanlara malikdirlər. Bu isə sosial bacarıqların inkişafına mane olur və nəticədə aqressivlik, diqqət dağınıqlığı kimi davranış problemlərinə yol açır.

Eyni zamanda, autizm spektr pozuntuları, hiperaktivlik və diqqət çatışmazlığı kimi nevroloji problemlər yaşayan uşaqların məktəbəqədər təhsilə adaptasiyası daha çətin olur.

“Autizmli uşaqlarla daha çox ana məşğul olmalıdır”

Bəs məktəbəqədər təhsil müəssisələri bu problemlərlə necə mübarizə apara bilər? Uşaqların təhsil mühitinə uyğunlaşması üçün hansı metodlar tətbiq olunmalıdır? 

“Azərbaycan müəllimi”nin mövzu ilə bağlı suallarını məktəbəqədər təhsil üzrə metodist Aynur Əlizadə cavablandırıb.

O qeyd edir ki, psixoloji müayinədən keçdikdən və müəyyən dəstək aldıqdan sonra psixoloqlar həmin uşaqları sosiallaşmaq üçün bağçalara yönləndirirlər: “Valideynlərlə aparılan söhbətlərdən belə nəticəyə gəlmək olar ki, bəzən uşaqlar bağçada da diqqətdən kənarda qala bilərlər. Bundan əlavə, bağçadakı müəllim-tərbiyəçilər belə uşaqlarla necə davranmalı, hansı metodlardan istifadə etməli olduqlarını bilmirlər. Bu, başadüşüləndir. Çünki bağçada işləyən pedaqoq defektoloq və psixoloq deyil, tərbiyəçi-müəllimdir”.

O tövsiyə edir ki, belə uşaqlarla işləyən tərbiyəçi-müəllimlər üçün psixoloji mərkəzlər və ya psixoloqlar tərəfindən xüsusi təlimlər keçirilsin. Bu, uşaqlarla işə yardım edə bilər. İlk görülməli iş bu sahədə çalışan tərbiyəçilərin xüsusi təlimlərdən keçməsi və məlumatlandırılmasıdır. Daha sonrakı mərhələdə isə həmin uşaqların tərbiyəçilərin dəstəyi ilə bağçaya uyğunlaşması təmin olunmalıdır.

Aynur Əlizadə qeyd edir ki, autizm spektri pozuntusu və davranış problemləri olan uşaqlar kollektivə daxil olduqda ilk vaxtlar aqressiya göstərə, digər uşaqlarla paylaşmağı bacarmaya bilərlər. Onlarda aqressiv davranış yüksək həddə ola bilər, hətta digər uşaqları vurmaq, dişləmək, itələmək kimi hallara da rast gəlinir. 
Belə vəziyyətdə tərbiyəçi-müəllim nə etməlidir? Onlar davranış pozuntuları olan uşaqlara necə yanaşmalıdır? 

Müsahibimizin sözlərinə görə, son dövrlərdə bəzi özəl bağçalar bu problemi həll etmək əvəzinə həmin uşaqları bağçadan uzaqlaşdırmağı daha rahat çıxış yolu sayırlar: “Lakin statistika göstərir ki, davranış pozuntuları olan uşaqların sayı ildən-ilə artır və biz onları cəmiyyətə qazandırmaq üçün sosiallaşmalarına şərait yaratmalıyıq. Autizm spektri pozuntusu və davranış pozuntusu olan uşaqların valideynləri çox həssas və tez-tez kimisə günahlandırmağa meyilli olurlar. Lakin mən hesab edirəm ki, bağçanı və ya oradakı müəllim- tərbiyəçiləri ittiham etməkdənsə, əl-ələ verərək birgə həll yolları tapmaq daha vacibdir. Valideynlər də prosesdə aktiv iştirak etməlidirlər, çünki öz övladlarını daha yaxşı tanıyırlar. Autizm spektr pozuntusu olan uşaqlarla daha çox ana məşğul olmalıdır”.  

"Uşaq anlamır, bacarmır" kimi fikirlər yanlışdır

Məktəbəqədər təhsildə davranış pozuntusu və ya autizm spektri pozuntusu olan uşaqların təliminə xüsusi yanaşma tələb olunur. Bu zaman uşaqların maraq dairəsi nəzərə alınmalı, onların diqqətini çəkən fəaliyyətlərdən başlanılmalıdır. Bəs tam olaraq hansı metodlarla bu cür azyaşlıları fəaliyyətlərə cəlb etmək mümkündür?

Metodist bu sualımıza cavab olaraq bildirib ki, ilk mərhələdə onların maraqlarını müəyyən edərək tədricən təlim prosesinə daxil etmək vacibdir. Bu baxımdan yardımçı pedaqoqların olması təhsil prosesini daha effektiv edə bilər:

“Məsələn, təlimə başlayarkən didaktik oyunlar tətbiq olunursa, müəllim uşağın bu oyunlara marağını öyrənməli və onun iştirakını təmin etməlidir. "Uşaq anlamır, bacarmır" kimi fikirlər yanlışdır. Əsas məsələ pedaqoqun uşağın fərdi xüsusiyyətlərini nəzərə alaraq davamlı şəkildə onunla işləməsidir. Müəllim uşağın inkişafını izləmək üçün gündəlik qeydlər aparmalı, hər gün üçün konkret məqsədlər müəyyən etməlidir. Məsələn, əgər uşaq oyuncaqlarla oynamağı xoşlayırsa, dərs prosesini də bu vasitə ilə təşkil etmək mümkündür. Oyuncaqlardan istifadə edərək rənglər, həndəsi fiqurlar və digər anlayışlar izah edilə bilər”.

Eyni zamanda, o xatırladıb ki, davranış pozuntusu olan uşaqların qrupdan kənar saxlanılması doğru yanaşma deyil. Əksinə, onların sosiallaşması və təlim prosesinə inteqrasiyası üçün dərs materialları fərdiləşdirilməlidir. Məsələn, həndəsi fiqurlar mövzusunu öyrədərkən oyuncaqlar və ya nəqliyyat vasitələri üzərindən dərs qurmaq olar. Maşının təkəri hansı fiqura oxşayır? Pəncərələr hansı həndəsi formadadır? Bu tip suallar uşaqların marağını artırmağa kömək edər:

“Belə yanaşma uşaqların həm akademik biliklərini, həm də sosial bacarıqlarının inkişafına imkan yaradır. Təəssüf ki, bu gün bəzi təhsil müəssisələrində bu yanaşma tətbiq edilmir və davranış pozuntusu olan uşaqlar tədris prosesindən kənarda qalırlar. Halbuki düzgün metodologiya ilə inteqrasiya edilmiş dərslər bütün uşaqlar üçün faydalı ola bilər”.

Anaya bağlı olan uşaqların sayı artıb

Ana bağlılığı (valideyndən ayrılmaqda çətinlik) olan azyaşlılarla iş məsələsinə də toxunan Aynur Əlizadə uşaqlar arasında bu problemin getdikcə artdığını, bunun müxtəlif adaptasiya və davranış problemlərinə yol açdığını qeyd edib: “Belə uşaqlar üçün bağçaya adaptasiya prosesi mərhələli şəkildə aparılmalıdır. Uşağın bir anda həm yeni mühitə daxil olması, həm də valideyni ilə əvvəlki qədər vaxt keçirməməsi psixoloji travmaya səbəb ola bilər. Bu səbəbdən valideynlərə məsləhət görülür ki, ayrılma prosesini tədricən həyata keçirsinlər.

Məsələn, valideyn ilk günlərdə qısa müddət ərzində bağçada uşağın yanında ola bilər. Daha sonra valideynin iştirakı tədricən azaldılmalı, uşaq müstəqilliyə alışdırılmalıdır. Eyni zamanda, valideynə tövsiyə edilir ki, əvvəlki kimi evdə bütün diqqətini yalnız uşağa yönəltməsin, bu diqqəti tədricən azaltsın və uşağın digər insanlarla ünsiyyətinə şərait yaratsın”.

Sonda qeyd etmək lazımdır ki, məktəbəqədər təhsildə davranış pozuntusu və autizm spektr pozuntusu olan uşaqlarla düzgün yanaşma və metodların tətbiqi onların sosiallaşmasını və inkişafını xeyli asanlaşdıra bilər. Müəllim-tərbiyəçilərin bu sahə üzrə təlim alması, fərdi yanaşmaların tətbiqi və valideynlərin prosesdə aktiv iştirakı uşaqların cəmiyyətə daha rahat inteqrasiya olmasına kömək edəcək. Əsas məqsəd hər bir uşağa uyğun şərait yaratmaq və onların potensialını maksimum dərəcədə üzə çıxarmaq olmalıdır.

Xəbər lenti

5 fevral, 18:00

Davos 2025: Texnologiya əsrində ali təhsilin transformasiyası 

5 fevral, 17:30

Yeni qeyri-adi tipli kvant hissəcikləri kəşf edilib

5 fevral, 17:10

Gənc müəllim: Dərsdə ən zəif şagirdin belə fəal olmasına çalışıram

5 fevral, 17:03

Şəki-Zaqatalada 2 məktəbin binası yenilənəcək

5 fevral, 16:58

Təhsilin “McDonaldlaşdırılması”: səmərəlilik, yoxsa dəyərlərin itkisi? 

5 fevral, 16:52

Texniki və yumşaq bacarıqlar ilk dəfə keys metodu ilə qiymətləndirilib

5 fevral, 16:37

Təhsil real həyatla əlaqələndirilməlidir - Laura Hinz nümunəsi 

5 fevral, 16:04

Akademik uğurların artması üçün nələrə diqqət yetirilməlidir?    

5 fevral, 15:53

Elm və təhsil naziri Emin Əmrullayev sabah brifinq keçirəcək

5 fevral, 15:30

NASA: Yeni yanacaq texnologiyası ilə Marsa cəmi 45 günə gedilə bilər

5 fevral, 15:19

Şuşada STEAM Mərkəz fəaliyyətə başlayıb

5 fevral, 15:11

Ayın iki nəhəng kanyonu 10 dəqiqədən az bir vaxtda formalaşıb

5 fevral, 14:52

Mil-Muğan regionunda 2 yeni məktəb binası istifadəyə veriləcək

5 fevral, 14:31

Mingəçevirdə dərs zamanı halı pisləşən məktəbli vəfat edib

5 fevral, 14:21

Şagirdlərin peşə bacarıqlarının inkişafında yaradıcı düşüncənin rolu

5 fevral, 14:06

“Fevral məruzələri 2025: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” adlı konfrans başlayıb

5 fevral, 14:02

Keçmiş və müasirlik bir arada - Hənifə kənd məktəbində bir gün

5 fevral, 13:56

İdmanda gender ayrı-seçkiliyi yoxdur - Altıqat Azərbaycan çempionu 

5 fevral, 12:47

Eksternat imtahanlarının nəticələri bəlli olub

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.