
1970-ci illərə qədər bir çoxları yaşadığımız həyat standartlarının insanın yalnız bioloji və genetik xüsusiyyətlərinə bağlı olduğunu düşünürdü. Həmin dövrdə gənc psixoloq olan Yuri Bronfenbrenner böyüdüyümüz yerin, əhatəmizin də bu baxımdan vacib olduğu fikrini irəli sürdü. O, ekoloji sistemlər nəzəriyyəsini ictimaiyyətə ilk dəfə təqdim edəndə, əslində, bu icadı ilə tarix yazmışdı. Bu tədqiqat sonradan təhsil təcrübələrində əhəmiyyətli dəyişikliklərə səbəb oldu. Uşaqların necə öyrəndiyi ilə bağlı yeni anlayışlar yaratdı və bu nəzəriyyə bu gün də tədrisə müasir yanaşmaları formalaşdırmaqda davam edir.
Bəs biz ekoloji sistemlər nəzəriyyəsindən övladlarımız və ya şagirdlərimizlə gündəlik həyatdakı münasibətlərdə necə yararlana bilərik?
Bronfenbrenner düşünürdü ki, uşaqlarımızın inkişafı yalnız düzgün qidalanmaq və yaxşı yatıb yuxusunu almaq kimi sadə tələblərlə məhdudlaşmır. Əgər insanların yaşadığı mühit və əhatəsindəki insanlar dəyişərsə, onların həyat tərzi də dəyişə bilər. Ekoloji sistemlər nəzəriyyəsi haqqında məlumatlı olmağın bizə qatdığı əsas dəyər də elə budur: uşağın tam potensialına çatması üçün onun mühitinin rolunu öyrənmək və lazım gələrsə, kiçik addımlarla bu mühiti dəyişə bilmək. Bu nəzəriyyə 5 əsas sistemi bizə təqdim edir. Bu sistemlər mikrosistem, mezosistem, ekzosistem, makrosistem və xronosistem adlanır.
Dünyadakı bütün uşaqlar onların sonradan yaşayacağı bütün təcrübələrə birbaşa təsir edən mikrosistemdə doğulurlar. Bu sistemi onun ailəsi, valideynləri, bacı-qardaşları, baba və nənələri bir sözlə, yaşadığı ev təşkil edir. İndi gəlin, hər birimiz bir anlıq öz uşaqlığımızı xatırlayaq. Bəlkə də, siz həmin dövrlərdə bir ağacın altında oynayırdınız, ya da valideynlərinizə ev işlərində kömək edirdiniz, özünüzdən yaşca kiçik bacı-qardaşlarınızın qayğısına qalırdınız. Hər bir kiçik məqam, hər bir təcrübə sizin şəxsi inkişafınızı formalaşdırıb, yəni bugünkü sizi yaradıb. Gəlin bu sistemlərə nümunələr əsasında nəzər yetirək və xəyali bir oğlan uşağı yaradaq.
Mikrosistem
Təsəvvür edin ki, 8 yaşlı bu uşaq kiçik bir kənddə doğulub və bu kəndin sərhədləri daxilində böyüyüb. Sonradan ailəsi ilə birlikdə şəhərə köçüb. Onun həyatı ekoloji sistemlər nəzəriyyəsində təsvir edilən müxtəlif səviyyələrdəki halqaların təsiri altında dəyişir. Yuri Bronfenbrenner düşünürdü ki, həyatı stabil olmayan, müxtəlif səbəblərdən tez-tez yaşadığı yeri dəyişən ailələrdə böyüyən uşaqlar daha çox neqativ hallarla və ya pis təsirlərlə qarşılaşırlar. Nəticədə, mənfi mikrosistemdə böyüyən uşaq uğur qazanmaqda çətinlik çəkir. Gəlin nümunə üzərindən davam edək. Bayaq təsəvvürümüzdə yaratdığımız bu oğlan kənddə doğulmuşdu, burada təbiətə yaxın, nisbətən sakit kənd mühiti onun mikrosistemini təşkil edirdi. Ailəsi kənddə çox sıx əlaqələrə sahib idi, qonşular bir-birinə məişət işlərində dəstək göstərirdilər. Amma şəhərə köçdükdən sonra hər şey dəyişdi. Yeni mühit bu oğlana yad idi, insanlar da çox məşğul və laqeyd görünürdülər. Bu oğlan təbii olaraq yeni məktəbində əvvəlki dostlarını axtarır və yeni sinifdə özünə yer tapmaqda çətinlik çəkir. Sinif yoldaşları isə şəhər həyatına daha yaxşı uyğunlaşıblar və bizim qəhrəmanımız bəzən özünü tənha hiss edir.
Mezosistem
Bizim qəhrəmanımızın mezosistemi onun həyatındakı köç hekayəsindən təsirlənir. Valideynləri şəhərə köçdükdən sonra onların evləri ilə iş yeri arasında hər gün qət etdikləri məsafə xeyli uzaq idi. Evdən sübh çağı ayrılan valideynlər yalnız hava qaralanda evə qayıda bilirdilər. Uşaqları ilə daha çox zaman keçirmək imkanları azalmışdı. Bunun üçün onlar övladlarının təhsili ilə də tez-tez maraqlana bilmirdilər. Bu da 8 yaşlı oğlanın məktəbdə daha çox çətinlik yaşamasına səbəb olur.
Ekzosistem
Bu sistem uşağı özünü birbaşa daxil etməyən sosial mühitlər arasındakı əlaqələri əhatə edir. Məsələn, uşağın evdə yaşadığı təcrübələr valideynlərinin işindən təsirlənə bilər. Əgər valideynlərdən hər hansı biri iş yerində ciddi problemlər yaşayırsa, bu vəziyyətin evdə valideynlər arasında mübahisə yaratma ehtimalı var. Bu da müəyyən bir müddət ərzində olsa belə, valideynlərin uşaqla münasibətində dəyişikliklərə səbəb olacaq. Beləcə, ailə daxilində baş verən gərginliklər bizim qəhrəmanımıza da təsir edəcək. Şəhərdə həyat daha rəqabətlidir, valideynlər üçün ailəyə, uşağa vaxt ayırmaq əvvəlki kimi asan deyil. Bu səbəbdən evdə tarazlıq pozulur və daha çox mübahisə yaranır. Bu mübahisələr uşağı narahat edir və o, valideynlərinin arasında olan gərginliyi hiss edir. Bu onun özünü evdə də, məktəbdə də narahat hiss etməsinə səbəb olur.
Makrosistem
Kənddə böyüyən bu oğlan şəhərdəki sürətli həyat tempinə alışmaqda çətinlik çəkir. Yeni qonşularla, sinif yoldaşları ilə ortaq maraqlar tapmaq onun üçün asan deyil. Şəhərin daha çox qayda-qanun tələb edən mühiti onu gərginləşdirir. Bu, cəmiyyətin daha fərqli mədəniyyətini qəbul etməkdə xəyali qəhrəmanımızın yaşadığı çətinliklərin bir hissəsidir. Bronfenbrenner bu mühiti makrosistem adlandırır və bu halqa bütün digər sistemlərə təsir edən ümumi mədəniyyəti təsvir edir. Əgər bu sistemə 8 yaşlı həmin uşağın gözü ilə baxsaq, bu həm də o deməkdir ki, onun ailəsinin yeni mühitdə “yad” olma ehtimalı daha yüksəkdir. Beləliklə, uşağın bioloji potensialından və ya tərbiyəsindən asılı olmayaraq, makro səviyyədə o, hələ də əlverişsiz vəziyyətdə qalır.
Xronosistem
Bu nəzəriyyənin sonuncu halqası olan xronosistem uşaqda və onun həyatında zamanla baş verən dəyişiklikləri təmsil edir. Bizim qəhərəmanımızn həyatında da zamanla bir çox dəyişiliklər baş verir. Köçdükdən sonra uşaq yeni məktəbə və yeni dostlara alışmağa çalışır. İlk başlarda bu ona çətinlik yaradır – yeni insanlar, yeni mühit, yeni qaydalar. Lakin zaman keçdikcə uşaq bu dəyişikliklərə uyğunlaşır, dostlar tapır və özünə yeni bir həyat qazanır. Əvvəlcə, köçdüyü şəhərə uyğunlaşmaqda çətinlik çəkən uşaq zamanla özünü yeni mühitdə daha rahat hiss etməyə başlayır.
Bronfenbrennerin nəzəriyyəsinə əsasən, uşağın həyatını yalnız onun genetikası formalaşdırmır. Onun inkişafı daxil olduğu mühit və qarşılaşdığı vəziyyətlərin nəticəsidir. Belə olan halda, kənddən şəhərə köçən 8 yaşlı oğlan üçün, cəmiyyətin və ailəsinin dəstəyi onun uğurlu böyüməsi üçün həlledici rol oynayır.
İndi isə gözlərinizi yumun və təsəvvür edin. Uşağınız (şagirdiniz) bir toxum kimi torpaqda əkilib. Bu toxumun böyüməsi üçün yalnız su və Günəş kifayət etməz. Onun ətrafında hansı bitkilər var, torpağının tərkibi necədir, böyüdüyü mühitdə küləklər necə əsir?
Çimnaz ŞIXVERDİYEVA
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər