
Mayın 8-də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın fəaliyyəti çərçivəsində “Regional İnkişaf” İctimai Birliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Xidmətlər Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tərəfdaşlığı ilə icra olunmuş “Küçə mühitində olan uşaqlarla iş sahəsində aidiyyəti qurumlar arasında fəaliyyət mexanizminin inkişafı” layihəsinin yekununa həsr olunmuş konfrans keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbir iştirakçılarını salamlayan “Regional İnkişaf” İctimai Birliyinin şöbə müdiri Gülbağda Leysanova Hacıyeva layihə çərçivəsində görülən işlər barədə məlumat verərək əldə olunan nəticələri diqqətə çatdırıb.
Bildirib ki, layihənin icrası nəticəsində aidiyyəti qurumlar tərəfindən küçə mühitində olan uşaqlar və ailələri üçün göstərilən xidmətlər və və resurslar xəritələşdirilib, Türkiyə Respublikasından dəvət olunmuş ekspertin dəstəyi ilə hazırlanmış təlim proqramı əsasında layihəyə cəlb olunan sosial işçilər və digər iştirakçılar təlimləndirilib, sahə tədqiqatlarının aparılması üçün metodologiya və digər sənədlər hazırlanıb, 100 uşaqla bağlı tədqiqatlar aparılıb, məlumatlar toplanıb, onların və ailələrinin sosial-psixoloji reabilitasiya, təhsil, səhiyyə, fərdi inkişaf, məşğulluq, hüquqi dəstək, sənədlərin hazırlanması və s. ehtiyacları müəyyən edilib və onların həlli istiqamətində tədbirlər görülüb.
Nazirlər Kabinetinin Sosial məsələlər şöbəsinin böyük məsləhətçisi Gülnur Rzayeva, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Xidmətlər Agentliyinin Stasionar sosial xidmətin təşkili departamentinin müdiri Məftunə İsmayılova, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Ana və uşaq sağlamlığının qorunması sektonun müdiri Aynurə Zeynalova, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişafı şöbəsinin Tərbiyə məsələləri üzrə iş sektorunun müdiri Qeyrət Şirəliyev, Gənclər və İdman Nazirliyinin İctimai inkişaf sektorunun müdiri Elşən Qəhrəmanov və Türkiyə Respublikasından beynəlxalq ekspert Mehmet Zafer Danış çıxış edərək layihənin dövlət siyasətindəki əhəmiyyətindən, mövcud çağırışlar və hüquqi mexanizmlərdən danışıb, qurumlararası əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.
“Küçə mühitində olan uşaqlarla iş sahəsində aidiyyəti qurumlar arasında fəaliyyət mexanizminin inkişafı” layihəsinin yekununa həsr olunmuş konfrans rəsmi açılışdan sonra panel müzakirələrlə davam edib. Məftunə İsmayılovanın moderatorluğu ilə aparılan müzakirələrin birinci hissəsi mövcud vəziyyət və problemlərə həsr olunub, layihə çərçivəsində yaradılmış mexanizm təqdim olunaraq onun işləmə prinsipləri izah olunub.
Eyni zamanda küçə mühitində olan uşaqlar ilə bağlı Azərbaycandakı cari vəziyyət, layihə çərçivəsində əldə olunmuş nailiyyətlər, çətinliklər qiymətləndirilib.
Konfransın yeni həll üsulları və innovativ yanaşmalara həsr olunan ikinci hissəsinə isə Kəmalə Ağazadə moderatorluq edib. Açıq müzakirələrin aparıldığı ikinci hissədə həmçinin, tədbir iştirakçılarının rəyləri dinlənilib. Yekun müzakirələrdən sonra təkliflər təqdim olunub.
Qeyd edək ki, tədbirin keçirilməsinin məqsədi küçə mühitində olan uşaqlarla bağlı mövcud vəziyyətə diqqət çəkmək, bu sahədə fəaliyyət göstərən aidiyyəti qurumlar arasında qarşılıqlı əməkdaşlıq imkanlarını genişləndirmək, həmçinin uşaqların müdafiəsinə yönəlmiş fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsinə töhfə verməkdir.
1 /19
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər