Bütün xəbərlər
5 fevral, 14:02

Səhərin erkən saatlarında Balakən rayonunun Hənifə kəndinə doğru yola çıxırıq. Burada – yamacların qoynunda yerləşən A.Səhhət adına Hənifə kənd tam orta məktəbində həm keçmişin izlərini, həm də müasir dövrün çağırışlarını bir arada görəcəyimizi bilirik.

“Azərbaycan müəllimi”nin bu məktəbə üz tutması təsadüfi deyil. İllərdir dağların sərt havasında bilik işığı yandıran bu ocağın uğurları, fədakar müəllimləri və yüksək nailiyyətlər qazanan məzunları diqqətimizi çoxdan çəkmişdi.

Məktəbin səliqəli həyətinə daxil olan kimi sükutun içində gizlənmiş xatirələr, “Zəfər” otağına çatanadək yolboyu eşitdiyimiz qəhrəmanlıq hekayələri və gülərüz müəllimlərin isti münasibəti hər addımda bizi müşayiət edir.

Kəndin mollası sürgünə göndərildi, evində məktəb açıldı

Məktəbin direktoru Cavanşir Alqayev bizi səmimiyyətlə qarşılayır və əvvəlcə məktəbin tarixindən danışır.
Deyir ki, bu məktəb 1937-ci ildə kənd sakini Şərif Qazıyevin evində fəaliyyətə başlayıb. O dövrdə kəndin mollası olan Şərif Qazıyevin bütün əmlakı müsadirə edilmiş, özü isə sürgünə göndərilmişdi. Məktəb əvvəlcə ibtidai təhsil səviyyəsində fəaliyyət göstərib. Burada uşaqlara elm öyrətməyə çalışan ilk müəllimlər Abbasqulu və Nəbat müəllim olub. Məktəbin qurucuları sayılan bu müəllimlərin soyadları bəlli deyil, təhsil müəssisəsinin arxiv sənədlərində bu barədə heç bir məlumat yoxdur. Bəlli olan yalnız budur ki, Abbasqulu müəllim riyaziyyatı, Nəbat müəllim isə Azərbaycan dili və ədəbiyyatı tədris edib.

1950-ci ildən məktəb 8 illik, 1975-ci ildən isə tam orta təhsil səviyyəsində fəaliyyətə başlayaraq kəndin maariflənməsində mühüm rol oynayıb.

Hazırda məktəbdə 329 şagird və 36 müəllim var. Sinif otaqları müasir avadanlıqlarla təchiz edilib, qazanxana sistemi tam yenilənib. Cavanşir müəllim vurğulayır ki, əsas məqsədləri dağların ətəyində yaşayan uşaqlara yüksəkkeyfiyyətli təhsil verərək onları savadlı vətəndaş kimi yetişdirməkdir.

Həm nəzəri, həm də praktiki öyrənmə

Məktəbi gəzərkən diqqətimizi çəkən ilk məqam müxtəlif fənlər üçün ayrılmış xüsusi otaqlardır. Direktor bildirir ki, II–VII siniflərdə “Rəqəmsal bacarıqlar” fənni interaktiv şəkildə tədris edilir. Bu fənni gənc müəllim Ceyla Rəcəbova tədris edir. Dərslər bu fənn üçün ayrılmış iki kompüter otağında (ümumilikdə 20 kompüter) keçirilir. Ceyla müəllim qeyd edir ki, uşaqlar burada müasir texnologiyaları yalnız nəzəri deyil, praktiki baxımdan da öyrənir, sınaqlar aparır və proqramlaşdırma üzrə ilk addımlarını atırlar”.

Laboratoriya otaqlarına keçərkən kimya və biologiya fənləri üçün nəzərdə tutulmuş müasir avadanlıqlar diqqətimizi çəkir. Məlum olur ki, burada şagirdlərə həm də praktiki təcrübələr öyrədilir və bu, onların elmə marağını artırmaq üçün ən təsirli metodlardan biri kimi qəbul edilir. Şəki-Zaqatala Regional Təhsil İdarəsinin dəstəyi ilə aparılan yenidənqurma işləri məktəbin maddi-texniki bazasını daha da gücləndirib.

Nəticələr və hədəflər

Direktorun müavinləri Leyla Qımrıyeva və Aygül Qarayeva ilə söhbətimiz zamanı məktəbin buraxılış və qəbul imtahanlarında əldə etdiyi nəticələrin ilbəil yüksəldiyini öyrənirik:

“Keçən tədris ilində IX sinfi 20, XI sinfi 22 şagird bitirib. Onlardan 7-si ali məktəbə, 6-sı kollecə qəbul olub. Yüksək bal toplayanlar sırasında Müslüm Dibirov (654 bal) və Alina Koxayeva (556 bal) da var. XI siniflərin buraxılış imtahanlarında orta bal 114, IX siniflərinki isə 94,3 olub ki, bu da əvvəlki illə müqayisədə 20 bal çoxdur. Biz hər il bu nəticəni 30 bal artırmağı qarşımıza məqsəd qoymuşuq”.

Şagirdlərin rəqəmsal bacarıqları artırılır

Kiçikyaşlı şagirdlərin gur səs-küyü ilə dolu ibtidai sinif otaqlarında bizi Pərvanə Qurbanova, Ülviyyə Şabanova və Gülsevər Əhmədova qarşılayır. Onlar dərs prosesindən danışarkən əsas amilin uşaqlara sevgi və həssas yanaşma olduğunu qeyd edirlər.
Ülviyyə Şabanova deyir:

“Biz uşaqlara təkcə hərfləri və rəqəmləri öyrətmirik. Onları şəxsiyyət kimi formalaşdırmağa, maraq dairələrini artırmağa çalışırıq. Valideynlərlə sıx əməkdaşlıq, uşaqlara fərdi yanaşma və rəqəmsal bacarıqların erkən yaşdan aşılanması böyük əhəmiyyət daşıyır”.

Hər sinif bir şəhidin adını daşıyır 

Məktəbin ən diqqətçəkən guşələrindən biri “Zəfər” otağıdır. Burada Vətən müharibəsi şəhidlərinə aid fotolar, şəxsi əşyalar və onların keçdiyi döyüş yollarını əks etdirən materiallar sərgilənir. Tarix müəllimi Leyla Mustafayeva bu otağın şagirdlərə güclü təsir etdiyini vurğulayır:

“Məktəbin hər sinfi bir şəhidin adını daşıyır. Bu, şagirdlərimizi vətənpərvər ruhda böyütməyin ən güclü vasitəsidir. Onlar burada şəhidlərimizin keçdiyi qəhrəmanlıq yolunu görür, ölkəmizə sadiq və məsuliyyətli vətəndaş olmağın vacibliyini anlayırlar”.

Məktəbin məzunları arasında general-leytenant İlham Mehdiyev və polkovnik İlqar Mehdiyev kimi yüksəkrütbəli zabitlərin olması da şagirdlər üçün stimuldur.

Bu məktəbdə keçirdiyimiz bir günün sonunda aydın olur ki, Hənifə kənd tam orta məktəbi təkcə keçmişdən aldığı gücə söykənmir, həm də müasir texnologiyalara, innovativ dərs metodlarına və güclü müəllim-valideyn əməkdaşlığına əsaslanır.
Məktəbin işıqlı dəhlizlərindən yüksələn şagird sədaları, gülərüz müəllimlərin fədakar zəhməti və “Zəfər” otağında qorunan qəhrəmanlıq ruhu bu maarif ocağının gələcək nəsillər üçün möhkəm təməl olduğunu, burada maarif işığının uzun illər sönməyəcəyini göstərir.

1 /3

Şərhlər

Xəbər lenti

11 iyul, 21:38

“Xankəndidə işləmək istəyirəm” – MİQ imtahanından yüksək bal toplayan müəllim

11 iyul, 19:52

Gənclərə fotoqrafiya üzrə təlim kursu keçirilir

11 iyul, 17:21

Lənkəran məktəbindən böyük uğur: Bir sinifdən 9 qırmızı attestat

11 iyul, 17:02

“MİQ məktəblərdə yüksək bilikli kollektiv formalaşdırır” – İmtahandan uğurla keçən müəllim

11 iyul, 16:59

Məktəblərdə riyaziyyatın öyrədilməsi metodikası

11 iyul, 16:23

9 illik fasilədən sonra geri döndü – MİQ-də rekord bal topladı

11 iyul, 15:55

MDU-nun tələbələri üçün mentor proqramı fəaliyyətə başlayır

11 iyul, 15:52

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi təşkil olunub

11 iyul, 14:55

BMU Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlığa başlayır

11 iyul, 14:33

Mikayıl Cabbarov: Təhsilin bütün səviyyələrində rəqəmsal biliklərin aşılanması əhəmiyyətlidir

11 iyul, 14:23

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat bitdi

11 iyul, 14:20

Vaşinqton Universitetinin professoru Pedaqoji Kollecdə seminar keçirib

11 iyul, 13:53

AzMİU-da sərbəst güləş turnirinə start verilib

11 iyul, 13:31

Biz o yerlərə qayıdacağıq…

11 iyul, 12:50

Liseylərə imtahan verən 200 şagirdin nəticəsi yenidən araşdırılacaq – Komissiya yaradılıb

11 iyul, 12:45

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI

11 iyul, 12:42

BDU-da yüksək bal toplayanlar üçün yeni təqaüd təsis edilib

11 iyul, 12:25

İspaniya universitetinin Azərbaycanda fəaliyyətə başlama imkanı nəzərdən keçirilir – Səfir

11 iyul, 12:15

Sabahın hava proqnozu açıqlanıb

11 iyul, 11:38

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.