
“Azərbaycan müəllimi” qəzeti, 5 may 1971-ci il, №36
A.Şaiq təlim-tərbiyə, tədris və metodika məsələləri haqqında, müəllim, onun vəzifəsi, tələbə və ailə əlaqəsinə dair çox yazmış və nəşr etdirmişdir. Lakin ədibin arxivində çap olunmamış əsərlər də çoxdur ki, bunların bir qismi dərsliklərə, ədəbiyyat tarixinə, təlim-tərbiyə məsələlərinə həsr olunmuş məqalələrdir. Bu gün oxuculara təqdim olunan bu məqalə də ilk dəfə nəşr edilir. O, “Uçitelskaya qazeta”nın sabiq redaktoru Atarov tərəfindən 1943-cü ildə A.Şaiqə sifariş verilmiş və qoca müəllim xəstə olmasına baxmayaraq, həmin məqaləni yazıb 29 aprel tarixli məktubla sifarişçiyə göndərmişdir.
Müəllim! Milyonlarla insanın qəlbində uşaqlıqdan hörmət və məhəbbətlə birləşmiş bu şərəfli və böyük adı daşıyanlar nə qədər bəxtiyardırlar! Maarif-mədəniyyət ocaqlarının rəhbərləri olan müəllimləri sevməyən kimdir? Bu şərəfli adı daşıyanların Azərbaycanda xüsusi mövqeyi və əhəmiyyəti olmuşdur. Xalqımızın ictimai həyatı ilə sıx bağlı olan müəllimlik yalnız məktəblə bağlanıb qalmamışdır. Azərbaycanda böyüklərə məxsus tərbiyə ocağı olan teatrın əsasını qoyan, ilk dəfə artistlik edən və bugünkü məşhur aktyorlarımızı yetişdirən müəllimlərimiz olmuşlar. Mətbuatımızın, musiqi və ədəbiyyatımızın da yaradıcıları müəllimlərdir. Şübhəsiz, bu cəhət milli müttəfiq respublikaların çoxuna məxsus bir xüsusiyyətdir. Elmi və ictimai həyatın bütün başqa sahələri üçün kadrları müəllimlər hazırladığı kimi, bu sahələrin özlərinin inkişafında da rolu müəllimlər oynayırlar. Cəsarətlə demək olar ki, Azərbaycanda indi də partiya və sovet aparatında ən məsul vəzifə daşıyanların çoxu müəllimlərdir.
Azərbaycan ziyalıları və birinci növbədə Azərbaycan müəllimləri təlim-tərbiyə və elm-texnika sahəsində əldə etdikləri gözqamaşdırıcı müvəffəqiyyət və nailiyyətlərə görə hər şeydən əvvəl Lenin partiyasına və sovet dövlətinə borcludurlar.
Çar hökuməti zamanında müəllimlərimiz özlərini təhqir edilmiş, gözdən düşmüş, ögey oğul kimi hiss edirdilər. Onlar orta məktəblərdə başqa müəllimlər kimi heç bir hüquqa malik deyildir. Ana dili yalnız dərs xaricində olan saatlarda keçirilirdi. Başqa müəllimlər kimi təmin edilmirdilər…
“Ata-ana” – bu iki füsunkar kəlmə hər uşaq üçün əmdiyi süddən şirin olduğu kimi, müəllim kəlməsi də əziz balalarımız üçün bir o qədər sevimli və qiymətlidir. Bütün insanların həyatı, səadəti və gələcəyi ailə ilə məktəbdən asılıdır. Bu iki tərbiyə və bilik ocağı sağlam təməllər üzərində qurulduğu zaman gənc nəsil aldığı sağlam qidalarla gündən-günə çiçəklənərək nur qafiləsi kimi ətrafını işıqlandıra bilər.
Ailə və məktəb bir şeydir. Bu iki tərbiyə ocağı bir-biri ilə hər zaman sağlam və qırılmaz rabitələrlə bağlanmalı və hər ikisi səviyyəcə bir-birinə müsavi olmalıdır. Ancaq belə olduğu halda bilik, əxlaq və tərbiyəcə sağlam və qüvvətli nəsil yetişdirmək olar. Halbuki keçmişdə, inqilabdan əvvəl Azərbaycanda ailə ilə məktəb arasında böyük ziddiyyət vardı: məktəb tərbiyəsi bir başqa, müxtəlif sinif və zümrələrdən ibarət olan ailə tərbiyəsi də bambaşqa idi. Bu başqalıqlara görə də tələbələr arasında səmimi yoldaşlıq hissi, müəllimlərlə tələbələr arasında səmimi hörmət və məhəbbət yaranmayırdı. Keçmişdə ailə ilə məktəb arasında siyasi bərabərlik yox idi. Ailə səviyyəsi məktəbdən xeyli aşağı idi. Müəllimlərin əli, dili bağlı olduğundan istədikləri kimi fəaliyyət göstərə, bir müəllim kimi özlərini, dərslərini tələbələrə sevdirə bilmirdilər. Bütün bunlar isə həm dərs keyfiyyətinin yüksəlməsinə, həm məktəblərdə əsaslı intizamın bərpa edilməsinə, həm də müəllimin sinifdə sərbəstliyinə, müstəqilliyinə böyük maneələr törədirdi.
Sovet hakimiyyəti illərində Azərbaycan məktəbində əsaslı dəyişiklik olmuşdur. Biz ali mədəniyyət ocağımız olan akademiyamız ilə, alimlərimiz və müəllimlərimiz ilə, şairlərimiz və incəsənət ustalarımızla iftixar edirik…
Bu gün sovet müəlliminin əldə etdiyi müvəffəqiyyətlərin əsas səbəblərindən biri dərin ictimai tərbiyə almış tələbələrin müəllimlərini qızğın ürəklə sevə bilmələridir. Müəllimlərimizə qol-qanad verən də, onları öz vəzifələrinə daha böyük həvəs və maraqla bağlayan amillərdən biri də budur…
Bir bağban min zəhmətlə əkdiyi və biçdiyi meyvə bağınım məhsulunu sevə-sevə dərdiyi kimi, bir müəllim də mənəvi qidalarla becərdiyi tələbələrinin kamala çatdığını və onların xalqa, vətənə, cəmiyyətə etdiyi xidmətləri görüncə bir bağbandan daha bəxtiyar görünür, çünki onun yetişdirdiyi məhsul daha qiymətli və səmərəlidir. Odur ki, mən hər zaman yazıçılığımdan artıq müəllimliyimlə iftixar etmişəm.
Qərb alimlərindən biri demişdir: “Müəllimlər bəşəriyyətin qurbanlarıdır”. Bir ərəb mütəfəkkiri də: “Mənə bilik verən şəxsə qul kimi pərəstiş edǝrəm” - demişdir. Hələ əsrlərcə əvvəl deyilmiş bu qiymətli sözlər müəllim əməyini necə yüksək qiymətləndirir. Əfsus ki, müəllimlərimiz içərisində bu böyük və adi həqiqəti görməkdən məhrum olanlar da tapılır. Müəllimlik nəcib, müqəddəs vəzifədir. Zamanəmizdə maarifin, təhsilin, müəllimin bu qədər böyük əhəmiyyət və mövqe qazandığını nəzərə alaraq xalqımızın əsas mədəniyyət ocağı olan məktəb, pedaqoji məktəblər, institutlarımıza daha çox fikir verilməlidir. Təşkilatı cəhətdən təkmilləşdirilməlidir. Mənə elə gəlir ki, artıq kəmiyyətdən çox keyfiyyətə fikir vermək lazımdır. Pedaqoji məktəb və institutların sayını artırmaqdansa, onlar müasir laboratoriyalar və kabinetlərlə, zəngin elmi-nəzəri kitablara malik kitabxanalarla, geniş, gözəl binalarla təmin edilsə, daha faydalı olar. Pedaqoji məktəblərə ən bilikli və təcrübəli müəllimlər cəlb olunmalıdır. Müəllimləri dərslə çox yormamalı, başqa məktəblərdən azad edərək yalnız bir məktəbə təhkim etməli, maddi cəhətdən mümkün qədər yaxşı təmin olunmasına çalışılmalıdır. Müəllimin öz üzərində çalışmasını təşkil etməli və izləməli, pedaqoji məktəb və texnikumların bir qismi leyli (gecə-gündüz – red) olmalıdır. Bu məktəblərin yanında isə istinad məktəbləri yaradılmalıdır. Pedaqoji məktəblərdə ana dili və ədəbiyyat dərsləri ilk plana keçirilməli, hüsnxət, rəsm, musiqi fənlərinə diqqət yetirilməlidir. Yazı işləri və sinif mürəbbiliyi üçün əməkhaqqı artırılmalıdır. Pedaqoji məktəblərin tədris proqramlarının hərtərəfliliyi və müasirliyi nəzərə alınmalıdır. Belə tədbirlərin həyata keçirilməsi pedaqoji təhsilin keyfiyyətcə yaxşılaşmasına güclü təsir göstərə bilərdi.
Abdulla Şaiq
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər