
Qarabağ Universitetində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi: Azərbaycan konstitusiyası və suverenliyimizin bərpası” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, konfransda Prezident Kitabxanasının və Qarabağ Universitetinin rəhbər heyəti, əməkdaşları, tələbələr və media nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyublar. Konfrans Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Konfransda açılış nitqi ilə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın suverenliyinin tam bərpa olunmasından sonra Xankəndidə fəaliyyətə başlayan Qarabağ Universitetinin qarşısında duran əsas hədəflərdən söz açıb. Rektor bildirib ki, Qarabağ Universiteti təkcə ali təhsil müəssisəsi kimi deyil, eyni zamanda bölgənin elmi və intellektual mərkəzinə çevrilmə istiqamətində də mühüm addımlar atmaqdadır. Ş.Bayramov çıxışında xüsusi olaraq vurğulayıb ki, universitetin fəaliyyətində Ümummilli Lider Heydər Əliyevin irsi, dövlətçilik prinsipləri və milli suverenlik ideyalarının təbliği əsas istiqamətlərdən birini təşkil edir.
Şahin Bayramov “Konstitusiya və suverenlik ili” çərçivəsində keçirilən konfransı Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliğ edilməsi baxımdan yüksək qiymətləndirərək Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycanın vətəndaşı olmağın qürurdan bəhs edib.
Prezident Kitabxanasının direktoru Afət Abbasova çıxışında Qarabağ Universitetinin yaradılmasını tarixi zərurət kimi qiymətləndirib və bu ali təhsil müəssisəsinin Azərbaycanın elmi, mədəni və strateji hədəflərinə xidmət edəcək mühüm bir platforma olduğunu diqqətə çatdırıb. A.Abbasova həmçinin kitabxana-resurs bazalarının inkişafı, akademik nəşrlərlə əməkdaşlıq və tarixi irsin öyrənilməsi sahəsində Prezident Kitabxanasının Qarabağ Universiteti ilə gələcək əməkdaşlığa hazır olduğunu bildirib.
Universitetin Humanitar və sosial elmlər fakültəsinin dekanı Elmar Mustafayev “Milli suverenliyin bərpasında Heydər Əliyev irsi: təhlükəsizlik, idarəetmə və diplomatiya” mövzusunda çıxış edərək Ümummilli Liderin dövlətçilik fəlsəfəsinin müasir dövr üçün strateji əhəmiyyətini ətraflı şəkildə izah edib.
Sonra “Heydər Əliyev və Azərbaycanın suverenlik yolu” adlı videoçarx nümayiş olunub.
Prezident Kitabxanasının Qafqazşünaslıq üzrə direktor müşaviri Nazim Mustafa “Keçmişdən bu günə Qarabağ” mövzusunda etdiyi çıxışda regionun tarixi-siyasi keçmişinə diqqət çəkərək Qarabağın hər zaman Azərbaycan xalqının ayrılmaz parçası olduğunu bildirib və Qarabağda aparılan bərpa-quruculuq işlərinin tarixi ədalətin bərpası ilə yanaşı, milli yaddaşın və kimliyin yenidən möhkəmləndirilməsi baxımından da önəmli olduğunu xüsusi olaraq qeyd edib.
Sonra Prezident Kitabxanasının dövlət idarəçiliyi və ölkəşünaslığa dair informasiya resursları bölməsinin müdiri Kəmalə Qasımovanın “Azərbaycanın dövlətçilik modeli: Konstitusiya, liderlər və milli rəmzlərin vəhdəti” mövzusunda çıxışı dinlənilib.
Çıxış edən natiqlər bildiriblər ki, Qarabağ Universiteti gələcəkdə həm yerli, həm də beynəlxalq səviyyədə elmi biliklərin paylaşım mərkəzinə və regionun dirçəlişinə töhfə verən mühüm intellektual bazaya çevriləcək.
Konfransda Prezident Kitabxanasının Kitabxana işinin avtomatlaşdırılması, rəqəmsallaşdırma və elektron resurslar bölməsinin müdiri Zakir İsmayılov “Konstitusiya və Suverenliyin Zəfəri” layihəsini, Proqram təminatı qrupunun rəhbəri Tuncay Hüseynzadə isə Prezident Kitabxanasının yenilənmiş saytını tədbir iştirakçılarına təqdim edib.
Sonra Prezident Kitabxanası adından Qarabağ Universitetinə kitabların hədiyyə olunması ilə bağlı akt təqdim olunub və kitabların sərgisi keçirilib.
Sonda Qarabağ Universitetinin qarşısında xatirə fotoşəkili çəkilib.
1 /12
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər