2024-cü ilin ən böyük təhsil uğurlarından biri də işğaldan azad edilən Xankəndində ilk ali təhsil müəssisəsinin - Qarabağ Universitetinin fəaliyyətə başlaması oldu. Qısa vaxtda ölkədə böyük imic və prestij qazanan universitetdə pedaqoji, iqtisadiyyat, humanitar və sosial elmlər, mühəndislik, incəsənət, turizm olmaqla 6 fakültə üzrə bakalavriat səviyyəsində tədris həyata keçirilir.
“Azərbaycan müəllimi” xəbər verir ki, Qarabağ Universitetinin ilk tələbələrindən olan, incəsənət fakültəsinin skripka müəllimliyi ixtisasında təhsil alan Fazil Əlişli universitetdə təhsil mühiti, sosial həyat, Qarabağda yaşayış haqqında Modern.az-a müsahibə verib.
- Fazil, Qarabağ Universitetinin ilk tələbələrindənsən. Necə oldu ki, bu universiteti seçdin?
- Mən ilk dəfə Türkiyə universitetlərinə sənədimi vermişdim, imtahan verdim, amma orada qabiliyyət imtahanı çox fərqli və çətin mərhələli olduğu üçün kəsildim. Daha sonra Azərbaycandakı universitetləri analiz etməyə başladım. Düşündüm ki, mənim üçün ən yaxşı universitet Qarabağ Universiteti olacaq. Çünki bu universitetdə yenilik görürdüm, təzə yaranıb və düşündüm ki, digərlərindən fərqlənəcək və çox prestijli universitetə çevriləcək. Eyni zamanda Bakıdan uzaq bir yerə getmək istəyirdim, buranın mühiti məni çox sıxırdı. Amma ailəm bu fikirlə o qədər də razılaşmadı. Buna görə də ixtisas seçimində ilk Bakı Musiqi Akademiyasını, daha sonra Qarabağ Universitetini yazdıq. Nəticələr bəlli olanda bura düşdüyüm üçün çox sevindim. Ailəm də zamanla başa düşdü ki ən yaxşı seçimi etmişəm.
- Orada ab-hava necədir, Bakı ilə müqayisədə çox fərqlər var?
- Əlbəttə ki, çox fərqlidir. Havasından tutmuş, insanlarına qədər. Orada hava küləksizdir, çox təmizdir. Binaların fərqli aurası var, sanki tarixin içindəyəm kimi hiss edirəm, bu mənim bir baxımdan xoşuma gəlir. Buradakı insanlar daha mühafizəkardır, davamlı olaraq ətrafdakıları müşahidə edirlər. Ətrafda davamlı olaraq polislər gəzir, təhlükəsizliyimiz hər baxımdan qorunur. Bir dəfə dəqiqə tutub onların hansı tezliklə ətrafdan keçdiklərinə baxırdım. 2-ci dəqiqə tamam olan kimi polis maşınları yenidən görünür. Bu çox maraqlı təcrübədir. Amma get-gedə bura da Bakıya oxşayır. Son vaxtlar maşınlar çoxalıb. Mən burada daha çox velosiped yolları görmək istərdim.
- Təhsilin keyfiyyəti necə, səni qane edirmi? Qarabağ Universiteti sənə bu baxımdan nələr qazandırdı?
- Təhsildən əvvəl onu deyim ki, Qarabağ Universiteti mənə sevgi qazandırıb. Təhsilə gəldikdə isə buradakı yeni metodlarla keçirilən dərslər mənə çox şey öyrədir. Universitetə yeni qəbul olduğum vaxtdan indiyə 4 ay keçib, amma bu 4 ayda da çox şey öyrənmişəm. Uşaqlıqdan musiqi ilə məşğul oluram, bizə öyrədilən hər şey Sovet ədəbiyyatına aid idi, biz sadəcə həmin resurslardan istifadə edirdik.
Bir növ bizə rusca musiqi öyrədirdilər. İndi isə bu sistemdən tamamilə uzağıq. Biz Amerikan sisteminə keçmişik. Bu, bütün əlifbanı yenidən öyrənməyə oxşayır. Bu çox yaxşı irəliləyişdir. Türkər müəllimin Amerikada təhsil alması hər şeyi qabağa atdı. O, Amerika sistemini gördü və burada da tətbiq etməyə başladı. Dekanın bu sistemi Qarabağda tətbiq etməsi məni sevindirir. Burada nəyisə əzbərləmək yoxdur, hər şeyə məntiqlə yanaşırsan. Notlar eynidir, amma sənin o notlara yanaşman fərqlidir. Hətta notların adında do,re,mi,fa yerinə a,b,c,d var.
- Fakültəndən, dekanınızdan razısan?
- Müəllimlərimiz, dekanımız yataqxana ilə bağlı kiçik bir problemdə belə, bizdən daha çox narahat olur, işin həlli istiqamətində işlər görürlər. Biz şikayətlərimizi birbaşa dekana deyirik. İçəri girən kimi adamı gülərüzlə qarşılayır. Biz danışdıqca qeydlər aparır. Bu çox xoş haldır. Düşünürəm ki, müəllimlərimiz çox yaxşı seçilib. Biz onları görəndə çox təəccübləndik. İndividual yanaşmaları var, hər dərs sıradan dərslərdən fərqli olur. Fakültəmiz, rəhbərlik və müəllimlərimiz çox yaxşıdır.
- Yataqxanada vəziyyət necədir?
- Mən həmişə deyirəm ki, biz Qarabağa gələn ilk əsgərlər kimiyik. Hətta veteranlarıq (gülür). İlk gələndə yataqxana yeni təmirdən çıxmışdı. Bir də gəlirdin ki, otağında şkaf, başqa lazımlı ləvazimatlar var. Bu özü bir tarixdir. Bizdən sonra gələn nəsil üçün hər şey daha rahat olacaq. Qarabağın ilk tələbələri kimi danışacağımız çox mövzumuz olacaq. İncəsənət sahəsində oxuyan tələbələr istənilən vaxt universitetə gedib məşqlər edə bilər, bu əsasən piano təhsili alanlar üçün lazımdır, eyni zamanda kitabxana davamlı fəaliyyət göstərir. Yataqxana isə saat 10-a qədər çöldə qalmağımıza icazə verir. İncəsənət fakültəsinin tələbələri məşq etsin deyə yaxşı şərait yaradılıb, məsələn pianoçular məcburdur, universitetə gedib orada məşq etsin, bəzən gecə 1-ə qədər universitetdə olurlar, bu baxımdan incəsənət fakültəsinin tələbələrinin hansısa problemi yoxdur, amma yaradılan şəraitdən sui-istifadə etmək olmaz və buna imkan da yaradılmır. Digər fakültənin tələbələri də saat 10-a kimi istədiyi saat universitetə gedə bilir, oranın kitabxanasından istifadə edir. Hansısa məhdudiyyət yoxdur.
- Aylıq nə qədər xərciniz çıxır?
- 200 manat. O da yeməyə. Yeməkxanada günorta və axşam yeməkləri yeyirəm. Xörəklər həddindən artıq ləzzətlidir, ağlınıza gələ biləcək hər cür yemək bişirirlər – borşdan tutmuş, mimoza salatına qədər. Yataqxanaya mikrodalğalı soba da qoyublar, özümüz də istədiyimiz vaxt yeməklərimizi qızdırıb yeyirik. Başqa xərcimiz olmur. Kompüteri belə universitet verib. Bu baxımdan problemimiz yoxdur. Aylıq təqaüd də alırıq.
- Asudə vaxtlarınızı necə keçirirsiniz?
- Əsasən dostlarla, sevdiyim insanlarla birlikdə oluram. Açıq havada gəzirik, məşqlər və maraqlı söhbətlər edirik. Başqa hələ ki, nəsə etmək olmur. Gələcəkdə burada teatr, kino zallarının olması tələbələr üçün də əla olardı. Bizim korpus 2026-cı ildən Şuşa şəhərinə köçürüləcək. Düşünürəm ki, mədəniyyət və incəsənət sahəsində oxuyanlar üçün bura daha cəlbedicidir. Çünki mədəniyyət beşiyidir, burada mədəniyyət adamlarının evlərini gəzmək bizə xüsusi ilham verə bilər.
- Dərslərdə hansı yeniliklərin olmasını istərdin?
- Bizim ixtisasımız skripka müəllimliyidir. Düşünürəm ki, indidən auditoriyalarda dərs demək imkanını yaratmaq hamı üçün maraqlı və daha öyrədici olardı. Bir də dərslərdə texnoloji yenilikləri də nəzərə almaq lazımdır. Bizim müəllimlərimiz çox savadlıdır, bunu asanlıqla hiss etmək olur, amma onlar da bəzi hallarda proqramdan kənara çıxa bilmirlər. Məsələn mən üç fərqli proqramda musiqi yazıram, birində notlarla, birində səsin korreksiyası və onun düzəldilməsi üzərində işləyirəm, digərində isə elektron musiqi yazan. Bu proqramların hər birini öyrədən üç fənn salınsaydı əla olardı.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)