
Son illərdə beynəlxalq fənn olimpiadalarında uğur qazanan Azərbaycan məktəblilərinin sayı artıb. Bakı şəhəri 287 nömrəli “Zəkalar” liseyinin X sinfə keçən şagirdi Fərhad İskəndər də həmin şagirdlərdən biridir. “Azərbaycan müəllimi” Fərhadı oxuculara təqdim edir.
Fərhad İskəndər bu il iyunun 24-29-da Şimali Makedoniyanın Struqa şəhərində keçirilən Yeniyetmələrin 29-cu Balkan Riyaziyyat Olimpiadasında (JBMO 2025) Azərbaycan milli komandasının tərkibində ölkəmizi uğurla təmsil edib. Fərhad olimpiadada təqdim olunan bütün tapşırıqları mükəmməl həll edərək, mümkün olan 40 baldan maksimum nəticəni, yəni 40 balı toplayıb. Bu yüksək nəticəyə görə o, olimpiadanın ən nüfuzlu adı olan “Birincilərin birincisi” (“First of first”) nominasiyasına layiq görülüb.
.jpeg)
“İndi qarşıma daha böyük məqsəd qoymuşam: Beynəlxalq Riyaziyyat Olimpiadasından da medalla qayıtmaq”
Fərhad deyir ki, bu olimpiada onun yaş qrupu üçün ən əhəmiyyətli yarışlardan biridir: “Bu yarışda əldə etdiyim nəticə mənim üçün sadəcə bir uğur deyil, gələcəkdə iştirak edəcəyim Beynəlxalq Riyaziyyat Olimpiadası (İMO) üçün də böyük stimul oldu. Nəticəmin yaxşı alınmasına görə çox sevinirəm. İndi qarşıma daha böyük məqsəd qoymuşam: Beynəlxalq Riyaziyyat Olimpiadasından da medalla qayıtmaq”.
“Hər bir uğurun arxasında yorulmaz əmək dayanır”
Fərhad qeyd edir ki, onun ən sevdiyi fənn riyaziyyatdır və bu maraq Respublika Fənn Müsabiqəsindəki ilk uğurdan sonra daha da güclənib. Fərhadın riyaziyyata marağı və uğur yolu isə təsadüfi başlamayıb. O, ilk dəfə VI sinifdə Respublika Fənn Müsabiqəsində iştirak edərək I yerə layiq görülüb və bu, onun olimpiada həyatına atdığı ilk addım olub. Daha sonra Azərbaycan Respublikası Təhsil İnstitutunun Respublika Fənn Müsabiqəsi qalibləri üçün təşkil etdiyi xüsusi olimpiada hazırlıqlarına qatılıb. Fərhad həmin dərslərin ona çox böyük fayda verdiyini vurğulayır: “Riyaziyyatı daha dərindən öyrənməyə, məsuliyyətlə hazırlaşmağa o vaxt başladım. Hər bir uğurun arxasında ardıcıl, yorulmaz əmək dayanır. Bir mövzunu başa düşməyəndə təslim olmurdum. Yenidən oxuyur, araşdırır və çalışırdım”.
Beynəlxalq uğurların davamı..
Fərhad ilk beynəlxalq olimpiada təcrübəsini onlayn formatda qazanıb. Özbəkistanda keçirilən Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat Olimpiadasında və Riyaziyyat üzrə Avropa Kubokunda birincilik əldə edib. Bu ilin aprel ayında isə canlı şəkildə ilk dəfə Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilən 42-ci Balkan Riyaziyyat Olimpiadasında iştirak edib. Bu yarışda 40 baldan 27-sini toplayaraq gümüş medala layiq görülüb:
.jpeg)
“Bu, canlı olaraq iştirak etdiyim ilk beynəlxalq olimpiada idi və ilk dəfə Avropaya səfər etdim. Yarışın təşkili və yaradılan şərait çox yüksək səviyyədə idi. Yaxın dostlarımla 6 gün bir yerdə qalmaq, müxtəlif oyunlar oynamaq və birlikdə öyrənmək mənim üçün olduqca maraqlı oldu. İmtahan zamanı ilk saatlarda çox həyəcanlı idim. Lakin ilk sualı düzgün həll etdikdən sonra həyəcanım azaldı və digər tapşırıqlara daha rahat yanaşdım. Ümumilikdə gözəl bir təcrübə oldu”.
“Valideyn və müəllimlərimin inamı və dəstəyi həmişə motivasiyam olub”
Uğur yolunda ən böyük dəstəyi isə ailəsindən, müəllimlərindən və oxuduğu məktəbdən alıb: “Onların mənə olan inamı və verdikləri dəstək həmişə motivasiyam olub. Bu yol təkbaşına qət ediləcək bir yol deyil. Yanında inanacaq insanlar olduqda özünü daha güclü hiss edirsən”.
Boş vaxtları çox olmasa da, Fərhad fürsət düşdükcə ailəsi və yaxın dostları ilə vaxt keçirməyə üstünlük verir. Yay tətilinin olmasına baxmayaraq, hələ də dincəlmir. Qarşıda onu daha çətin bir olimpiada gözləyir və bütün gücü ilə həmin yarışa hazırlaşır: “Yəqin ki, olimpiada bitəndən sonra bir-iki həftəlik kiçik bir istirahət edəcəyəm”.
.jpeg)
Fərhad özünü plan qurmaqda o qədər də güclü hesab etmir. Əsasən günün gedişinə uyğun hərəkət edir və günün ikinci hissəsində daha məhsuldar çalışır. Kitaba olan marağı isə Fərhadın uşaqlıq illərindən başlayıb. Sonuncu oxuduğu kitab Oskar Uayldın “Dorian Qreyin portreti” romanıdır. Bir qədər təəssüf hissi ilə qeyd edir ki, hazırda boş vaxtı az olduğundan mütaliəyə kifayət qədər vaxt ayıra bilmir.
Ali təhsil planlarına gəlincə, Fərhad konkret olaraq riyaziyyatla bağlı sahələri seçmək istəyir. O, ölkə daxilində keçirilən qəbul imtahanlarında iştirak etməyi düşünmür. Məqsədi yüksək reytinqli xarici universitetlərdə təhsil almaqdır. Bunun üçün qarşıdakı il ərzində SAT, IELTS və digər beynəlxalq imtahanlara hazırlaşacaq. O, artıq bir neçə nüfuzlu beynəlxalq riyaziyyat olimpiadanın sertifikatına sahibdir.
Fərhadın maraqları bununla da bitmir. Musiqiyə də xüsusi sevgisi var və bu il fortepiano ixtisası üzrə təhsilini uğurla başa vurub. Həmçinin uşaqlıqdan intellektual oyunlara maraq göstərir və bir çox yarışlarda iştirak edib: “İstedad deməzdim, amma kiçik yaşlarımdan intellektual oyunlara qarşı həvəsim olub və daim bu sahədə özümü sınamağa çalışmışam”.
Fərhad inanır ki, insan sevdiyi işlə məşğul olanda və çox çalışanda uğur əldə edə bilər. Uğur onun üçün təkcə nəticə deyil, həm də göstərilən əzm və zəhmətdir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər