
Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyev 4 aprel 2025-ci il tarixində “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncam ölkəmizdə elmi idarəetmənin müasirləşdirilməsi və institutlararası əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
Böyük Britaniyanın Kembric Universitetinin Molekulyar Biologiya Laboratoriyasının (MBL) qrup rəhbəri professor Qərib Mürşüdov “Azərbaycan müəllimi”nə açıqlamasında Sərəncamla bağlı fikirlərini bölüşüb. Q.Mürşüdov qeyd edir ki, ölkəmizdə elm və təhsil sahələrində həyata keçirilən islahatların davamı olaraq bu qərar, şübhəsiz ki, müsbət bir addımdır.
- Ümid edirəm ki, elmi-tədqiqat istiqamətində islahatlar davam edəcək. Uzun illərdir ki, Azərbaycanda elm və təhsil sahələrində dərin köklü problemləri həll etmək üçün bu sahələrdə əsaslı və planlı islahatlar həyata keçirilməlidir. Elmi-tədqiqat sahəsindəki islahatlar mütləq şəkildə universitet təhsilindəki islahatlarla eyni vaxtda aparılmalıdır. Daha da irəli gedərək deyə bilərəm ki, ümumi iqtisadi islahatlar, elmi-tədqiqat və təhsil islahatları sinxron şəkildə həyata keçirilməlidir. Həmçinin bu islahatların davamlı və effektiv şəkildə işləməsi üçün müvafiq qanunvericilik bazası da hazırlanmalıdır.
Professor Q.Mürşüdov Azərbaycanda elm sisteminin təşkilinə dair fikirlərinin bir qismini təqdim edir:
1. Universitetlər elmin əsas mühərriki olmalıdır:
- Universitetlərdə təhsil sistemini köklü şəkildə dəyişmək lazımdır.
- Tədqiqatın rolu xüsusi vurğulanmalı, dərs saatları azaldılaraq müəllimlər üçün tədqiqat vaxtı yaradılmalıdır.
- Müəllim heyətindən həm keyfiyyətli təhsil, həm də elmi nəticələr tələb edilməlidir.
- Elmi fəaliyyətlər üçün daxili və xarici qrantlar cəlb edilməlidir.
2. Strateji Tədqiqat İnstitutları Sistemi:
- Ölkənin strateji prioritetlərinə uyğun seçilmiş bir neçə yüksək ixtisaslaşmış tədqiqat institutu yaradılmalıdır.
- Bu institutlarda yalnız beynəlxalq səviyyəli elmi işlər aparılmalıdır.
- Hər 3-5 ildən bir institutların effektivliyi və prioritetlərə uyğunluğu ciddi şəkildə yoxlanılmalıdır.
- Nəticə verməyən institutlar bağlanaraq resurslar daha perspektivli sahələrə yönləndirilməlidir.
3. Sənayedə elmi-tədqiqat bazasının inkişafı:
- Böyük sənaye müəssisələrində özəl tədqiqat laboratoriyalarının yaradılması üçün həvəsləndirici qanunvericilik hazırlanmalıdır.
- Bu laboratoriyalar şirkətlərin strateji məqsədlərinə xidmət etməlidir.
4. Xeyriyyəçilik sektorunun iştirakı:
- Xeyriyyə təşkilatlarının elmi inkişafa töhfə verməsi üçün hüquqi çərçivə yaradılmalıdır.
- Xeyriyyə fondları öz missiyalarına uyğun elmi qurumları, layihələri və alimləri maliyyələşdirməlidir.
“Qeyd edim ki, yuxarıda ifadə etdiyim fikirlər yalnız mənim şəxsi nöqteyi-nəzərimdir. Əminəm ki, mənim kimi Azərbaycanın gələcəyi haqqında düşünən hər kəs ölkəmizdə görülən müsbət işləri dəstəkləyir. Ümidvaram ki, bu sərəncam elm və təhsil naziri Emin Əmrullayevin qeyd etdiyi hədəflərə çatmaqda mühüm rol oynayacaq. Azərbaycanın müasir regional texnologiya mərkəzinə çevrilməsi mənim ən böyük arzularımdan biridir. Bu istiqamətdə atılacaq hər bir addımın ölkəmizin inkişafına əhəmiyyətli töhfə verəcəyinə inanıram”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər