Bütün xəbərlər
23 iyun, 10:15

Bu sual məni bir tədqiqatçı kimi xüsusilə maraqlandırır. Aşağıdakı cədvəldə də göründüyü kimi, 2020-ci ildən etibarən Azərbaycanın ali təhsil müəssisələrinin QS beynəlxalq reytinqlərində irəliləməsi artıq bir faktdır və bu dinamika ölkənin üç aparıcı universitetinin nümunəsində açıq şəkildə görünür.

Bilirik ki, ölkədə ali təhsilin əhatə dairəsinin və əlçatanlığının genişlənməsi, yəni qəbul göstəricilərinin yüksəlməsi xüsusilə 2020-ci ildən sonra intensiv xarakter alıb. Məsələn, 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə 74 mindən çox abituriyent qəbul olunub ki, bu da son illərdə əhəmiyyətli artıma işarə edir.

Digər tərəfdən, ali təhsilin maliyyələşdirilməsində də nəzərəçarpacaq artım müşahidə olunur. 2021–2025-ci illər ərzində ali təhsilə ayrılan dövlət büdcəsinin illik orta artım faizi təxminən 35% təşkil edib. Bu, kifayət qədər yüksək göstəricidir və dövlətin ali təhsil sektoruna artan diqqətini və investisiya strategiyasını əks etdirir.

Bununla yanaşı, reytinqlərdə irəliləyiş özlüyündə kəmiyyət xarakterli nəticədir. Lakin bu nəticələrin arxasında hansı keyfiyyət göstəricilərinin dayandığını anlamaq üçün daha dərindən təhlilə ehtiyac var. Yaxşı olardı ki, reytinqdə irəliləyən hər bir universitet öz uğurunun əsas faktorlarını ictimaiyyətlə paylaşsın və hansı struktur və ya akademik dəyişikliklərin bu nəticələrə gətirib çıxardığını aydın şəkildə izah etsin.

Məsələn, Bakı Dövlət Universiteti və ya Azərbaycan Dövlət İqtisad Universiteti konkret olaraq son dövrlərdə həyata keçirdikləri hansı islahatların bu dəyişikliklərə səbəb olduğunu açıqlаsа, nəticələrin strateji islahatlar nəticəsində və ya digər faktorlardan qaynaqlandığını izah etmək mümkün olar. Bununla yanaşı, bu irəliləyişlərin universitetin daxili keyfiyyət dəyişikliklərinə necə təsir etdiyini də göstərmək vacibdir.

Hazırda biz təkcə 1 və ya 2 universitetin deyil, artıq 9 Azərbaycan universitetinin QS reytinqində yer aldığını müşahidə edirik. Bu isə onu göstərir ki, həm universitetlər, həm də aidiyyəti dövlət qurumları tərəfindən sistemli yanaşma formalaşdırılıb. Ona görə də bu nəticələrin konkret olaraq hansı siyasət, proqram və təşəbbüslərlə əldə edildiyinə və strateji məqsədlərin nə olduğuna dair rəsmi və analitik hesabatların hazırlanması məqsədəuyğun olardı.

Universitetlərimiz hansı meyarlara görə fərqlənir?

Azərbaycan universitetləri, əsasən, iki aparıcı beynəlxalq reytinq sistemində yer alır: “QS Quacquarelli Symonds” və Times Higher Education (THE) beynəlxalq reytinqi. Hər iki reytinq sistemi ali təhsil müəssisələrinin fəaliyyətini qiymətləndirir, lakin bunu fərqli metodoloji yanaşmalarla və müxtəlif göstərici çəkiləri ilə həyata keçirir. Məhz bu səbəbdən universitetlərin bu iki sistemdəki nəticələri arasında fərqlər yaranır.

QS reytinqinin 2026-cı il metodologiyası beş əsas istiqamət üzrə qurulub. Hər istiqamət daxilində alt kriteriyalar müəyyən çəki ilə qiymətləndirilir. Bu çərçivə universitetlərin çoxşaxəli fəaliyyətlərini ölçmək üçün strukturlaşdırılmış qiymətləndirmə mexanizmi yaradır və universitetlərin hansı sahələrdə irəliləyiş göstərdiyini anlamaq üçün analitik baza funksiyası daşıyır.

KateqoriyaAlt-kriteriyalarÇəki (%)
Tədqiqat və kəşflərAkademik nüfuz (30%), Fakültə üzrə istinadlar (20%)50
Məzunların uğurları və işlə təminatİşəgötürən nüfuzu (15%), İşlə təminat nəticələri (5%)20
Tədris mühitiTələbə-müəllim nisbəti (10%)10
Beynəlxalq əlaqələrXarici müəllim nisbəti (5%), Tədqiqat şəbəkəsi (5%), Beynəlxalq tələbə nisbəti (5%)15
DayanıqlılıqSosial və institusional davamlılıq tədbirləri (5%)5

Bu göstəricilər arasında ən böyük çəkiyə malik sahə tədqiqat və kəşflərdir. Burada əsas göstəricilər akademik nüfuz və fakültə üzrə istinadlardır. Akademik nüfuz dünyanın müxtəlif universitetlərindən olan alimlərin sorğu əsaslı rəylərinə əsaslanır və universitetin elmi imicini əks etdirir. Fakültə üzrə istinadlar isə pedaqoji heyətin elmi nəşrlərinə beynəlxalq səviyyədə verilmiş istinadların sayına əsaslanır. Təəssüf ki, bu sahədə Azərbaycan universitetləri zəif nəticələr göstərməkdə davam edir. Məsələn, BDU, ADİU və ADNSU kimi universitetlərdə bu göstərici 1.5–1.9 bal aralığında qalır. Bu isə elmi məhsuldarlığın zəif olduğunu göstərir. Hələlik bu sahədə sistemli irəliləyiş müşahidə olunmur. 

Əvəzində məzunların uğurları və işlə təminat göstəricilərində nəzərəçarpacaq irəliləyiş qeydə alınır. Bu sahədə BDU 64.1, ADİU isə 51.5 bal toplayaraq yüksək nəticə göstərib. Bu dinamika universitetlərin əmək bazarı ilə əlaqələrinin gücləndiyini, praktiki bacarıqlara əsaslanan proqramların inkişaf etdiyini və məzunların rəqabət qabiliyyətinin artdığını göstəricisi hesab edilə bilər.

Tədris mühiti kriteriyası üzrə də irəliləyiş müşahidə olunur. Bu göstərici tələbə-müəllim nisbətinə əsaslanır və keyfiyyətli təhsilin vacib şərtlərindən biri hesab olunur. BDU bu sahədə 94.0, ADNSU isə 73.3 bal toplayaraq yüksək nəticələr nümayiş etdirib. Bu göstəricilər tədris resurslarının genişləndirilməsi və akademik kadr siyasətinin gücləndirilməsi ilə izah oluna bilər.

Beynəlxalq əlaqələr göstəricisi üzrə bəzi universitetlər irəliləyiş əldə edib. Bu sahə üç alt kriteriyadan: xarici müəllim nisbəti, beynəlxalq tədqiqat şəbəkəsi və beynəlxalq tələbə nisbətindən ibarətdir. ADNSU burada 46.8 bal ilə xüsusilə fərqlənir. Bu nəticə xarici müəllimlərin cəlbi, beynəlxalq ikili diplom proqramlarının və mübadilə layihələrinin genişlənməsi ilə əlaqələndirilə bilər.

Dayanıqlılıq kriteriyası universitetlərin sosial, ətraf mühit və institusional məsuliyyətlərini əhatə edir. Bu sahədə BDU 43.3, ADİU 39.2 və ADNSU 31.0 bal toplayıb. Bu, adətən ali təhsil müəssisələrinin yaşıl kampus təşəbbüslərinə və sosial layihələrə artan diqqətini əks etdirir. Çəki baxımından nisbətən az önəm daşısa da, son illərdə bu kriteriyanın beynəlxalq reytinqlərdə çəkisi artır.

Digər reytinq sistemi olan Times Higher Education (THE) çərçivəsində isə Azərbaycan universitetlərinin irəliləyişi hələlik məhdud xarakter daşıyır. Aşağıdakı cədvəldə BDU və ADNSU-nun THE göstəriciləri təqdim olunur:

KriteriyaBDUADNSU
Ümumi reytinq1501+1501+
Ümumi bal aralığı10.5–25.110.5–25.1
Tədris22.921.1
Tədqiqat mühiti9.17.6
Tədqiqat keyfiyyəti17.810.7
Sənaye əlaqələri19.016.2
Beynəlxalq perspektiv38.033.5

Göründüyü kimi, hər iki universitet eyni ümumi reytinq qrupunda (1501+) qərarlaşıb. Lakin göstəricilər arasında fərqlər diqqət çəkir. BDU əksər sahələrdə az da olsa, ADNSU-nu üstələyir. Bu fərqlər əsasən ali təhsil müəssisələrində akademik resurslar, tədqiqat fəaliyyəti və beynəlxalq layihələrdə iştirak imkanları ilə əlaqələndirilə bilər.

Times Higher Education reytinq sistemində əsas sıralamadan əlavə olaraq, universitetlərin sosial, iqtisadi və ətraf mühit sahəsindəki töhfələrini ölçən ayrıca bir format – “University İmpact rankings” də mövcuddur. Bu reytinq ali təhsil müəssisələrinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə fəaliyyətlərini qiymətləndirir və ənənəvi akademik göstəricilərdən fərqli olaraq, sosial təsirə əsaslanır. Bu reytinqdə Bakı Dövlət Universiteti 401–600 aralığında yer alaraq Azərbaycanın ən yüksək nəticə göstərən ali məktəbi olub; digər universitetlər – UNEC, Xəzər, ADNSU və ADPU isə əsasən 800+ aralığında qərarlaşıb.

Yekun olaraq demək olar ki, Azərbaycan universitetləri QS reytinqində nisbətən sabit və yüksələn mövqedədirlər, lakin THE reytinqində bu dinamika müşahidə olunmur. Bu fərqli nəticələr hər iki sistemin oxşar sahələri qiymətləndirməsinə baxmayaraq fərqli metodoloji yanaşmalardan istifadə etməsi ilə izah oluna bilər. Eyni zamanda, Azərbaycan universitetlərinin QS metodologiyasına daha çox uyğunlaşması və bu sistemə strateji diqqət ayırması, onların bu reytinqdə daha sabit və yüksək mövqelər tutmasına şərait yaradır.

Universitetlərimiz üçün növbəti reytinqlərdə hədəflər nə olmalıdır?

Ümumiyyətlə, akademik ədəbiyyatda universitetlərin reytinqlərinə münasibət birmənalı deyil. Bir çox tədqiqatçılar bu reytinqlərin həm müsbət, həm də mənfi cəhətlərini vurğulayırlar. Məsələn, bəzi alimlər qeyd edirlər ki, reytinqlərin mühüm hissəsi subyektiv göstəricilərə, xüsusilə də anonim sorğulara əsaslanan reputasiya indikatorlarına dayanır. QS reytinqində bu cür göstəricilər 50%-ə qədər çəkidə qiymətləndirilir və bu, bəzən qərəzlilik və qeyri-obyektivlik riski ilə əlaqələndirilir.

Digər tərəfdən, beynəlxalq reytinqlərdə yer alan universitetlər beynəlxalq tanınma, xarici tələbə və tədqiqatçıların cəlbi, eləcə də akademik əməkdaşlıqlar və maliyyə resurslarına çıxış baxımından daha əlverişli mövqedə olurlar. Bu baxımdan, reytinqlər inkişaf etməkdə olan ölkələrin universitetləri üçün beynəlxalq elmi və akademik sistemə inteqrasiyada mühüm rol oynaya bilər.

Qeyd etmək lazımdır ki, təhsildə reytinq yanaşması yalnız ali təhsilə deyil, bütün təhsil pillələrinə tətbiq olunur. Artıq 20-ci əsrin sonlarından etibarən beynəlxalq qurumlar tərəfindən PISA, PIRLS və digər qiymətləndirmə mexanizmləri vasitəsilə ölkələrin ümumi təhsil sistemləri də reytinq obyektinə çevrilib. Bu isə beynəlxalq qurumlara məlumat üzərində geniş nəzarət və təsir imkanları verir. Bu günün reallığında informasiya strateji dəyər daşıdığından, bu qurumların müxtəlif ölkələrin təhsil sistemləri haqqında topladığı dərin məlumatlar qlobal siyasət və resurs bölgüsünə də dolayı təsir göstərir.

Sualın əsas məğzinə gəldikdə isə, qeyd olunmalıdır ki, ali təhsilin məqsədi yalnız reytinqdə yüksək yer tutmaq olmamalıdır. Universitetlərin əsas hədəfi tələbələr üçün keyfiyyətli təhsilə çıxışı təmin etmək, elmi tədqiqat mühitini inkişaf etdirmək və cəmiyyətə real dəyər yaradan akademik fəaliyyət göstərmək olmalıdır. Bütün bu məqsədlər isə yalnız elmi-pedaqoji potensialın gücləndirilməsi, akademik heyətin hazırlığı, elmi infrastrukturun inkişafı, beynəlxalq əməkdaşlıqların dərinləşdirilməsi və davamlı maliyyələşmə mexanizmləri ilə mümkün ola bilər.

Reytinqlər bu baxımdan nə məqsəd, nə də nəticə deyil, onlar ali təhsildə müəyyən göstəricilərin monitorinqi üçün istifadə oluna biləcək alətlərdən biridir. Əgər universitetlər və aidiyyəti qurumlar bu reytinqləri təhsilin keyfiyyətinin artırılması üçün strateji vasitə kimi görsələr, bu yanaşma uzunmüddətli inkişaf üçün faydalı ola bilər.

Məcid BAYRAMLI,
ADPU və ADA Universitetinin müəllimi, Dövlət Proqramı təqaüdçüsü

Şərhlər

Xəbər lenti

23 iyun, 16:45

“Müasir metodist” layihəsi çərçivəsində təlimlər davam edir

23 iyun, 16:45

Təhsilin keyfiyyətinin artırılmasında metodik dəstəyin əhəmiyyəti

23 iyun, 15:45

“Ana dilini tədris etmək həm də azərbaycançılıq ideyasını aşılamaqdır” – MÜSAHİBƏ

23 iyun, 15:40

“Azərbaycan məktəbi” jurnalının 2025-ci il üçün 2-ci sayı işıq üzü görüb

23 iyun, 15:17

Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərin NƏZƏRİNƏ!

23 iyun, 15:12

Elnur Nəsibov: Qızların təhsili ilə bağlı layihələr çərçivəsində 350-yə yaxın gənc təqaüd alır

23 iyun, 15:05

Bakıda təmir olunan təhsil müəssisələrinin sayı açıqlanıb

23 iyun, 15:01

Konya Texniki Universitetinin rektoru AzMİU-da olub

23 iyun, 14:30

Geomaqnit qasırğası gözlənilir

23 iyun, 14:20

Hər bir ali məktəb təqaüd proqramı ilə bağlı təşəbbüs göstərə bilər - Nazir

23 iyun, 14:15

Gəncə UGİŞM-in yetirməsi Avropa çempionatında gümüş medal qazanıb

23 iyun, 14:05

Emin Əmrullayev: İctimai təşəbbüslər beynəlxalq reytinqlərdə yüksəlmə üçün vacibdir

23 iyun, 13:50

Nazir: Qızların təhsilinə dəstək ölkənin inkişafı üçün strateji əhəmiyyət daşıyır

23 iyun, 13:26

Bahar Muradova: “Gənc qızların təhsilinə dəstək” layihəsi yüzlərlə gənc üçün yeni imkanlar açır

23 iyun, 12:52

Xaricidə ali təhsil alan 61 nəfər peşə tanınması üzrə imtahandan uğurla keçib

23 iyun, 12:42

Sabaha olan hava proqnozu açıqlanıb

23 iyun, 12:35

Azərbaycanda elmi kadr hazırlığı artır – Qadınların payı 50%-i keçib

23 iyun, 11:42

Bakıda məktəbi fərqlənmə attestatı ilə bitirənlərin sayı açıqlanıb

23 iyun, 11:15

Rayon birinciləri, respublika uğurları: Göyçay məktəbinin uğur modeli

23 iyun, 10:50

Türkiyənin peşə ixtisası üzrə 47 dərsliyi Azərbaycan dilinə uyğunlaşdırılır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.