Bütün xəbərlər
23 iyun, 15:45

Ana dili – dil açıb söylədiyimiz ilk kəlməmiz, anamızın şirin laylası, nənələrimizin söylədiyi maraqlı nağıllar məhz bu dildədir. Ana dili yalnız ünsiyyət vasitəsi deyil, milli varlığımızın əsasıdır. Ana dili unudulan xalq yaddaşı silinmiş insana bənzəyir. Ana dilini qorumaq varlığımızın şərtidir və qloballaşan dünyada yalnız dilini qoruyanlar milli kimliyini də qoruya bilərlər.

Buna görə də uşaqlara ana dilində keyfiyyətli təhsil vermək onların həm şəxsiyyət, həm də vətəndaş kimi formalaşmasına zəmin yaradır. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) “Ana dili – Azərbaycan məktəbi” layihəsi dünya azərbaycanlılarını bir araya gətirərək Azərbaycan dilinin şöləsinin ətrafına toplaya bilib.

“Ana dili – Azərbaycan məktəbi” layihəsinin eksperti, Azərbaycan Dillər Universitetinin (ADU) dosenti Səbinə Əliyeva “Azərbaycan müəllimi”nə müsahibəsində layihə və xaricdə yaşayan soydaşlarımıza Azərbaycan dilinin tədrisi ilə bağlı ətraflı məlumat verib.

– Əvvəlcə “Ana dili – Azərbaycan məktəbi” layihəsi haqqında məlumat verməyinizi xahiş edirəm. Bu layihə hansı zərurətdən yaranıb?

– Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların sayı çoxdur və onların, demək olar ki, əksəriyyətinin bir problemi var: xaricdə anadan olan və ya Azərbaycanda anadan olub sonradan oraya köçən uşaqlar doğma dildə danışmağa çətinlik çəkirlər. Çünki onlar orada həmin ölkənin rəsmi dilində təhsil alırlar, ümumiyyətlə, Azərbaycan dilində çox az ünsiyyət qururlar. Bəzilərinin ailəsində Azərbaycan dilində müəyyən qədər ünsiyyət var, amma elə ailələr var ki, orada ana dilində ünsiyyət yoxdur. Bu uşaqlara ana dilini öyrətmək zərurəti var, çünki onların vətənə bağlılığı, ölkəmizlə əlaqəsi üçün bu, çox vacibdir. Ona görə də AGMA tərəfindən bir təşəbbüs irəli sürüldü ki, xaricdə yaşayan həmvətənlərimizə Azərbaycan dilini tədris edək. Ana dilini tədris etmək təkcə dili öyrətmək deyil, birbaşa olaraq Azərbaycan mədəniyyətini, incəsənətini, adət-ənənəsini, ədəbiyyatını, Azərbaycan təfəkkürünü, azərbaycançılıq ideyasını onlara aşılamaqdır. Çünki dərslərdə istifadə etdiyimiz materiallar birbaşa ölkəmizlə bağlı materiallardır. İstəyimiz budur ki, həmin uşaqlara Azərbaycan haqqında dolğun məlumat ötürək. 

– Bu layihəyə maraq necədir? Daha çox hansı ölkələrdən müraciət edirlər?

– Layihəyə maraq çox böyükdür. Gənclərə onlayn formatda ana dilinin tədris olunacağı elanı veriləndə maraq həddindən çox oldu, hətta gözlədiyimizdən də artıq müraciət edildi. Dünyanın müxtəlif ölkələrindən, fərqli saat qurşağından, məsələn, ABŞ, Kanada, Argentina, Peru, Orta Asiya və Avropa ölkələrindən müraciətlər gəlir. 

– Bu qədər fərqli qurşaqlardan olan uşaqları necə qruplaşdıra bilirsiniz? 

– Əslində, bu layihəyə başlayanda ilk işimiz müraciətçiləri yaş kateqoriyasına görə fərqləndirmək oldu. Uşaqlar müxtəlif yaş kateqoriyasında olduğundan onların hamısını eyni qruplarda birləşdirmək qeyri-mümkündür. Onların dünyagörüşü, öyrənməli olduğu sözlər, ifadələr fərqlənir. Onları yaş kateqoriyası üzrə qruplaşdırdıqdan sonra dil bacarıqlarını müəyyənləşdirdik. Qeyd etdiyim kimi, elə uşaqlar var ki, sıfırdan başlayırlar, bəzilərinin isə müəyyən bazası var. Sıfırdan başlayan uşaqlar rus, ingilis, fransızdilli və s. olduğu üçün bu nüansları da nəzərə almalıyıq. 
Ən çətini isə saat üzrə qruplaşdırmaqdır. Bir-birinə yaxın zonalardan olan uşaqları birləşdirə bilirik, amma bu alınmayanda müəllimlərimiz müxtəlif zonalardan qatılan uşaqlar üçün hətta Bakı saatı ilə gecə vaxtı da dərs keçirlər.

Bu layihənin digər bir üstünlüyü odur ki, dünyanın müxtəlif ölkələrindən olan azərbaycanlı uşaqlarımızın arasında əlaqə, dostluq münasibətləri yaranır. Xaricdə yaşayanlar üçün ana dili sadəcə ünsiyyət vasitəsi deyil, birləşdirici gücdür. 
Bu, ana dili məktəbidir, amma dil ilə yanaşı, burada kompleks şəkildə uşaqlarımızı yetişdirməyə çalışırıq, onlara tariximiz, ədəbiyyatımız haqqında məlumatlar da veririk.

– Ümumiyyətlə, prosesdə nə kimi çətinliklərlə qarşılaşırsınız? 

– Mən deyərdim ki, çətinlik, demək olar ki, yoxdur. Məsələ ondadır ki, bizim komandamız bu işə çox həvəsli yanaşır və onların arasında əməkdaşlıq güclüdür. Bir-birimizlə daim əlaqədəyik. Texniki problem ortaya çıxanda da dərhal aradan qaldırılır. 
Məlum olduğu kimi, dil öyrətmə dörd əsas bacarığın – oxuma, yazma, dinləmə və danışmanın üzərində qurulub. Dərslərdə bu bacarıqların hər birinə diqqət yetirilir. Bir semestr ərzində 24 saat dərs keçilir və dərslər yekunlaşdıqdan sonra şagirdlərimizin biliyini yoxlayır, imtahan edirik. Çünki həm biz, həm də şagirdlər və onların valideynləri işimizin nəticəsini, dərslərimizin keyfiyyətini bilməlidirlər. İmtahanlar onlayn şəkildə, müxtəlif formatlarda keçirilir və onlara sertifikatlar təqdim edilir.

– Bu sertifikatların beynəlxalq statusu var?

– İELTS tipli sertifikatlar sonrakı mərhələnin işidir. Layihə çərçivəsində təhsil alan şagirdlərimizin bu tipli beynəlxalq sertifikat almaları üçün hələ zamana ehtiyac var. Lakin kimsə Azərbaycan dili üzrə bacarıqlarını yoxlamaq və sertifikat almaq istəyirsə, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan Azərbaycan dili üzrə sertifikasiya imtahanında iştirak edə bilər.

“Xaricdə yaşayan uşaqlar gündə bir neçə dəqiqə də olsa, ana dilində material dinləməlidirlər”

– Bəzən xaricdə yaşayan və ya ailədə iki dildə danışan valideynlər düşünürlər ki, uşaq əvvəlcə yaşadığı ölkənin dilini öyrənməlidir. Bəs ana dilini öyrənmək prosesi necə olmalıdır? Valideynlər bu zaman hansı nüansları nəzərə almalıdırlar? 

– Ana dili paralel şəkildə öyrənilməlidir. Başa düşürük ki, onlar xaricdə yaşayırlar, bağçada, məktəbdə onlara yaşadıqları ölkənin dili lazımdır. Amma ən azından kiçik yaşlardan uşaqlar ana dilində eşitməli, müəyyən ifadələri başa düşməlidirlər. Uşaq gündəlik ünsiyyət səviyyəsində ana dilində danışmağı bacarmalıdır. Bəzən düşünürlər ki, azyaşlıların iki dili eyni anda öyrənməsi onun üçün problem yaradır, amma bu, belə deyil. Çünki beyinlərində hələ çox informasiya olmadığından uşaqlar eşitdiklərini təkrarlamağa meyillidirlər. Ona görə də ən azından ana dilində eşitməli, gündə bir neçə dəqiqə də olsa, ana dilində material dinləməlidirlər.

– Siz həm də filoloq-dilşünassınız. Sizcə, gənc nəsildə dilə qarşı həssaslığı, qayğını necə artırmaq olar? Valideynlər, müəllimlər və ya dövlət nə edə bilər?

– Düşünürəm ki, dövlət artıq kifayət qədər iş görüb. Mövcud problemlər bir insanın, tək bir şəxsin fərdi məsuliyyətsizliyindən irəli gəlir. Bəzi insanlar lüğət tərkibinə daxil olmayan sözlərdən istifadə edəndə düşünürlər ki, burada problem yoxdur. Amma bu, düzgün deyil, məsuliyyətsizlikdir. Bu sözləri artıq bir neçə dəfə eşidəndən sonra insanlarda alışqanlıq yaranır. 
Digər tərəfdən, burada telekanallarımız da müəyyən qədər mənfi rol oynayır. Bəzi aparıcılarımız nitqlərində bir neçə dildən alınmış sözlərdən istifadə edirlər. Bu da həmin sözləri böyük bir auditoriyaya təlqin etmək deməkdir. Sosial şəbəkələrdə də həmin ifadələrdən istifadə getdikcə vərdişə çevrilir. Dili belə məhv etmək olmaz. Dilçilərimiz də bu sahədə fəal iş aparırlar, lakin hər zaman nəticə olmur. 
Gənclərimiz bəzən dilimizə uyğun olmayan səslərdən, dilə yad olan cümlə quruluşundan istifadə edirlər. Müəllim kimi auditoriyada düzgün nitq nümayiş etdirə, tələbələrimizə düzgün formanı öyrədə bilərik. Lakin öyrənmək artıq onların məsuliyyətindədir. Müəllimin nitqi düzgün olmalıdır ki, tələbələr də, bəlkə, bundan fayda götürə bilərlər.

“İnternetdə Azərbaycan dilində materialların tapılmasında çətinliklər var”

– Gələcəkdə Azərbaycan dilinin beynəlxalq müstəvidə rolunun artması, ana dilində müxtəlif internet resurslarına əlçatanlığın yüksəldilməsi istiqamətdə hansı işlər görülə bilər? 

– Son zamanlar xüsusilə Azərbaycan Dillər Universitetinin (ADU) təşəbbüsü ilə dünyanın bir çox ölkələrində Azərbaycan Dili və Mədəniyyəti mərkəzləri fəaliyyətə başlayıb. Orada Azərbaycan dili tədris olunur, artıq xarici tələbələr arasında dilimizə böyük maraq var. Dilimizin beynəlxalq müstəvidə nüfuzunun artırılması istiqamətində çoxlu işlər görülür. 
“Wikipedia” platformasında da anadilli məlumatların paylaşılması üçün tələbələrimizlə birgə təşəbbüslər irəli sürmüşük, oradakı materialları tərcümə edib düzgün formaya salmaq üçün çalışırıq. Bu təşəbbüs tək “Wikipedia” ilə məhdudlaşmır. Hər hansı bir mövzu ilə bağlı internetdə axtarış ediləndə Azərbaycan dilində materialların tapılmasında müəyyən çətinliklər var. Bu istiqamətdə də işlərin görülməsi zəruridir. 

– Son olaraq, dilimizin saflığının qorunması üçün gənclərə, müəllimlərə nə tövsiyə edərsiniz?

– Mən hər kəsə Azərbaycan dilinə məsuliyyətlə yanaşmağı tövsiyə edirəm. Azərbaycan dili bizim üçün çox vacibdir, müqəddəsdir. Bu, bizim milli kimliyimizi təmin edən vasitələrdən biridir. Azərbaycan dilində yazanda və danışanda məsuliyyətli olmaq lazımdır. 
Ana dilində səlis danışan şəxslərin nitqlərinə qulaq asıb öyrənmək lazımdır. Kifayət qədər səlis və aydın danışan insanlar var. Həmçinin bədii əsərlər oxumaq da dünyagörüşünün formalaşması ilə yanaşı, nitqin formalaşmasına da kömək edir. Təbii ki, bununla da məhdudlaşmaq olmaz. Bədii əsərlərlə birlikdə elmi əsərlər də oxumaq lazımdır, bu, mütləqdir. Akademik səviyyədə bir yazı hazırlayarkən yüksək səviyyədə dil biliyi tələb olunur. Buna görə də akademik materialların dilinə xüsusi diqqət yetirmək lazımdır.

Şərhlər

Xəbər lenti

23 iyun, 17:43

TKTA BDU-da “Keyfiyyətə doğru addım: Akkreditasiya prosesinə hazırlıq” adlı seminar keçirir

23 iyun, 17:29

Jurnalistikanın qabiliyyət imtahanlarına qeydiyyatdan keçənlərin NƏZƏRİNƏ!

23 iyun, 17:19

“Gənc qızların təhsilinə dəstək” layihəsinin iştirakçılarının “Məzun günü” keçirilib

23 iyun, 16:54

“Sən bacararsan!” – Kiçik cümlənin yaratdığı böyük dəyişiklik

23 iyun, 16:45

“Müasir metodist” layihəsi çərçivəsində təlimlər davam edir

23 iyun, 16:45

Təhsilin keyfiyyətinin artırılmasında metodik dəstəyin əhəmiyyəti

23 iyun, 15:40

“Azərbaycan məktəbi” jurnalının 2025-ci il üçün 2-ci sayı işıq üzü görüb

23 iyun, 15:17

Rezidenturaya qəbul imtahanında iştirak edəcək namizədlərin NƏZƏRİNƏ!

23 iyun, 15:12

Elnur Nəsibov: Qızların təhsili ilə bağlı layihələr çərçivəsində 350-yə yaxın gənc təqaüd alır

23 iyun, 15:05

Bakıda təmir olunan təhsil müəssisələrinin sayı açıqlanıb

23 iyun, 15:01

Konya Texniki Universitetinin rektoru AzMİU-da olub

23 iyun, 14:30

Geomaqnit qasırğası gözlənilir

23 iyun, 14:20

Hər bir ali məktəb təqaüd proqramı ilə bağlı təşəbbüs göstərə bilər - Nazir

23 iyun, 14:15

Gəncə UGİŞM-in yetirməsi Avropa çempionatında gümüş medal qazanıb

23 iyun, 14:05

Emin Əmrullayev: İctimai təşəbbüslər beynəlxalq reytinqlərdə yüksəlmə üçün vacibdir

23 iyun, 13:50

Nazir: Qızların təhsilinə dəstək ölkənin inkişafı üçün strateji əhəmiyyət daşıyır

23 iyun, 13:26

Bahar Muradova: “Gənc qızların təhsilinə dəstək” layihəsi yüzlərlə gənc üçün yeni imkanlar açır

23 iyun, 12:52

Xaricidə ali təhsil alan 61 nəfər peşə tanınması üzrə imtahandan uğurla keçib

23 iyun, 12:42

Sabaha olan hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.