.png)
Küveyt bu həftə dünyada milyonlarla uşağın oynadığı məşhur onlayn oyun platforması “Roblox”u rəsmi şəkildə qadağan edib. Rabitə və İnformasiya Texnologiyaları Tənzimləmə Təşkilatı valideynlərin çoxsaylı şikayətlərinə və digər qurumların xəbərdarlıqlarına əsaslanaraq qərarın uşaqları zorakılıq, qeyri-etik davranış və təhlükəli sosial təcrübələrdən qorumaq məqsədi daşıdığını bildirib.
Bununla “Roblox”un bloklandığı ölkələrin siyahısına Türkiyə, Oman, Qətər və Çinlə yanaşı, Küveyt də qoşulub. Hökumətlər əsas səbəb kimi uyğun olmayan məzmunu və uşaqlar üçün təhlükə risklərini göstərirlər.
Platforma həmçinin ABŞ-də də təzyiq altındadır. Luiziana ştatında açılmış məhkəmə iddiasında “Roblox” uşaqları təhlükəli məzmun və risklərindən qoruya bilməməkdə ittiham olunur. Bundan əlavə, 2025-ci il sentyabrın 1-də “Roblox”un bağlanacağı barədə yayılan şayiələr də milyonlarla istifadəçi arasında çaşqınlıq yaradıb, lakin şirkət bu məlumatı təkzib edib.
2006-cı ildə istifadəyə verilən “Roblox” təkcə oyun deyil, istifadəçilərin yaratdığı minlərlə fərqli “təcrübə” və minioyundan ibarət platformadır. Burada istifadəçilər avatarlarını fərdiləşdirə, öz dünyalarını qura, digərlərinin hazırladığı oyunlara qoşula bilirlər.
Şirkətin açıqlamasına görə, hazırda 85 milyondan çox gündəlik aktiv istifadəçi platformadan istifadə edir. Onların təxminən 40 faizini 13 yaşdan aşağı uşaqlar təşkil edir. Bu isə “Roblox”u azyaşlılar üçün dünyanın ən geniş istifadəçi bazasına malik onlayn mühitlərindən birinə çevirir. İrlandiyada aparılan araşdırmalara görə, 8–12 yaş arası uşaqlar arasında ən populyar platforma məhz “Roblox”dur. Məktəblilərin 40 faizi burada aktiv oyunçudur.
Platforma illərdir ki, müxtəlif ölkələrdə ictimaiyyətin və medianın diqqətindədir. ABŞ, Böyük Britaniya və digər ölkələrdə aparılan araşdırmalarda “Roblox”un uşaq təhlükəsizliyi ilə bağlı ciddi çatışmazlıqları göstərilib.

Aparılan araşdırmalarda platformada uyğunsuz məzmunun, zorakılıq səhnələrinin, həmçinin uşaqları hədəf alan faktorların mövcudluğu dəfələrlə işıqlandırılıb. 2023-cü ildə ABŞ-də bir şəxs azyaşlı qızla tanış olmaq və onu başqa ştatda görüşə cəlb etmək məqsədilə “Roblox”dan istifadə etdiyinə görə 15 il həbs cəzası alıb.
“Roblox”un əsas problemlərindən biri uyğun olmayan məzmundur. Araşdırmalar göstərir ki, 8–12 yaşlı uşaqlar üçün ən çox qorxulu və uyğunsuz məzmun məhz burada qarşıya çıxır. “Brookhaven RP” kimi populyar rol oyunlarında uşaqlar bəzən uyğunsuz hərəkətlərə və söhbətlərə şahid olurlar.
Bundan başqa, platformanın öz daxili iqtisadiyyatı da risk daşıyır. Uşaqlar arasında populyar “Robux” valyutası həm oyun içində, həm də kənar saytlar vasitəsilə fırıldaqçıların hədəfinə çevrilir. Saxta “pulsuz Robux” kampaniyaları uşaqları şəxsi məlumatlarını paylaşmağa və ya zərərli linklərə daxil olmağa sövq edir.
Lakin şirkət ittihamları qəti şəkildə rədd edir və platformada təhlükəsizlik üçün avtomatik filtrlər və əlavə məxfilik parametrlərinin tətbiq olunduğunu vurğulayır. Bildirilir ki, platformada foto və video paylaşmaq qadağandır, URL-lər məhdudlaşdırılır, 13 yaşdan kiçik istifadəçilər üçün əlavə məxfilik parametrləri tətbiq olunur.
Bununla yanaşı, şirkət bəyan edir ki, hər hansı təhlükəsizlik insidentinin qarşısını almaq üçün daim yeni texnologiyalar tətbiq edilir.
Ekspertlər isə bildirirlər ki, “Roblox”un “uşaq dostu” vizual görünüşü valideynləri çaşdırmamalıdır. Mütəxəssislər uşaqların “Roblox”dan istifadəsinin yalnız valideyn nəzarəti altında təhlükəsiz ola biləcəyini vurğulayır. Onların fikrincə, valideynlər hesabı özləri yaratmalı, məxfilik parametrlərini tənzimləməli, həmçinin övladlarının yalnız real dostları ilə əlaqə saxlamasını təmin etməlidirlər. Eyni zamanda onlar vaxt limitləri qoymalı və xərcləri nəzarətdə saxlamalı, oyunu uşağın tək başına deyil, ailə üzvlərinin yanında oynamasına şərait yaratmalıdırlar.
“Roblox” yaradıcılıq imkanları, sosial qarşılıqlı əlaqə və əyləncə baxımından uşaqlar üçün cazibədar platformadır. Amma fırıldaqçılar və uyğunsuz məzmun kimi risklər də kifayət qədər realdır. Küveytdə verilən qadağa bu risklərin beynəlxalq səviyyədə nə qədər ciddi qəbul olunduğunu göstərir.
Mütəxəssislərin yekdil qənaəti budur ki, “Roblox” tamamilə qadağan edilməli deyil, amma valideynlər övladlarının fəaliyyətini yaxından izləməli, onlara onlayn təhlükəsizlik vərdişləri aşılamağa davam etməlidirlər. Yalnız bu halda platformadan daha təhlükəsiz şəkildə istifadə mümkündür.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər