Dövlətimiz tərəfindən gənc nəslin təlim-tərbiyəsinə göstərilən qayğı təkcə orta təhsil ilə məhdudlaşmır, məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti üçün də nümunəvi şəraitin yaradılmasına diqqət artırılır. Məktəbdənkənar təhsil sahəsində mövcud vəziyyətin öyrənilməsi, daha çox uşaq və gəncin bu sahəyə cəlbini təmin etmək məqsədilə bu müəssisələrin fəaliyyətini işıqlandırmağa davam edirik. Dövrümüzdə uşaqların dərnəklərə nə dərəcədə həvəsli olması, hansı istiqamətlərə üstünlük verməsi, nə kimi çətinliklərin yaşanması maraq doğuran məqamlardandır.
“Azərbaycan müəllimi” bu dəfə Quba-Xaçmaz regionunda fəaliyyət göstərən məktəbdənkənar müəssisələrlə bağlı ümumi vəziyyətlə tanış olub.
“İstərdik ki, STEAM mərkəzləri məktəbdənkənar təhsil müəssisələrinin nəzdində olsun”
İlk müsahibimiz Quba rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Ramin Məmmədov mövzu ilə bağlı bildirir: “Bizim mərkəz 2017-ci ildən Təhsil Nazirliyinin məktəbdənkənar təhsil müəssisələrinin şəbəkəsinin rasionallaşdırılması ilə bağlı müvafiq əmri əsasında Quba rayon Uşaq Yaradıcılıq, Texniki Yaradıcılıq və Ekoloji Təcrübəçilik mərkəzlərinin bazasında yaradılıb. Arxiv sənədlərinə görə, qurum 1956-cı ildən fəaliyyət göstərir. Hazırda Quba rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində 56 qrupda 26 dərnək rəhbəri şagirdlərin məktəbdənkənar fəaliyyətinin təşkilində iştirak edir. Bu müəllimlərin əksəriyyəti ali pedaqoji təhsillidir. Mərkəzimiz mütəmadi olaraq müxtəlif müsabiqə və festivallarda iştirak edir. Bu istiqamətdə müəyyən nailiyyətlərimiz də mövcuddur. Mərkəzimiz tərəfindən artıq ənənəvi olaraq təşkil edilən “Dostluq körpüsü”, “Alovlu Qafqaz” adlı beynəlxalq festivallarda hər il dünyanın bir çox ölkəsindən yüzlərlə şagird iştirak edir”.
Müəssisə rəhbərinin sözlərinə görə, Quba rayonunda yaradıcılıq və idman profili üzrə iki məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir: “Əvvəlki illərin statistik nəticələrinə əsasən deyə bilərik ki, hazırda həm valideyn, həm də şagirdlərin məktəbdənkənar təhsilə marağı xeyli artıb. Əsasən, rəqəmsal və texniki, ekoloji, yaradıcılıq (rəsm, dizayn, əl işləri, bədii tikmə, rəqs, toxuculuq), inkişaf (danışıq klubları) istiqamətləri üzrə şagirdlərin müraciəti daha çoxdur. Bir nüansı qeyd edə bilərik ki, maddi imkana görə repetitor yanına gedə bilməyən şagirdlər bizim müsəssisəni seçirlər. Çünki burada ödəniş tələb olunmur”.
R.Məmmədov vurğulayır ki, məktəbdən sonra mərkəzin informatika və ingilis dili üzrə danışıq klubu dərnəklərinə üz tutan əksər şagirdlərin praktik bilikləri çox aşağıdır: “Şagirdlərin mərkəzimizə marağı olduqca yüksəkdir, çünki burada şagirdlərə sərbəstlik verilir. Məktəbdə keçirilən tədbir və müsabiqələrdə iştirak etməyən şagirdin xüsusi qabiliyyətini bizim mərkəzlər üzə çıxarır və bəzən məktəb buna təəcüblənir. Unutmayaq ki, hər bir şagirdin müəyyən bir istiqamət üzrə bacarığı var və bu potensialı üzrə çıxarmaq məhz bizim mərkəzlərin işidir. Bir məqamı da qeyd edim - çox istərdik ki, STEAM mərkəzləri məhz məktəbdənkənar təhsil müəssisələrinin nəzdində olsun”.
Şagirdlərin repetitor yanına getməsinin məktəbdənkənar müəssisələrdə uşaq sayına necə təsir göstərdiyinə gəldikdə direktor deyir ki, onlar bunun mənfi nəticələrini öz fəaliyyətlərində hiss edirlər: “Əlbəttə ki, bu, bizim işimizə çox mənfi təsir edir. Şagird bu müəssisələrə dərsdən sonra müraciət edir. Şagird dərsdən sonrakı müddətdə repetitor yanına getməlidirsə, artıq onun vaxt məhdudiyyəti olacaq. Bunun çıxış yolu məktəbdənkənar təshil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsidir. Əgər mərkəzdə yüksək şərait yaranarsa, heç bir valideyn müəyyən vəsaitindən keçərək hansısa bir özəl hazırlıq mərkəzinə üz tutmayacaq. Bizim mərkəzlərdə olduqca yüksək bilik və bacarığa malik pedaqoji heyət mövcuddur”.
“Mərkəzimizə gələnlər repetitor yanına getməyə deyil, sevdikləri işlə məşğul olmağa üstünlük verən yaradıcı uşaqlardır”
Qusar rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firəngiz Niftəliyeva “Azərbaycan müəllimi”nə bildirir ki, 1967-ci ildə “Pionerlər evi” kimi yaradılan müəssisənin adı 3 dəfə dəyişdirilib və 2017-ci ildən hazırkı adını daşıyır. Mərkəzin 33 dərnək rəhbəri, 475 dərnək üzvü var: “Qusar rayonunda iki məktəbdənkənar müəssisə mövcuddur. Bunlar Uşaq-Gənclər İnkişaf Mərkəzi və Uşaq-gənclər idman-şahmat məktəbidir. Çalışdığım müəssisənin binası Qusar rayon 1 nömrəli tam orta məktəbin ərazisində yerləşir. Mərkəzimizdə uşaqları daha çox yaradıcılıq istiqamətləri cəlb edir. Xüsusilə “Toxuma”, “Xalçaçılıq”, “Bacarıqlı əllər” dərnəklərinə maraq böyükdür. Ümumiyyətlə, mərkəzimizdə istiqamətlər uşaqların marağına görə müəyyən edilir. Rəsm çəkmək və müxtəlif əl işləri hazırlamaq da uşaqların çox sevdiyi məşğuliyyətdir. Qızları ən çox cəlb edən muncuqla əl işlərinin hazırlanmasıdır. Əlbəttə, şagirdlərin maraqları eyni deyil, hərənin öz seçdiyi istiqamət var. Müəssisəmizin üstünlüyü odur ki, biz istedadlı uşaqları araşdırıb mərkəzə cəlb edirik, onları maraqlarına görə istiqamətləndiririk. Mərkəzimizə gələn şagirdlər repetitor yanına getməyə deyil, məhz sevdikləri işlə məşğul olmağa üstünlük verən yaradıcı, incəsənət yönümlü uşaqlardır”.
“Problemimiz dərnəklərdə lazımi invertarların olmaması, ixtisaslı kadrların azlığıdır”
Şabran rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru İnci Fərzəliyevadan aldığımız məlumata əsasən, rəhbərlik etdiyi müəssisənin binası 1949-cu ildə dəmiryolçular tərəfindən inşa olunub. 1950-ci ildə bina "Pionerlər evi"nə hədiyyə edilib. 2017-ci ildə rasionallaşma ilə əlaqədar olaraq rayonda fəaliyyət göstərən 3 məktəbdənkənar müəssisə birləşərək Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradılıb.
Müəssisə direktoru hazırda Uşaq-Gənclər İnkişaf Mərkəzi və Uşaq-gənclər idman-şahmat məktəbi olmaqla Şabran rayonunda 2 məktəbdənkənar müəssisənin fəaliyyət göstərdiyini söyləyir: “Mərkəzimizdə 30 pedaqoji, 5 texniki işçi çalışır. 7 istiqamət üzrə (“Musiqi”, “Ekologiya”, “Təsviri sənət və dizayn”, “Dekorativ tətbiqi sənət”, “Bədii yaradıcılıq”, “Fiziki tərbiyə və sağlam həyat tərzi”, “Dünyagörüşü və intellektual inkişaf”) 32 qrup fəaliyyət göstərir. Bu qruplarda 480 nəfər şagird iştirak edir. Binamız qəzalı vəziyyətdə olduğu üçün dərnəklər məktəblərdə fəaliyyət göstərir. Lakin şagirdlərin istəyini nəzərə alaraq mərkəzin binasında yaz, yay aylarında maraqlı, əyləncəli tədbirlər, müsabiqələr təşkil olunur. Çünki şagirdlər məktəbdən çox mərkəzə gəlməyə həvəslidirlər. Şagirdlər ən çox “Ekologiya”, “Bacarıqlı əllər”, “Rəsm” və “Kompüter” dərnəklərinə maraq göstərirlər. Buna görə biz bu istiqamətdə daha çox tədbir və müsabiqələr təşkil edirik. Repetitor yanına getdiyinə görə dərnəklərə gedənlər arasında yuxarı sinif şagirdlərinin sayı az olur. Aşağı sinif şagirdlərinin sayı isə çoxluq təşkil edir.
Lakin biz yenə də cədvəlləri onların istəyinə uyğun təyin edirik. Uşaq-Gənclər İnkişaf Mərkəzinin işi uşaqların asudə vaxtının səmərəli keçirilməsini təmin etməkdir. Bunun üçün kollektiv olaraq əzmlə çalışır, işimizi sevərək yerinə yetiririk. Sadəcə, bizim problemimiz dərnəklərin məktəblərdə təşkil olunması, lazımi invertarların olmaması, ixtisaslı kadrların azlığıdır”.
“Müəllimlərimizin böyük əməyi nəticəsində yüzlərlə uşağın istedadının üzə çıxmasında iştirak etmişik”
Xaçmaz rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi haqqında məlumat verən direktor əvəzi Ramilə Əliyeva qeyd edir: “Xaçmaz rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi 1958-ci ildən “Pionerlər evi” kimi istifadəyə verilib. 1992-ci ildən Uşaq Yaradıcılıq, 2017-ci ildən isə Xaçmaz rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi olaraq müəllimlərimizin böyük əməyi nəticəsində yüzlərlə uşağın istedadının üzə çıxmasında iştirak etmişik”.
R.Əliyeva bildirir ki, hazırda müəssisədə 35 pedaqoji işçi çalışır. Ümumilikdə mərkəzdə fəaliyyət göstərən 64 qrupa 930 dərnək üzvü cəlb olunub. Burada “Bədii qiraət”, “Məktəb teatrı”, “Əyləncəli riyaziyyat”, “Bacarıqlı əllər”, “Rəsm”, “Dekorativ tətbiqi sənət”, “Rəqs”, “Ekoklub”, “Dərzilik”, “Xalçaçılıq” kimi 19 istiqamət üzrə formalaşmış dərnəklər mövcuddur.
“Öz binamız olmadığı üçün dərnəklərimiz rayon məktəblərində fəaliyyət göstərir. Son illərdə şagirdlərin repetitor yanına getməsi bizim dərnəklərə mənfi təsir göstərir, istər-istəməz dərnəklərin davamiyyətini aşağı salır”, - direktor əvəzi deyir.
“Yaradıcılıq, intellekt və texniki bacarıq tələb edən istiqamətlərə uşaq axını müşahidə edilir”
“Azərbaycan müəllimi”nin suallarını cavablandıran Siyəzən rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Şəms Hüseynova qeyd edir ki, rayonda bir məktəbdənkənar təhsil müəssisəsi var. Rəhbərlik etdiyi bu mərkəz 1992-ci ildən Uşaq Yaradıcılıq Mərkəzi, 2017-ci ildən isə hazırkı adı ilə fəaliyyət göstərir. Mərkəzdə 7 nəfərlik pedaqoji heyət var, 13 qrupun fəaliyyətinə 195 dərnək üzvü cəlb olunub. Direktorun sözlərinə görə, Siyəzən rayonunda məktəbdənkənar təhsilə maraq böyükdür. Xüsusilə yaradıcılıq, intellekt və texniki bacarıq tələb edən istiqamətlərə uşaq axını müşahidə edilir.
Ş.Hüseynova bildirir ki, repetitorluğun məktəbdənkənar məşğələlərin fəaliyyətinə təsiri olur: “İmkan daxilində çalışırıq ki, repetitorluğun fəaliyyətimizə mənfi təsirini aradan qaldıraq. Mərkəzimizdə uşaqlar rəqsə xüsusi maraq göstərir və bu istiqamət üzrə müraciət edən uşaqların sayı çoxdur. İstərdik ki, gələcəkdə yeni rəqs dərnəkləri açaq. İxtisaslı kadrların çatışmazlığı səbəbindən bu il rəqs dərnəyi aça bilmədik”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)