
“Ali təhsil müəssisəsinə qəbul ola bilməyən vətəndaşlara kimlərsə hansısa vədlər verir və həmin vəd əsasında onlar 4 il oxuyurlar, yalnız sonda məlum olur ki, aldıqları diplom tanınmır. Xüsusilə də sistemin rəqəmsallaşması və məlumatların rəqəmsal formaya çevrilməsi bu halların daha aydın görünməsinə səbəb olur".
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov Təhsil TV-nin “Təhsildəyik” verilişində deyib.
Rəqəmsallaşma dövründə saxta diplom və tanınma halları ilə bağlı müxtəlif məqamlara toxunan sədr bildirib ki, bəzi vətəndaşlar ali təhsil müəssisələrinə qəbul ola bilməyəndə müxtəlif vasitəçilərin “dəstək vədi”nə aldanır və sonda saxta diplomlar alırlar: "Bu hallar, əsasən, özünü “təhsil şirkəti” kimi təqdim edən vasitəçilərin və ya digər tanışlarının fəaliyyətindən qaynaqlanır. Xüsusilə də sistemin rəqəmsallaşması və məlumatların rəqəmsal formaya çevrilməsi bu halların daha aydın görünməsinə səbəb olur. Artıq kvalifikasiyaların yoxlanması üçün xüsusi onlayn baza yaradılıb və işəgötürənlər bu sistemdən rahat şəkildə istifadə edə bilirlər".
Tural Əhmədov əlavə edib ki, bəzi hallarda problemin kökündə vətəndaşların məlumatsızlığı dayanır, buna görə də agentlik maarifləndirmə işlərini gücləndirib.
O həmçinin bir sıra ölkələrdə akkreditasiyasız ali təhsil müəssisələrinin fəaliyyət göstərdiyini, bu səbəbdən vətəndaşların qərar verməzdən öncə diqqətli olmalarının vacibliyini vurğulayıb: "Məsələn, Gürcüstanda Ukrayna ali təhsil müəssisələrinin filialları adı altında, yanılmıramsa, 6 müəssisə fəaliyyət göstərir. Bu müəssisələrin nə lisenziyası, nə də akkreditasiyası var. Təəssüf ki, vətəndaşlarımız orada təhsil alıblar. Biz bu məsələni Gürcüstanın aidiyyəti şəxsləri ilə də müzakirə etdik və çox maraqlı cavablar aldıq. Soruşuruq ki, sizin vətəndaşlarınız orada təhsil alırmı? Almır. Həmin müəssisələrin lisenziyası varmı? Yoxdur. Akreditasiyası varmı? Təbii ki, yoxdur. Əgər altı müəssisə bir ölkədə fəaliyyət göstərirsə və tədbir görülmürsə, deməli, burada düşünməyə dəyər”.
Sədrin sözlərinə görə, belə fəaliyyətlər inkişaf etmiş ölkələrdə də müşahidə olunur: “İspaniya, ABŞ, İsveçrədə fəaliyyət göstərən bəzi müəssisələrin, həmçinin Böyük Britaniya və Avstraliya universitetlərinin Birləşmiş Ərəb Əmirliklərindəki bəzi filiallarının da müvafiq qaydada akkreditasiyası yoxdur. Biz vətəndaşların maarifləndirilməsinin zəruriliyini gördük və siyahını məhz buna görə ictimailəşdirdik”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər