
"Azərbaycanda bütün universitetlərin diplomu xaricdə tanınır, amma burada önəmli bir nüans var. Bəzi ölkələrdə tibb, mühəndislik və ya digər praktik sahələrdə xüsusi tələblər ola bilər ki, o zaman həmin ölkələrin qanunvericiliyi bu diplom sahiblərindən müvafiq imtahan verməyi tələb edir".
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov Təhsil TV-də yayımlanan "Təhsildəyik" verilişində məlumat verib.
O, Azərbaycanda hansı hallarda xaricdə alınan diplomların tanınmamasından da bəhs edib: "Tələbə hər hansı bir ali təhsil müəssisəsində əldə etdiyi kvalifikasiyanı təqdim edirsə, həmin müəssisənin həmin ölkədə yerli səlahiyyətli qurum tərəfindən verilmiş lisenziyasının və akkreditasiyasının olması ilkin şərtdir. Bu şərt ödənilmədiyi təqdirdə ekspertiza imtina ilə nəticələnir.
Kvalifikasiyanın əhatə etdiyi ixtisas üzrə dərs saatlarını və eyni zamanda kredit öhdəliklərini yerinə yetirmək üçün fiziki olaraq həmin ölkənin ərazisində olmamaq və ya yetərli müddət orada qalmamaq imtina səbəbidir. Qaydalarda açıq şəkildə qeyd olunur ki, səhiyyə və tibb ixtisasları istisna olmaqla, digər bütün ixtisaslarda tədris müddətinin minimum yarısında ənənəvi (əyani) təhsil formasında iştirak zəruridir.
Bu tələbin qoyulma səbəbi ondan ibarətdir ki, bir çox hallarda vətəndaş fiziki olaraq bir gün belə həmin ölkədə olmayıb, dilini bilmir, tədris dilində özünü ifadə edə bilmir, transkriptində götürdüyü fənlərin adını belə deyə bilmir. Lakin əlində diplom var, universitet ona diplom verib. Doğrudur, diplom saxta deyil, amma eyni zamanda “saxtadır”, çünki onun dəyəri yoxdur. Yəni o şəxs heç bir səriştə, bilik və bacarıq qazanmayıb, nəticə etibarilə onun əmək bazarında bir dəyəri yoxdur. Bu, formal bir sənəddir".
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər