
"Azərbaycan müəllimi" qəzeti, 15 may 1947-ci il, №19
Şagirdlərin biliyinə düzgün qiymət vermək ən mühüm pedaqoji məsələlərdən biridir. Xüsusilə qarşıdakı imtahanlarda məktəblilərin biliyinin düzgün qiymətləndirilməsi vacib bir işdir. Məlum olduğu kimi, biliyə düzgün qiymət vermək hər bir şagirdin, müəllimin və bütünlükdə məktəbin həm həqiqi müvəffəqiyyətlərini və həm də nöqsanlarını üzə çıxarır, məktəb proqramının necə yerinə yetirilməsini aydınlaşdırır, müəllim və şagirdləri təlim işlərinin keyfiyyətini yüksəltmək uğrunda ciddi və inadla çalışmağa sövq edir. Bu sahədə məktəblərimizin bəzi müvəffəqiyyətlərini qeyd etməmək olmaz. O cümlədən yazı işlərinin qiymətləndirilməsi üçün tətbiq edilən ümumi qiymət normalarının az-çox nizama düşməsi təqdirəlayiqdir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, hələ indiyə qədər məktəb fənlərinin hamısı üçün ümumi qiymət normaları düzəlməmişdir. Nəticədə təcrübəsiz müəllimlər proqramın tələbinə görə deyil, subyektiv mülahizələr, şəxsi rəylərinə əsaslanaraq və şagirdləri bir-biri ilə müqayisə etməklə məktəblilərin biliyinə qiymət verirlər. Bəzi məktəblərdə müşahidə edilən ən pis və zərərli təcrübə ondan ibarətdir ki, müvəffəqiyyət faizini çox göstərmək məqsədilə biliyə qiymət verərkən liberalizmə yol verilir, şagirdlərin biliyinə verilən qiymət süni olaraq artırılır və beləliklə, məktəbin, müəllimin, şagirdin tədris ili ərzində buraxmış olduqları nöqsanlar müəyyən edilməmiş qalır.
V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda keçən il aparılan qəbul imtahanlarının nəticələri göstərdi ki, bəzi orta məktəblər imtahanlara son dərəcədə məsuliyyətsiz yanaşmış və layiq olmayan şagirdlərə kamal attestat verib məktəbdən buraxmışlar. Belə bir zərərli təcrübəyə, şübhəsiz, son qoyulmalıdır. Şagirdlərin biliyinə qiymət vermək məsələsinə sadə və asan bir məsələ kimi baxmaq olmaz. Bu məsələ müəllimdən böyük pedaqoji ustalıq tələb edir. Odur ki, işə ciddi məsuliyyət hissi ilə yanaşmaq, şagirdin biliyini hərtərəfli yoxlamaq və atalar demişkən, "yüz dəfə ölçüb, bir dəfə biçmək" lazımdır.
Proqramın tələbi əsasında qiymət vermək üçün müəllim şagirdin öyrənmiş olduğu biliklərin həcmini əvvəlcədən yoxlamalıdır. Burada bu və ya digər fənn üzrə şagirdə verilmiş (proqrama görə) biliklərin məcmusu nəzərdə tutulur. Məsələn, sərf-nəhv üzrə keçilmiş dil qayda və qanunların məcmusu, həndəsə üzrə keçilmiş aksioma və teoremlərin məcmusu, tarix üzrə bir-birinin ardınca gələn ictimai hadisələr, tarixi şəxsiyyətlər, bunların qabaqcıl və mürtəce fəaliyyətləri, hadisələrin xronolojisi və sairənin məzmunu şagird tərəfindən öyrənilmişdirmi?
Şagird proqramın tələb etdiyi biliklərin hamısınımı, yoxsa bir qismini, əhəmiyyətli, yoxsa əhəmiyyətsiz qismini bilir? Qiymət verərkən nəzərə alınacaq birinci cəhət budur.
İkinci cəhət şagirdin əldə etmiş olduğu biliklərin dərin və səthi olmasını və nə dərəcədə başa düşülmüş olduğunu aydınlaşdırmaqdır. Dərsi mükəmməl başa düşən şagirdlər bir qayda olaraq onu həm kitab dili ilə, həm də öz sözləri ilə izah etməyə qabil olur, bilikləri səthi olan uşaqlar isə dərsi öz sözləri ilə izah etməkdə çətinlik çəkirlər. Təlim materiallarını müqayisə edə bilmək, materialdakı əsas hissəni ikinci dərəcəli hissədən ayırd edə bilmək, "nə üçün", "nədən ötrü" suallarına cavab verə bilmək və s. əldə edilmiş biliklərin dərinliyini göstərən əlamətlərdir.
Nəzərə alınmalı olan üçüncü cəhət əldə edilmiş biliklərin möhkəmliyidir. Biliyin ifadə edilməsində sərbəstlik, müəllimin yardımçı sualları (daha nələr bilirsiniz, yaxşı fikirləşin və s. kimi) olmadan biliyi rəvan ifadə edə bilmək, inamla cavab vermək, yersiz pauzalara yol verməmə, istilahların, adların yüngül tələffüz edilməsi və s. biliyin möhkəmliyinə dəlalət edir.
Dördüncü cəhət əldə edilmiş biliyi şagirdin praktikada tətbiq edə bilməsi bacarığını öyrənməkdir. Bu çox mühüm bir məsələdir. Belə bir bacarıq nəticə etibarilə biliyin bir tərəfdən dərin və ya səthi olmasını, o biri tərəfdən onun möhkəmliyinin dərəcəsini göstərir. Biliyin praktikada tətbiqini iki mənada düşünmək lazımdır: təlim prosesində və adi həyati işdə. Cəbrdən öyrənilmiş tənliklərin məsələ həllində tətbiqi, fizika dərslərində tətbiqi biliyin yeni bilik təlim prosesində tətbiqinə bir misaldır. Sərfdən öyrənilmiş dil qaydalarının nitqdə, məktəbdə, divar qəzetində və s. tətbiqi isə biliyin həyati işdə tətbiqinə misaldır. Şagird həm birinci, həm də ikinci bacarığı əldə etməlidir və ona qiymət verərkən bunu da nəzərdə saxlamaq lazımdır.
Şagirdin səhv cavabını onun yanılmasından seçmək lazımdır. Səhv doğru düşünməməyin, məsələnin mahiyyətini anlamamağın nəticəsi olduğu halda, yanılma diqqətsizliyin, məsələnin təfərrüatına fikir verə bilməməyin nəticəsidir ki, müəllimin azacıq yardımı ilə düzəldilə bilər.
Bu ümumi mülahizələrə və tələblərə əsasən bu və ya başqa fəndən şagirdin alacağı qiymətin (bal) şərtlərini də müəyyən etmək çətin deyildir.
"5" qiyməti proqram üzrə bütün təlim materialını bilən, bildiklərini dərin başa düşən, biliklərini praktiki məşğələlərdə, çalışmalarda müstəqil olaraq tətbiq etməyi bacaran şagirdlərə verilməlidir. Biliyi "5" qiymətinə layiq olan şagirdlər suallara tam mənası ilə düzgün, düşünülmüş, inamla və rəvan cavablar verirlər, fikirlərini həm şifahi və həm də təhriri olaraq ədəbi dillə tam düzgün ifadə etməyi bacarırlar.
"4" qiyməti bütün təlim materiallarını dərindən başa düşən və möhkəm bilən, biliklərini praktik məşğələlərdə, çalışmalarda, çətinlik çəkmədən tətbiq etməyi bacaran, lakin şifahi cavablarında və təhriri işlərində kobud səhvlər deyil, bəzi yüngül xətalar buraxan şagirdlərə verilir.
"3" qiyməti əsas təlim materiallarını bilən, lakin biliklərində bəzi səthiliklər müşahidə edilən, bilikləri praktiki işlərdə, çalışmalarda tətbiq edərkən bəzi çətinliklər hiss edən şagirdlərə verilir. Biliyi "3"ə layiq olan şagird hiss etdiyi çətinliyini müəllimin yüngül yardımı ilə dəf etməyi bacarmalıdır. Belə şagirdlər şifahi və təhriri olaraq verdiyi cavablarında, ifadələrində səhvlər buraxırlar.
"2" qiyməti əsas təlim materiallarının əhəmiyyətli bir hissəsini bilməyən şagirdlərə verilir. Bu cür şagirdlərin cavabları inamlı və rəvan olmur, bunlar bir qayda olaraq, müəllimin yardımçı suallarına möhtac olurlar. Bildiklərini praktiki işlərdə, çalışmalarda tətbiq etməkdə acizdirlər, şifahi və təhriri ifadələrində tez-tez kobud səhvlərə yol verirlər.
"1" qiyməti təlim materialını tamamilə və ya onun çoxunu bilməyən şagirdlərə verilməlidir.
Qeyd etmək lazım gəlir ki, şagirdin biliyinə qiymət verməyin məsuliyyəti tamamilə müəllimin üzərinə düşür. Bu barədə müəllimə heç kəsin təzyiq etməyə haqqı yoxdur. Buna görə də müəllim şagirdə verdiyi qiymətə son dərəcədə ciddi və ədalətlə yanaşmalıdır. Bu barədə səhv və təsadüflərə yol vermək zərərdən başqa nəticə verməz.
Həm "rəhmdillik" edərək şagirdə layiq olmayan yüksək qiymət vermək, həm də "ədalətsizlik" və "xəsislik" edərək şagirdin həqiqi qiymətini azaltmaq eyni dərəcədə zərərli bir işdir, çünki bu, bir tərəfdən şagirdlərin əxlaqi keyfiyyətlərinə pis təsir edir, o biri tərəfdən təlim keyfiyyətinin həqiqi vəziyyətini gizləmiş olur.
Şagirdin biliyinə verilən qiymət o qədər düzgün, obyektiv və ədalətli olmalıdır ki, onu çox və mükəmməl bilik almağa sövq etsin.
Mehdi Mehdizadə
Pedaqoji elmlər namizədi
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər