
Aprelin 22-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şərur şəhər Fizika-riyaziyyat təmayüllü liseydə muxtar respublika və ölkə üzrə keçirilən olimpiadaların finalçıları və buraxılış imtahanlarında yüksək nəticə göstərən istedadlı şagirdlərlə görüşüb.
“Azərbaycan müəllimi” xəbər verir ki, təhsili gənclərin gələcək arzularına çatması üçün yeganə yol kimi dəyərləndirən səlahiyyətli nümayəndə muxtar respublikada təhsilin səviyyəsindən razılığını ifadə edib. O qeyd edib ki, dünya dəyişir və inkişaf edir. Cəmiyyət bu inkişafa və yeniləşməyə ayaq uydurmalıdır. Bunun yeganə yolu isə elm və təhsildən keçir. Buna görə də ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizdə təhsilin davamlı inkişafını, maddi-texniki təminatın yüksəldilməsini daim diqqətdə saxlayır, ölkəmizdə bu istiqamətdə böyük addımlar atılır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə təsdiqlənmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da təhsilin inkişafı əsas prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Muxtar respublikada məktəblər ən müasir tələblər əsasında qurulur, elektronlaşma, kompüterləşmə prosesləri davam etdirilir.
F.Nəcəfli bildirib ki, hər il yüksək nəticələr əldə edilir, muxtar respublika məktəbləri və məktəbliləri ölkə üzrə göstəricilərdə ön sıralarda qərarlaşırlar: “Bu isə o deməkdir ki, gənclər təhsilin gücündən və dövlətimizin yaratdığı şəraitdən maksimum yararlanmaqla özlərini gələcəyə hazırlayırlar. Hər birimiz belə istedadlı şagirdlərə dəstək olmalıyıq. Çünki gənclərin təhsilinə ayrılan diqqət gələcəyə yatırılan sərmayədir”.
Səlahiyyətli nümayəndə olimpiadalarda və buraxılış imtahanlarında yüksək nəticə göstərmiş şagirdləri təbrik edib, onların müəllim və valideynlərinə təşəkkürünü bildirib, hər bir şagirdə dərslərində, imtahanlarında və gələcək həyatlarında daha böyük uğurlar arzulayıb.
Fuad Nəcəfli görüşdə iştirak edən 25 şagirdlə fərdi söhbət edib. Buraxılış imtahanlarında 300 bal toplayaraq maksimum nəticə göstərmiş Səma İsmayılova və İbrahim Heydərov, eləcə də imtahan və olimpiadalarda fərqlənən şagirdlərin hər biri uğurlarından bəhs edib, gələcək arzularını və məqsədlərini diqqətə çatdırıb, yaxşı təhsil almaları üçün yaradılan yüksək şəraitə görə minnətdarlıq ediblər.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov şagirdlərin ölkə və beynəlxalq səviyyəli olimpiadalarda iştirakı ilə bağlı görülmüş işlər, nəticələrin əvvəlki illərlə müqayisəli təhlili və qarşıda duran vəzifələrlə bağlı məlumat verib. Nazir qeyd edib ki, 2024-2025-ci tədris ilində 11-ci siniflər üzrə buraxılış imtahanlarında 466 şagird 200-dən, 302 şagird 250-dən yuxarı bal toplayıb, 2 nəfər maksimum nəticə əldə edib.
Təhsil naziri diqqətə çatdırıb ki, ölkəmizin ümumtəhsil məktəbləri 2018-ci ildən PISA Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatında iştirak edir. Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəbləri də bu il ilk dəfə olaraq bu layihəyə qoşulacaq. Tədqiqatda muxtar respublikanın 12 təhsil müəssisəsindən 328 məktəblinin iştirakı nəzərdə tutulur.
Elxan Nəcəfov qeyd edib ki, şagirdlərin olimpiadalarda iştirakı onların imtahanlara daha yaxşı hazırlanması və motivasiyası baxımından böyük önəm kəsb edir. Buna görə də istedadlı şagirdlərin fənn olimpiadalarında iştirakına diqqət artırılıb. 2021-2023-cü illərdə keçirilən olimpiadalarda 10 min 34 şagird iştirak etmişdisə, 2023-2025-ci illərdə 45 min 331 məktəbli olimpiadalara cəlb edilib. Cari tədris ilində 18 şagird keçirilən müxtəlif olimpiadalarda yüksək nəticə göstərərək final mərhələsinə yüksəlib. Təhsil naziri olimpiadalara hazırlığın daha mütəşəkkil təşkili məqsədilə atılacaq addımlar barədə də məlumat verərək bildirib ki, muxtar respublikada Olimpiada Mərkəzinin yaradılması nəzərdə tutulur. Bu isə istedadlı gənclərin inkişafına böyük təkan verəcək, onların respublika və beynəlxalq səviyyədə uğurlarını daha da artıracaqdır.
Sonra səlahiyyətli nümayəndə görüşdə iştirak edən istedadlı şagirdlərlə xatirə fotosu çəkdirib, Şərur şəhər Fizika-riyaziyyat təmayüllü liseyin imkanları ilə tanış olub. Fuad Nəcəfli sinif otaqlarında və istirahət guşəsində liseyin uğur qazanan şagirdləri ilə görüşüb, yataqxana şəraiti ilə maraqlanıb.
Həmin gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şərurda fəaliyyət göstərən peşə liseyi ilə də tanış olub.
Məlumat verilib ki, 200 yerlik liseydə hazırda 5 qrup fəaliyyət göstərir. Əməliyyatçı-mühasib, bərbər-vizajist-manikürçü, informasiya sistemləri üzrə texniki dəstək mütəxəssisi, baytar-texniki, isitmə və soyutma istemləri üzrə mütəxəssis qruplarında 62 tələbə təhsil alır. Tələbələr bərbər, qaz çilingəri, xalçaçılıq emalatxanalarında əyani dərslərdə iştirak edirlər.
Səlahiyyətli nümayəndə liseyin fəaliyyətinin gücləndirilməsi və əyani vəsaitlərdən səmərəli istifadə ilə bağlı müvafiq tapşırıqlar verib.
1 /10
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər