
“Azərbaycan müəllimi” qəzeti Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) ilə birgə həyata keçirdiyi “Çağdaş təhsildə təşkilatlanma: yeni nəsil tərbiyəsi” layihəsi çərçivəsində millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəylinin məqaləsini təqdim edir:
Təhsil sistemi istənilən cəmiyyətin inkişafının və hazırda paradoksal görünsə də, özünəməxsusluğunun qorunmasının əsasını təşkil edir və şəxsiyyətin formalaşması prosesində müstəsna rol oynayır. Ancaq təəssüf ki, bu rolun getdikcə zəiflədiyini müşahidə edirik. Bu baxımdan, düşünürəm ki, müasir təhsil sistemində milli-mənəvi dəyərlərin aşınmasını, süquta uğramaqda olan liberal qlobalizmin “səssiz silahı” olan Qərb təhsil sisteminin neqativ təsirləri və təzahürlərinin araşdırılaraq ön plana çıxarılması, kurikulumun tətbiqində şəxsiyyət amilinə formal yanaşılmasının səbəbləri və bütün bu faktorların şəxsiyyətin formalaşması prosesinə mənfi təsiri elmi müzakirə və mübahisələrin ana xəttini təşkil etməlidir. Bu yazıda sadəcə son illər ərzində müşahidələrim əsasında formalaşan subyektiv mülahizələrimi ifadə edəcəyəm. Pedaqoji fəaliyyətdən uzaqlaşmağımdan təxminən 27-28 il vaxt keçir və bu baxımdan, dəyərli oxuculardan bu yazını peşəkar yanaşma kimi qəbul etməmələrini xahiş edirəm. Bu yazı sadəcə bir siyasət adamının müasir dövrdə milli suverenliklərini qorumaq istəyən ölkələrin təhsil siyasətinə baxış bucağını ifadə edir.
Şəxsiyyət və təhsil
Daha öncə qeyd etdiyim kimi, şəxsiyyətin formalaşmasında təhsilin aparıcı rolu danılmazdır və təəssüf ki, son illər əks təzahürlərin ön plana çıxmasına şahidlik edirik. Kurikulumun tətbiqində prosesə yaradıcı yanaşmanın azlığı, eləcə də müasir təhsil proqramlarının daha çox akademik nəticələrə yönəlməsi, tədris planları və məzmunun tam yenilənməməsi, məktəb və valideyn, müəllim və valideyn arasında yaranan uçurum fərdin və şəxsiyyətin inkişafına kifayət qədər mənfi təsir etməsinə zəmin yaradır. Tələb və təklifə uyğun müəllimlərin çox zaman yalnız bilik ötürən subyektə çevrilməsi məktəbin funksiyasını zəiflədir və nəticədə, məktəbin təlim-tərbiyə prosesindəki rolu, şəxsiyyətin formalaşması üçün vacib bacarıqlar arxa planda qalır və kompleks şəxsiyyət tərbiyəsi sıradan çıxır. Bununla yanaşı, rəqəmsal texnologiyaların təhsil prosesində artan rolu şagirdlər arasında sosial təcridə zəmin yaradır, həmçinin şəxsiyyətin inkişafına yad ünsürlər və dəyərlər daxil olur. Qənaətimə görə, bütün bunlar şagirdlərin fərdi və milli kimliklərinin formalaşması prosesinə neqativ təsir göstərir. Süquta uğramaqda olan və dirəniş göstərən liberal qloballaşma və “universal dəyərlər” adı altında azlığın çoxluq üzərində hakimiyyətinin təmin edilməsinə xidmət edən qondarma yaşam və düşüncə tərzinin təbliği nəticəsində milli dəyərlərin təşviqi məqsədyönlü şəkildə arxa plana keçirilir. Konfutsi hesab edirdi ki, təhsil şəxsiyyətin inkişafına yönəlmiş bir vasitədir. Ancaq müasir təhsil sistemində kurikulumun məzmunu , texnologiyanın böyük rol oynaması və sıx qiymətləndirmə sistemləri müəllimin daha çox bilik verən və idarəetməni həyata keçirən “alət”ə çevrilməsinə gətirib çıxarıb. Hələ müasir texnoloji tərəqqinin izlərinin yenicə nəzərə çarpdığı zaman kəsiyində – 1980-ci illərin sonlarında braziliyalı məşhur pedaqogika nəzəriyyəçisi Paulu Freyre (Paulo Freire) "bank təhsili modeli"nin şəxsiyyəti formalaşdırmaq əvəzinə, onu standartlaşdıran, çərçivəyə salan bir sistemə çevrildiyini qeyd edirdi. Yəni bizim hələlik alayarımçıq mənimsədiyimiz Qərb təhsil modelinin yaratdığı problemlərdən prosesin içərisində uzun illərdən bəri yer alanlar hələ “soyuq müharibə”dən öncə danışır və yazırdılar. Fransız sosiologiya məktəbinin və müasir struktur-funksional analizin banisi sayılan Emil Dürkheym hələ ötən əsrin əvvəllərində təhsilin cəmiyyətin mədəni (mənəvi) sərhədlərinin qorunması üçün əsas vasitə olduğunu yazırdı. Lakin hazırda bizə “yenilik” adı altında təqdim olunan təhsil modelinin daşıdığı və iflasa uğramaqda olan liberal qloballaşma texnologiyalarının nəzəri mexanizmlərinin təsiri altında milli-mənəvi dəyərləri arxa plana keçirdiyinə şahidlik edirik.
Mənə görə, Qərb sistemi ana ideya və vasitə olaraq, fərdlərin qlobal iqtisadi sistemin bir parçasına çevrilməsinə xidmət edən mürəkkəb kombinasiyalardan ibarət siyasi texnologiyadır. Qərb təhsil sistemi akademik mobilliyi artıra bilsə də, təhsilə daha çox iqtisadi məqsədlərlə yanaşır. Müşahidələrim onu deməyə əsas verir ki, müasir kurikulum daha çox funksional bacarıqların öyrədilməsinə istiqamətlənib. Bu yanaşma innovativ görünsə də, standartlaşdırılmış kurikulum şəxsiyyətin süni şəkildə, qlobal iqtisadi sistemin qlobal tamdan, vahiddən ayrı mövcud ola bilməyən bir “zərrə”si kimi formalaşmasına və fərdin yaradıcı düşüncəsinin məhdudlaşmasına gətirib çıxarır. Bu prosesin qarşısını almaq, şübhəsiz ki, mümkündür və bunun üçün, ilk növbədə, kurikulumda fərdi inkişafı dəstəkləyən və sosial-mənəvi dəyərləri təşviq edən yanaşmalara üstünlük verilməlidir. Çağdaş təhsil sistemində müəllimin şəxsiyyətin formalaşmasındakı tərbiyəvi rolunun getdikcə minimuma endirilməsi, müəllimin nüfuzunun aşağı salınması, məktəbin funksionallığının zəifləməsi, bunun əvəzinə, yalnız şagird və valideynin tələbi ilə prosesə münasibət professional yanaşmadan və dövlətin tələblərindən uzaqlaşmaya səbəb olur, bu isə cəmiyyətdə vətəndaş institutunun formalaşmasına mənfi təsir edir. Texnoloji inqilablar da transformasiyaları labüdləşdirir. Bunu nəzərə almasaq, gələcəyin təhsilini də qura bilmərik. Qənaətimə görə, bu prosesin qarşısının alınması üçün, ilk növbədə, müəllimlərin pedaqoji və psixoloji hazırlığının gücləndirilməsi, onların tədris prosesində tərbiyəvi rolunun artırılması üçün yeni metodikalar işlənilib hazırlanması ön plana keçirilməlidir. Müəllimlərin, bütövlükdə isə məktəblərin şəxsiyyətin formalaşması prosesində iştirakını gücləndirmək üçün milli-mənəvi dəyərlərin təşviqinə məktəb proqramlarında daha geniş yer ayrılmalı, kurikulum humanist yanaşma ilə zənginləşdirilməli, şəxsiyyətin inkişafını dəstəkləyən fənlərə də xüsusi diqqət yetirilməlidir Məktəbdə milli-mənəvi dəyərlərin aşılanmasına xidmət edən debat klubları, mədəniyyət və incəsənət tədbirləri, könüllülük fəaliyyətləri təşkil edilməli, şagirdlər məhz Azərbaycan cəmiyyətinin fəal, vətənsevər üzvləri kimi yetişdirilməlidirlər. Rəqəmsal texnologiyaların tədrisdə istifadəsi vacib olsa da, onların mənəvi dəyərlərə və sosial əlaqələrə mənfi təsir göstərməsinin qarşısını almaq üçün balanslı yanaşma tətbiq edilməlidir. Həmçinin vətəndaş tərbiyəsi sistemi yaradılmalıdır.
Təhsil və milli suverenlik
Milli suverenlik anlayışı güclü, dəyərlərinə, Vətəninə, dövlətinə bağlı olan vətəndaşdan başlayır. Bu baxımdan, təhsil milli suverenlik anlayışının dərk edilməsində və şəxsiyyətin kənar təsirlərdən qorunmasında, yaxud xarici maraqların ifadəçisinə çevrilməməsində əhəmiyyətli rola malikdir. Təhsil cəmiyyətin intellektual potensialını gücləndirməklə yanaşı, milli dəyərləri və mədəniyyəti qoruyur, vətəndaşların siyasi və sosial şüurunun formalaşmasında önəmli yer tutur. Güclü təhsil sistemi ölkənin insan kapitalını inkişaf etdirir və elmi-texnoloji irəliləyişlərə şərait yaradır. Elm və texnologiyanın inkişafı isə milli suverenliyin qorunması baxımından mühüm rol oynayır. Çünki güclü elmi potensiala malik ölkələr həm də güclü vətəndaş cəmiyyəti deməkdir. Təhsilli cəmiyyət daha innovativ və güclü iqtisadiyyata malik olur. Güclü iqtisadiyyat isə milli suverenliyin əsas sütunlarından biridir. Xarici iqtisadi asılılığın azaldılması üçün ölkənin təbii və insan resurslarından səmərəli istifadə etməyə qadir olan peşəkar və həm də dəyərlərinə, dövlətinə sədaqətlə xidmət etməyi başlıca vəzifəsi sayan kadrların yetişdirilməsi həyati önəm daşıyır. Təhsil, eyni zamanda, dövlət dilinin qorunmasına, ədəbi və mədəni dəyərlərin gələcək nəsillərə ötürülməsinə xidmət etməlidir. Çünki dil və mədəniyyət suverenliyin əsas komponentlərindən biridir və onların qorunması milli birliyi təmin edən əsas amillərdən hesab olunur. Bu baxımdan, təhsil yalnız fərdlərin inkişafı üçün deyil, bütövlükdə bir dövlətin müstəqilliyini və təhlükəsizliyini qorumaq üçün də həyati əhəmiyyətə malikdir. Təhsilə yatırılan sərmayə gələcəyin daha güclü dövlətinə yatırılan investisiyadır. Təhsil sistemi yalnız akademik bilik verməklə kifayətlənməməlidir. Şəxsiyyətin formalaşması, milli dəyərlərin qorunması və özünü ifadə edə bilən vətənpərvər gənclərin yetişdirilməsi prioritet olmalıdır. Məktəblərin bu prosesdə rolu artırılmalı, təhsil sistemi şəxsiyyətin hərtərəfli inkişafına xidmət etməlidir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər