
Otaqda sakitlik hökm sürür. Uşaq sakitcə kitab oxuyur, oyuncaqları yerindədir, dərsləri bitib, hər şey qaydasındadır. Belə bir mənzərəni görmək bir çox valideynin arzusudur. Amma reallıqda evlərdə daha çox səs-küy, yerə səpələnmiş oyuncaqlar və ata-ananın hövsələdən çıxmış vəziyyəti, “neçə dəfə deməliyəm?” cümləsi eşidilir. Uşaqlar sözə baxmır, qaydalara əməl etmir, istədiklərini inadla tələb edirlər.
Valideynin ilk reaksiyası çox zaman qışqırmaq, cəza vermək və ya təhdid etmək olur. Amma bu reaksiyalar problemin kökünü həll edirmi?
Çox vaxt valideynlər deyirlər: “Dəfələrlə dedim, yenə etmədi”, “Sözümü eşitmir”, “Axırda məcbur qışqırdım…”. Bu sözlər demək olar ki, hər bir evdə, hər bir ailədə səslənir. Amma uşaqlar dünyanı bizdən fərqli hiss edir, fərqli yaşayır və fərqli anlayırlar. Onların böyüməsi – sadəcə fiziki inkişaf yox, eyni zamanda duyğuların, fikirlərin, şəxsiyyətin formalaşmasıdır. Valideynlər isə bu prosesdə yol göstərən, dayaq olan, bəzən də özlərini itirən müşahidəçilərdir.
“Azərbaycan müəllimi” “Psixoloq deyir ki…” rubrikası çərçivəsində mövzu ilə bağlı psixoloq Aynur Bünyatova ilə söhbətləşib fikirlərini öyrənib.

Uşaqların sözə baxmaması dərin bir ehtiyacın və ya anlaşılmayan hissin göstəricisidir
Aynur xanım deyir ki, uşaqların sözə baxmaması çox zaman dərin bir ehtiyacın və ya anlaşılmayan hissin göstəricisidir.Uşaqların davranışı onların yaşına və inkişaf mərhələsinə uyğun olaraq dəyişir və bu dəyişikliklər böyümə prosesinin təbii bir hissəsidir: “Valideynlər bu mərhələlərə nə qədər həssaslıqla yanaşarsa, uşaqlarına bir o qədər düzgün və sevgi dolu şəkildə dəstək verə bilərlər. Məsələn, humanist yanaşma deyir ki, hər bir uşaq şəxsiyyət kimi qəbul olunmalı və onun hisslərinə hörmətlə yanaşılmalıdır. Bu, uşağın özünü dəyərli və güvəndə hiss etməsi üçün çox vacibdir.
Konstruktivist yanaşmaya görə isə uşaq ətraf dünyanı təcrübə yolu ilə öyrənir – sual verir, təkrar edir, sınayır və nəticə çıxarır. Ona görə də uşaq hər davranışında öyrənir. Həmçinin diferensial yanaşma bizə göstərir ki, hər uşaq fərqlidir: kimisi emosional baxımdan həssasdır, kimisi sosial baxımdan daha çəkingəndir. Bu fərqləri nəzərə almaq uşağın inkişafı üçün vacibdir. Məhz düzgün yanaşma uşağın özünü güvənli hiss etməsinə, hisslərini ifadə etməyi öyrənməsinə və sağlam şəxsiyyət kimi formalaşmasına kömək edir”.

3-6 yaş uşağın öz şəxsiyyətini kəşf etməyə başladığı dövrdür
Psixoloq deyir ki, uşaqların yaşa görə özünəməxsus çətinlikləri olur. Və qeyd olunduğu kimi, valideyn bunu nəzərə almalıdır. Məsələn, məktəbəqədər (3-6 yaş) uşağın öz şəxsiyyətini kəşf etməyə başladığı dövrdür. “Yox” deməsi, eyni sualı təkrar verməsi onun böyüməsinin və öyrənməsinin bir hissəsidir. Valideyn bu yaşda uşaqla güc münasibətinə deyil, anlayışa və təmkinə əsaslanan ünsiyyət qurmalıdır.
Qaydalar aydın, səmimi şəkildə və sevgi ilə izah olunmalıdır. Uşaq oyuncağı atdıqda və ya ağladıqda onu cəzalandırmaq əvəzinə, hisslərini başa düşmək, anlayış göstərmək lazımdır. “Mən sənin yanındayam, sən bu dəqiqə əsəbləşmisən, amma sakitləşə bilərik” kimi cümlələr uşağı sakitləşdirmək üçün çox faydalıdır.
Məhz bu dövrdə uşaq oyun vasitəsilə emosiyalarını ifadə edir və dünyanı anlamağa çalışır. Uşağa sərbəst şəkildə oyun oynamağa, sual verməyə və qərarlar qəbul etməyə imkan yaratmaq onun özünəinamını gücləndirir. Qaydalar təqdim edilərkən qorxutmaqla deyil, “başqa insanlara və əşyalara hörmət” prinsipi ilə izah edilməlidir. Bu, uşağın həm daxili nizam, həm də sosial məsuliyyət hissi formalaşdırmasına yardım edir.

Bu yaşda qaydalara əməl etmək öyrənilsə belə motivasiya və emosional ehtiyaclar hələ də əsas rol oynayır
Aynur Bünyatovanın sözlərinə görə, ibtidai sinif dövrü (7–10 yaş) uşaqların həm idrak, həm də sosial bacarıqlarının formalaşdığı mərhələdir. Bu yaşda qaydalara əməl etmək öyrənilsə, belə motivasiya və emosional ehtiyaclar hələ də əsas rol oynayır. Uşaq ev tapşırığını etmək istəmədikdə səbəbini anlamaq və alternativ yollar təklif etmək daha yaxşı olar.
Həmin dövrdə sosial bacarıqlar da inkişaf edir. Əgər uşaq məktəbdə dost tapmaqda çətinlik çəkirsə, valideyn onun maraqlarına uyğun sosial fəaliyyətlərə qoşulmasına dəstək ola bilər. Məsələn, valideyn övladının tənha olduğunu görüb onu rəsm dərnəyinə yazdırır və bunun nəticəsində uşaq özünə uyğun dostlar tapır.
Həmsöhbətimiz söyləyir ki, tənbeh və mükafat yerinə uşağa davranışının nəticələrini başa salmaq daha təsirlidir. Məsələn, “Əgər tapşırığını vaxtında tamamlasan, sevdiyin kitabı oxuya bilərsən” və ya “telefona baxa bilərsən” demək uşağa həm məsuliyyət öyrədir, həm də daxili motivasiyanı artırır.

Uşaqlar artıq öz fikirlərini açıq şəkildə ifadə edirlər...
Aynur xanım qeyd edir ki, orta məktəb yaşında (11–13 yaş) olan uşaqlar artıq öz fikirlərini açıq şəkildə ifadə etməyə başlayır və bu, onların müstəqil şəxsiyyət kimi formalaşmağa çalışmasının əlamətidir. Valideyn həmin mərhələdə uşaqla empatik dinləmə və qarşılıqlı hörmətə əsaslanan münasibət qurmalıdır. Məsələn, əgər uşaq “Mən bu dərnəyə getmək istəmirəm” deyirsə, valideyn onun fikrini rədd etmədən səbəbini soruşmalı və seçim hüququ tanımalıdır: “Sənin bu dərnəyi sevmədiyini anlayıram. Gəl başqa bir məşğuliyyət seçək ki, özünü daha yaxşı ifadə edə biləsən”.
Uşağın öz otağına çəkilməsi və ya “mənə qarışmayın” deməsi də normaldır. Bu, şəxsi sərhədlərin formalaşmasının göstəricisidir. Lakin davranış emosional soyuma, aqressiya, davamlı qapalılıq və dərsə marağın itməsi ilə müşayiət olunarsa, bu zaman valideyn ya da məktəb psixoloqu vəziyyəti daha yaxından izləməlidir. Məsələn, əgər uşaq əvvəllər sevdiyi fəaliyyətlərdən imtina edirsə və uzun müddət otağından çıxmırsa, valideyn onunla birgə sakit yürüşlərə qatılmaq və söhbətə fürsət yaratmaqla təmas qurmağa çalışmalıdır.
Psixoloqun fikrincə, sosial mediadan istifadə və dostlara marağın artması da bu yaş üçün xarakterikdir. Burada sistemli yanaşma önə çıxır - yəni valideyn, məktəb və mühitin birgə rolu xüsusilə bu dövrdə diqqət yetirilməli olan vacib məqamlardandır. Məsələn, uşaq gününün böyük hissəsini sosial şəbəkədə keçirdikdə,valideyn ondan bu platformaları necə istifadə etdiyini soruşmalı, birlikdə məhdudiyyətlər müəyyən etməlidir: “Həftəiçi gündə 1 saat razılaşaq, amma şənbə günü daha çox vaxt ayıra bilərik”. Bu dövrdə valideyn həm uşağın şəxsiyyətinə hörmətlə yanaşmalı, həm də fərdi ehtiyaclarını nəzərə almalıdır. Əsas məqsəd uşaqla güc mübarizəsi aparmaq deyil, birlikdə qaydalar qoymaq və məsuliyyəti bölüşməkdir.

Emosional dalğalanmalar, kimlik axtarışı və müstəqillik ehtiyacının artdığı mərhələ
Psixoloq yeniyetməlik dövrünü əhatə edən 14-17 yaş arasını emosional dalğalanmalar, kimlik axtarışı və müstəqillik ehtiyacının artdığı bir mərhələ olduğunu deyir: “Ən çətin mərhələlərdən biri yeniyetməlik dövrüdür. Uşaqlar artıq fərd olmaq istəyirlər, öz fikirlərini ifadə etməyə, qərar verməyə, azadlıq tələb etmyə başlayırlar. Bu isə çox vaxt valideynlə qarşıdurmalar, anlaşılmazlıqlar yaradır. Həmin yaşda humanist yanaşma xüsusilə əhəmiyyətlidir. Karl Rocersin fikrincə, yeniyetmə qəbul olunduğunu və dəyərli olduğunu hiss etdikdə inkişaf edə bilir.
Valideyn mühakimə etmədən, nəzarət etmədən, yalnız qarşılıqlı etimada əsaslanan bir ünsiyyət qurmalıdır. Məsələn, nəsihət verməkdənsə, açıq suallardan istifadə edilməlidir: “Bu qərarı verəndə nə düşündün?”, “Bu hadisə səni necə hiss etdirdi?”,
“Səncə, başqa yol ola bilərdimi?”. Belə suallar yeniyetmənin öz fikrini ifadə etməsinə və məsuliyyət hissini inkişaf etdirməsinə kömək edir.
Əgər yeniyetmədə aqressiya, susqunluq, özünəqapanma, dostlardan və ailədən uzaqlaşma kimi davranışlar müşahidə olunursa və bu hallar iki həftədən artıq davam edirsə, bu artıq sadəcə "yeniyetməlik əhvalı" deyil, onun psixoloji dəstəyə ehtiyac ola bilər. Məsələn, əvvəllər idmanla maraqlanan bir gənc artıq idmanı da, dostlarını da rədd edirsə, məktəb qiymətləri kəskin enibsə və ya yatmaq, qidalanma rejimi pozulubsa, bu valideyn üçün artıq ciddi bir siqnaldır”.
Aynur Bünyatova qeyd edir ki, valideynin övladına "dost" kimi davranması yerinə, anlayışlı, lakin sərhəd tanıyan yetkin bir dəstəkçi olması daha uyğundur: “Məsələn, bəzi yeniyetmələr hisslərini ailədə açıq deməkdə çətinlik çəkir, bu halda valideyn onlara yazı yazmaq, gündəlik tutmaq və ya hətta birlikdə film izləyib sonra onun haqqında söhbət etmək kimi dolayı yollarla ünsiyyət qurmağa şərait yaratmalıdır.
Valideynlərə tövsiyəm budur ki, hər bir yaş dövrü fərqli ehtiyaclarla gəlsə də, əsas prinsiplər – sevgi, anlayış, dəstək və qarşılıqlı etimad dəyişmir. Uşaqlarının hisslərini və fikirlərini dinləsinlər, onlara şəxsi sərhədlərini müəyyən etməklə özlərini ifadə etməyə və məsuliyyət hissi inkişaf etdirməyə imkan versinlər. Uşaq davranışını dəyişmədən əvvəl, özünü başa düşülmüş hiss etməlidir. Gəlin əvvəl başa düşməyə çalışaq. Çünki “sözə baxmayan” uşaq, əslində, “məni duy, məni anla” deyir. Uşaqlar səhvlər edəcək. Bu, onların öyrənmə yoludur. Bizim rolumuz isə onların yanında qışqıran deyil, izah edən, yol göstərən və qucaqlayan olmaqdır. Unutmayaq ki, səbir öyrədilmir, göstərilir.

Bağırmaq yox, bağ qurmaq
Bəli, deyilənlərdən də aydın olur ki, qışqırmaq asandır, amma dinləmək daha güclü addımdır. Qışqırmaq və cəza bəzən problemi daha da dərinləşdirir. Uşaqlar valideynin səsinin tonunu deyil, münasibətinin sabitliyini xatırlayır. Onların hər “sözə baxmamaq” halı bəlkə də bizdən bir sual gözləyir: “Məni anlayırsanmı?”. Ən gözəl cavab isə səbir, anlayış və sevgidir. Unutmayaq ki, qışqıraraq böyüdülən uşaq, bir gün ya susacaq, ya da uzaqlaşacaq. Ata-analarımız öz övladları ilə bağ qurmağı bacarmalıdırlar.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər