.jpeg)
Gədəbəy rayonunun Novosaratovka kəndində təhsil həyatına başlayan Məhsəti Bayramova dünyanın müxtəlif ölkələrində təhsil alaraq uğurları ilə seçilən gənclərdəndir. Hələ 9-cu sinifdən xaricdə təhsilə maraq göstərməyə başlayan Məhsəti 16 yaşında AFS proqramı ilə Çinə yollanaraq bir ay ərzində müxtəlif seminar və tədbirlərdə iştirak edib. Daha sonra Hindistana gedərək 85% təqaüdlə IB proqramını tamamlayıb və hazırda ABŞ-nin Tampa Universitetində tam təqaüdlə təhsil alır.
Hər addımında könüllülük və yeni təcrübələrlə özünü inkişaf etdirən Məhsəti xaricdəki təhsil və həyat təcrübələri barədə təəssüratlarını “Azərbaycan müəllimi”nə danışıb.
Məhsəti Bayramova bir neçə könüllülük fəaliyyətində iştirak etdikdən və araşdırmalar apardıqdan sonra 16 yaşında ilk dəfə Çinə yollanıb. AFS proqramı çərçivəsində bir ay ərzində Çinin bir neçə şəhərində olub. Bu proqramın bütün xərcləri AFS tərəfindən qarşılanıb. Məhsəti deyir ki, Çindən qayıdan kimi Hindistana 2 illik İB proqramı üzrə 11 və 12-ci sinif təhsilini tamamlamağa gedib.
“Hindistanda olarkən ən yaxşı təhsil sistemlərindən birində oxuyur, həm də Hindistanın müxtəlif bölgələrinə səyahət edərək dünyagörüşümüzü artırırdıq”
O, Milli Komitənin təqdimatı əsasında Hindistanda yerləşən UWC Mahindra kollecində 2023-2025-ci illərdə 85% təqaüdlə təhsil alıb. Bu təqaüdü qazanmaq üçün UWC-nin Azərbaycandakı komitəsinin təşkil etdiyi çoxmərhələli müsahibə və sınaqlardan uğurla keçib: “UWC Mahindra kollecində 80-dən çox millətin şagirdi vardı. Biz həm məktəblilər üçün ən yaxşı təhsil sistemlərindən birində oxuyur, həm də Hindistanın müxtəlif bölgələrinə səyahət edərək dünyagörüşümüzü artırırdıq. Məktəbimiz “UWC Davis Scholars” təqaüd proqramının bir hissəsi olduğuna görə burada təhsilimi başa vurduqdan sonra universitet təhsilimizin illik xərcləri də qarşılanır. Hazırda isə ABŞ-nin Florida ştatında yerləşən Tampa Universitetində tam təqaüdlə təhsil alıram”.
.jpeg)
Xaricdə təhsilə marağı hələ məktəb illərində müxtəlif könüllülük proqramlarında iştirak etməsi ilə möhkəmlənib. “Green Club”, IDEA, “Bakı zooparkı” və digər layihələrdə könüllü fəaliyyəti onun kommunikasiya bacarıqlarını inkişaf etdirməsinə, çətinliklər qarşısında təmkinli olmasına və beynəlxalq təhsil mühitinə daha hazır hiss etməsinə şərait yaradıb.
“Müxtəlif düşüncələrə sahib insanlarla ünsiyyət qurmaq, fərqli şəhərləri görmək mənə mədəniyyətlərin rəngarəngliyini hiss etdirdi”
AFS proqramı çərçivəsində Çində təhsil təcrübəsi isə onun üçün unudulmaz olub: “Fərqli mədəniyyətlərlə tanış olduqca bu təcrübələrin mənə necə maraqlı hekayələr qazandırdığını daha yaxşı anlayıram. Müxtəlif düşüncələrə sahib insanlarla ünsiyyət qurmaq, yad yeməkləri sınamaq, fərqli şəhərləri və qədim məbədləri görmək mənə mədəniyyətlərin rəngarəngliyini hiss etdirdi. Bu tanışlıqlar mənə göstərdi ki, nə qədər çox səyahət etsəm, bir o qədər yeni dadlar, insanlar və yerlərlə tanış olmaq arzusu yaranır”.
.jpeg)
Tampa Universitetinin isə Məhsəti üçün ideal seçim olub: “İqlimi, şəhəri, təhsil proqramları və resursları ilə fərqlənən bu universitetdə oxumaq xəyalım idi. Qəbul məktubumu aldığım gün dostlarımla bu sevinci paylaşdım”.
O deyir ki, Hindistana qəbul olduğunda isə əvvəlcə getmək istəməyib: “Düşünürdüm ki, uzaq ölkədir və orada təcrübəm olmayacaq. Amma ailəm məni dəstəklədi, dedilər ki, bu, böyük fürsətdir. Daha sonra məktəbimizdən Hindistana getmiş bir şagirdlə danışdım və onun təcrübəsini eşidəndən sonra fikrim dəyişdi. Gedəndə Hindistanın gözəlliyini gördüm və sosial şəbəkələr vasitəsilə formalaşmış stereotiplərin çoxunun həqiqət olmadığını anladım”.
Amerikaya qəbul olunanda isə vəziyyət bir qədər fərqli olub: “Ailəmlə əvvəldən danışmışdım, onlar qəbul şansımı bilirdilər, amma əsas məsələ təqaüd idi. Tam təqaüd aldığımı öyrənəndə ailəm çox sevindi. O vaxt Hindistanda olduğum üçün sevincini yalnız telefonla hiss etdim. Mən də dostlarımla qucaqlaşıb ağladım. Bu, həyatımın ən unudulmaz anlarından biri oldu”.

Məhsəti uşaqlıqda kosmonavt olmağı arzulasa da, zaman keçdikcə özünü biznes və diplomatiya sahəsinə daha yaxın hiss edib. Hindistanda oxuduğu illərdə isə ən çox psixologiya və teatr fənlərini sevib: “Psixologiya insanın davranışlarını anlamağa kömək edir, teatr isə müxtəlif obrazları canlandıraraq fərqli perspektivləri görməyimə imkan yaradır”.
Onun sözlərinə görə, xaricdə təhsilin ən çətin tərəfi vətəndən uzaqda olmaq olub: “İstər-istəməz insan darıxır. Amma zamanla öyrəşdim və hisslərimi daha yaxşı anlamağa başladım”.
.jpeg)
Gələcəkdə özünü harada görəcəyini dəqiq bilməsə də, qarşıda 4 il olduğunu deyir Məhsəti: “Harada olmağımdan asılı olmayaraq, bir ayağımın hər zaman Azərbaycanda qalacağını hiss edirəm”.
“Bu yolda ən böyük dəstəkçim anam olub”
Onun motivasiyasını itirdiyi zamanlar da olub, amma disiplin və qətiyyət sayəsində hədəflərinə fokuslana bilib: “Uğurun sirri öz potensialını kəşf etməsi, insanın özünə inanması və istəklərinə nail olmaq üçün əlindən gələni etməsidir. Bu yolda ən böyük dəstəkçim anam olub. O, hər zaman arxamda dayanıb və uğurlarımda onun payı çox böyükdür”.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər