
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin (DMA) pilot layihəsi olan “Əmək Bazarına Hazırlıq İndeksi”nin təqdimatı və müzakirəsi keçirilib.
Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, tədbirdə DMA İdarə Heyətinin sədri Sadiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti, UNEC-in rektoru professor Ədalət Muradov və universitetin struktur rəhbərləri iştirak ediblər. Rektor Ədalət Muradov UNEC ilə Agentlik arasında əməkdaşlığın genişləndirilməsindən, qeyri-akademik transkriptin tətbiqi sahəsində görülən işlərdən və qarşıda duran hədəflərdən danışıb. O, ölkəmizdə ilk dəfə tətbiq olunan və tələbələrin çoxşaxəli bacarıqlarını qiymətləndirməyə yönələn “Əmək Bazarına Hazırlıq İndeksi”nin əhəmiyyətini vurğulayıb.
DMA İdarə Heyətinin sədri Sadiq Əliyev UNEC-in daim yeniliyə açıq və tərəfdaşlığa hazır universitet olduğunu qeyd edərək, yeni layihə haqqında ətraflı məlumat verib. S.Əliyev qeyd edib ki, “Əmək Bazarına Hazırlıq İndeksi” tələbələrin qeyri-akademik fəaliyyətlərinin qiymətləndirilməsi, səriştələr arasında balansın təmin olunması və onların dəstəklənməsini hədəfləyir. Yeni yanaşma biliklə yanaşı, bacarığın da əmək bazarında uğurun əsas göstəricisinə çevrildiyini nümayiş etdirir. Sadiq Əliyev layihənin ilkin olaraq UNEC-in “Maliyyə” ixtisasında tətbiq olunacağını bildirib.
DMA-nın Karyera planlaması şöbəsinin müdiri Əli Qurbanlı təqdimatla çıxış edərək layihənin strukturu, əsas məqsədi, ölçü meyarları və nəzəri istinadları haqqında məlumat verib. O bildirib ki, “Əmək Bazarına Hazırlıq İndeksi” 10-dan artıq nüfuzlu beynəlxalq universitetin təcrübəsi əsasında hazırlanıb və əmək bazarında dəyişikliklərə uyğunlaşma baxımından mühüm yenilikdir. Layihənin nəticələrinə əsasən, tələbələrə fərdi inkişaf istiqamətində tövsiyələr təqdim olunacaq.
Təqdimatdan sonra layihə UNEC-in struktur rəhbərləri ilə müzakirə olunub və pilot olaraq universitetdə tətbiqinə dair qərar qəbul edilib.
1 /10
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər