.jpeg)
Aprelin 13-də Serbiyanın Zlatibor şəhərində məktəblilər arasında keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında iki məktəblimiz – Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyindəki Şabran rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin boks idman növü üzrə yetirmələri böyük uğura imza atıblar. Şabran şəhəri Roman Yusifov adına 2 nömrəli tam orta məktəb-liseyin şagirdləri – Tunca Mürşüdova (40 kq çəki dərəcəsində) və Xumar Cəfərli (70 kq çəki dərəcəsində) mötəbər turnirdə birinci yerə layiq görülərək qızıl medal qazanıblar.
“Azərbaycan müəllimi” qalib qızlarımız və məşqçilərilə söhbət edib.
“Valideynlər qızlarının boksla məşğul olmasına etiraz edirlər”
İlk həmsöhbətimiz Şabran şəhəri UGİŞM-in boks üzrə baş məşqçisi Yasəf Quliyevdir. 2007-ci ildən Şabran şəhər UGİŞM-in boks bölməsinə işə qəbul olunan müsahibim işlədiyi dövrdə bir çox yüksək nəticələr əldə edib. O, 2019-cu ildən qız bölməsi yaratmağa başlayıb: “İlk yetirmələrimdən biri Lalə Mədətova olub. O, boks üzrə dünya kubokunda ikinci yerin qalibi olub. L.Mədətova hazırda Azərbaycanın milli komandasının üzvüdür”.
Yasəf müəllimin sözlərinə görə, adətən, valideynlər qızlarının boksla məşğul olmasına etiraz edir, bundan çəkinirlər.
Baş məşqçi bacardığı qədər valideynlərlə və uşaqlarla maarifləndirici söhbətlər aparır, qızları boksa cəlb edir: “Belə söhbətlərdən sonra bizim zalda boksa gələn qızların sayı artmağa başladı. 2024-cü ildə yetirmələrimdən biri - Dəniz Babayeva Bəhreynin Manama şəhərində keçirilən yarışın birincisi oldu. Hazırda o, Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdidir. Sevindirici haldır ki, iki qız yetirməm – Xumar Cəfərli və Tunca Mürşüdova da Azərbaycan milli komandasına dəvət olunaraq həmin yarışın qalibləri olublar”.

“Sinif otağının qapısını açanda gördüm ki, bir qız oğlanı döyür”
Xumar və Tuncayın boksa necə gəldiyini açıqlayan Y.Quliyev gülümsəyərək söyləyir: “Bir gün dərs dediyim 2 nömrəli tam orta məktəb-liseyin dəhlizində səs-küy eşidib sinif otağının qapısını açanda gördüm ki, bir qız oğlanı döyür. Baxıb gördüm ki, Xumardır. Onda onun çəkisi təxminən 87 kq idi, eyni zamanda, boy-buxunlu idi. Maraqlandım, valideynləri ilə tanış olub söhbət etdim və onu boks bölməsinə cəlb etdim. Xumar haqqında onu deyə bilərəm ki, çox sürətli, inadçı idmançıdır. Ona dedim ki, məktəblilər arasında maksimum 70 kq çəkidə vuruşmaq olur, çəkisini azaltsın. O da inad göstərərək çəkisini 69 kq-a qədər azaltıdı. Artıq yığma komandanın favoritlərindən birinə çevrilib. Azərbaycan milli komandasında ona böyük ümidlər bəslənir. Tuncanı isə belə kəşf etdik: Bir gün yolla gedərkən bir qızın velosiped sürdüyünü gördüm. Görünüşünün bizim idman növünə yararlı olduğuna diqqət etdim. Valideynləri ilə söhbətdən sonra onu da boksa dəvət etdim. Düzdür, Tunca 9-10 aydır ki, boksa başlayıb. Ancaq onda inkişaf çox sürətlə getdi. O, özünü gözlədiyimdən də artıq sübut etdi və yığma komandanın məşqçilərinin rəğbətini qazandı. Onu milli komandaya dəvət etdilər, Serbiyada keçirilən yarışa apardılar”.

Qızların 2 nömrəli orta məktəb-liseyin idman zalında yarışa hazırlaşdığını deyən Yasəf müəllim bildirir ki, şagirdləri Dəniz Babayeva, Xumar Cəfərli, Tunca Mürşüdova, Sabrina Vəliyeva avqust ayında İspaniyada keçiriləcək Avropa çempionatına hazırlaşırlar. Çempionata qədər isə aprelin 21-27-də qızlar arasında boks üzrə Azərbaycan birinciliyi olacaq: “İnanıram ki, adlarını çəkdiyim qızlar çempionatın qalibi olacaq və rayonumuza uğurlu nəticələr gətirəcəklər”.

“Dünyada tanınan idmançı olmaq arzusundayam”
2 nömrəli tam orta məktəb-liseyin 8-ci sinif şagirdi Xumar Cəfərli qəzetimizə müsahibəsində cəmi bir ildir ki, boksla məşğul olduğunu, ondan əvvəl heç bir idman növü ilə maraqlanmadığını deyir: “Boksa gəlişim idman müəllimim Yasəf Quliyevin sayəsində baş verib. O, məndəki potensialı görərək boksla məşğul olmağa dəvət edib. Daha öncə heç bir idmana, o cümlədən boksa maraq göstərmirdim. Lakin məşqlərə başladıqdan sonra bu idman növünə böyük maraq yarandı, böyük həvəslə məşqlərə qatıldım, öz üzərimdə çalışdım”.

Qalib məktəbli bu günə qədər cəmi iki böyük yarışda iştirak etdiyini dilə gətirir. Onlardan biri 2024-cü ildə respublikamızda keçirilən Azərbaycan birinciliyi, digəri isə bu il Serbiyada baş tutan ISF U15 Gimnaziada İdman Oyunlarıdır.
Hər iki yarışda Xumar qızıl medala sahib olub: “Gimnaziyada haqqında onu deyə bilərəm ki, yarışa çox ölkədən iştirakçı qatılmışdı. Mən ukraynalı rəqiblə qarşılaşdım və ona qalib gəldim. Düzdür, bu, qatıldığım ilk böyük beynəlxalq yarış idi və bir az həyəcanlanırdım. Lakin özümə inanırdım ki, udacam. Xüsusilə beynəlxalq yarışlarda qalib olmaq, himnimizi səsləndirmək, bayrağımızı qaldırmaq inanılmaz dərəcədə gözəl hissdir. Gələcəkdə öz üzərimdə işləyərək dünyada tanınan idmançı olmaq arzusundayam. Daha sonra isə boks məşqçisi kimi fəaliyyətimi davam etdirmək istərdim”.

“Qalib gələcəyimə əmin idim”
8-ci sinif şagirdi Tunca Mürşüdova isə 12 yaşından idmanla məşğul olur. Tunca 2 dəfə Şabran rayonunda təşkil olunan yarışda birinci yerə layiq görülməsi və ISF U15 Gimnaziadasındakı qalibiyyəti haqqında qürurla danışır:

“Mən ailəmin dəstəyi ilə boksla məşğul oluram. Sonuncu yarışım çox uğurlu keçdi. Bu yarışa çox ciddi hazırlaşdım, qalib gələcəyimə əmin idim. Gimnaziadaya Braziliya, Ukrayna, Qazaxıstan, Türkiyə və s. ölkələrdən güclü iştirakçılar qatılmışdı. Rəqibim ukraynalı idi və ona rahatlıqla qalib gələrək qızıl medala layiq görüldüm. Beynəlxalq yarışda ölkəmə qalibiyyət qazandırmaq olduqca qürurverici hissdir. Hədəfim Avropa, dünya çempionatlarına qatılmaq, olimpiadalarda Vətənimə qızıl medallar qazandırmaqdır”.
.jpeg)
Tuncanın sözlərinə görə, idmanla məşğul olmaqla yanaşı, dərslərini də yaxşı oxumağa çalışır, ədəbiyyata böyük maraq göstərir. Bakı şəhərində keçirilən məşqlərə və müxtəlif yarışlara qatıldığı zaman müəllimlər ona anlayışla yanaşırlar. Onun uğurları müəllimlərini, məktəbini çox sevindirir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər