Dünyaya övlad gətirməyi planladığımız vaxtdan valideynliklə bağlı çoxlu kitablar, sahə ekspertlərinin uzun-uzadı müsahibələrini oxuyur, bu mövzuda müxtəlif internet saytları izləyirik. Amma övladımız dünyaya gələndən sonra bəzən elə sadə məqamda çarəsiz qalırıq ki, o vaxta qədər oxuyub-öyrəndiklərimiz o qədər də köməyimizə çatmır. Qarşılaşdığımız problemləri heç bir nəzəri biliyimizlə həll edə bilmirik. Praktik təcrübələrə əsaslanmayan nəzəriyyə heç bir fayda vermir. Uşaqların təlim-tərbiyəsində də məsələ tam belədir. Necə olmaq barədə uzun-uzadı danışmağın heç bir faydası yoxdur, övladının hansı əxlaq sahibi olmasını, hansı davranışları sərgiləməsini istəyirsənsə, özün o əxlaqda olmalı, o davranışları sərgiləməlisən. Təbii ki, uşağın şəxsiyyət kimi formalaşmasında genetik, ətraf-mühit, məktəb-cəmiyyət faktorlarının təsiri də nəzərə alınmalıdır.
Valideynlər olaraq övladlarımızın körpəlikdə gündəlik tələbatlarını, əsas ehtiyaclarını ödədiyimiz kimi 3-6 yaş erkən uşaqlıq dövründə də “doğru örnək” (bundan sonra: “rol-model”) olmaq və ya doğru rol-model seçmələrinə də kömək etməliyik. İstənilən uşağın ilk sosial təcrübələrini qazanmağa başladığı yer öz ailəsi olduğundan hər uşağın ilk seçdiyi “rol-model” ailə üzvləri arasından olur. Övladınız sizin doğru hesab etdiyiniz şeylərin doğru, yanlış hesab etdiyiniz şeylərin yanlış olduğunu öyrənir. Bundan əlavə, ən əsası, davranışınızdan, danışığınızdan, hərəkətlərinizdən, digər ailə üzvləri ilə münasibətinizdən, hətta yerişinizdən, yemək yeməyinizə qədər hər şeyi müşahidə edərək təqlid edəcək. Buna görə də uşağa yaxşı nümunə olmaq çox vacibdir. Bir daha qeyd edirəm, istənilən uşağın ailəsi, valideynləri, bir evdə yaşadığı insanlar olun ilk sosial çevrəsidir. Bunu nəzərə alaraq, uşaqla bir evdə yaşayan hər kəs öz hərəkəti ilə daim onu müşahidə edən uşağa nümunə olmalıdır. Etməli olduğumuz başqa mühüm şeylərdən biri də uşaqla ünsiyyətimiz və yanaşmamızdır. Adətən valideynlər övladlarında hər hansı mənfi davranış görəndə bu davranışın səbəbini uşaqda axtararlar. Halbuki, belə mənfi halların səbəbini hər valideyn, ilk növbədə, özündə, daha sonra isə ətrafında axtarmalıdır. Uşaqda üzə çıxan hər hansı xoş olmayan davranışın məsuliyyətini uşaq daşımamalıdır. Çünki yaxşı müşahidəçi olan uşaqlar ətraflarında müşahidə etdikləri bütün davranışları təqlid edər və təqlid etdiklərini oyunlarında istifadə edib nümayiş etdirərlər. Ailə üzvlərinin, atasının və ya anasının kiməsə yalan danışdığını müşahidə edən uşaq, zamanla özü də yalan danışmağa başlayacaq. Yaxud valideynlərinin qərəzlilik, inadkarlıq və s. kimi xasiyyətləri varsa, uşaq da bu xasiyyəti onlarda görəcək və başqalarına qarşı eyni münasibəti göstərəcək. Məsələn, ana, yaxud ata hər hansı yeməyi, geyimi və s. görəndə “Mən onu bəyənmirəm, sevmirəm” deyirsə, zamanla uşaqda da ona təklif edilən istənilən yeni dada, geyim tərzinə və s. qarşı qərəz hissi formalaşacaq. Ya da hər hansı valideyn evdə, telefonda, ətrafı ilə yüksək səslə danışırsa, uşaq da zamanla yüksək səslə danışmağa başlayacaq. Evdə şiddət və ya valideynlərin pis sözlər işlətməsi kimi hallar mövcuddursa, yenə də uşaq həmin davranışları təqlid edə bilər. Anladığımız kimi, övladımızın müsbət keyfiyyətlərə malik olmağını istəyiriksə, özümüz də, ana-ata olaraq hər işdə yaxşı nümunə olmağa çalışmalıyıq. Bəzən biz fərqində olmasaq da, uşaqlar hər şeyi izləyib öyrənirlər.
Uşağın rol-model olaraq valideynlərindən birini seçəcəyi dəqiq deyil, böyük ailələrdə yaşayan uşaqlar özünə yaxın hiss etdiyi istənilən adamı rol-model olaraq seçə bilər. Böyüdükcə, maraq sahələri dəyişdikcə, dünyagörüşü genişləndikcə seçdiyi rol modellər də dəyişə bilər. Rol-model seçimi şüurlu şəkildə edilən proses deyil. Bu, uşağın ailə üzvlərinə, ətrafına baxıb “Görəsən, rol-model olaraq kimi seçim? Kimin davranışlarını özümə nümunə götürüm?” deyə düşünüb qərar verməsi ilə müəyyənləşən bir proses deyil. Bu seçimdə əsas məqam təsirlənməkdir. Dövrümüzdə mənfi məzmunlu televiziya proqramları, sosial şəbəkələr, internet materialları da uşağın rol-model seçiminə təsir edə bilər. Bu kontentlərin uşağa təsirinə nəzarəti də birbaşa ailə, valideynlər etməlidir.
Doğru rol model olmaq
Övladının doğru rol-model seçməyində valideynin ona edə biləcəyi kömək özünün nümunəvi davranışları və uşağın örnək alına biləcək insanlarla ünsiyyətini artırmaqdır. Övladı fərqində olmadan onu, yaxşı mənada, istiqamətləndirməkdir. Burada da uşağı istiqamətləndirmək, yönləndirməklə, onu idarə etmək arasındakı incə nüansı nəzərə almaq vacib şərtlərdən biridir. Başqa sözlə desək, uşağa nəsə göstərib onu bəyənməsinə şərait yaratmaqla, onu sevməyə məcbur etmək arasındakı fərqə diqqət etmək lazımdır. Doğru yönləndirmə olmazsa, uşaq pis davranışları olan insanları da nümunə götürə, həmin insanlardan özünə rol-model seçə bilər. İstənilən mövzuda uşağa seçim imkanı vermək lazımdır, amma həmin seçimləri özünüz əvvəlcədən seçib təqdim etsəniz, nəticə daha uğurlu olar.
Rol-model seçiminə təsir edən amillər
Uşağın özünə rol-model seçməsini şərtləndirən bir neçə amil var. Cinsiyyət, uğur, güc, şöhrət, fərqlilik, maraq sahəsi, digər insanların və cəmiyyətin rol-model olaraq seçdiyi adama münasibəti, rol-model olaraq seçdiyi adam yaxın adamlardandırsa, onunla ünsiyyət tərzi, onun tərəfindən qəbul edilməsi, hisslərini, fikirlərini rahatlıqla bölüşə bilməsi, onu özünə yaxın hiss etməsi və s. bu amillərdəndir.
Bizim danışdığımız 3-6 yaş qrupu uşaqlarının rol-modelləri adətən, ancaq ailə üzvləri olur. Yaşları artdıqca, sosial çevrələri genişləndikcə ana, ata, dayı, əmi, xala, bibi, nənə, baba kimi yaxın qohumları seçdiyi kimi, müəllimlərini, super gücləri olan cizgi filmi personajlarını, müasir dövrümüzdə müğənniləri, hər hansı sosial şəbəkə fenomenlərini, marağı olduğu sahədə ideallaşdıra biləcəyi istənilən insanları özlərinə rol-model seçə bilərlər. Yuxarıda qeyd etdiyimiz kimi, bu sadaladıqlarımız arasından nümunəvi olan rol-modeli seçmələrinə valideynləri də təsir göstərməlidir. İnsanın şəxsiyyət kimi formalaşmasında irsiyyət, genetika amilini əsas hesab edənlərin əleyhinə çıxan ingilis pedaqoqu Con Lok mühitin və tərbiyənin daha çox rolu olduğunu vurğulayırdı. Klassik pedaqogikadan çıxış edərək, hansısa məqamda hər hansı birinin üstünlük təşkil etdiyini qəbul edib, amma hamısının, yəni insanın şəxsiyyət kimi formalaşmasında ailənin, genetikanın, ətraf mühitin, cəmiyyətin, məktəbin də böyük rolunun olduğunu iddia etmək olar. Bu formalaşmada ilk və ən ağır məsuliyyət, təbii ki, ailənin üzərinə düşür.
“Uşaqlar ana və atalarının pis nümunələri ilə korlanmağa davam etdikcə yeni dünya qurula bilməz” (Aleksis Karrel)
Doğru rol-model seçimində ailənin etməli olduğu ilk şeylərdən biri qarşısındakı uşağın fərd, şəxsiyyət olduğunu qəbul etmək, onu həyata ən yaxşı şəkildə hazırlamaq üçün lazım olanları verməkdir. Valideynlər övladlarına onlara hörmət etdiklərini, onları bütün müsbət və mənfi cəhətləri ilə qəbul etdiklərini, sevdiklərini göstərməlidirlər. Valideynlər övladlarına dəyərlərinə görə bəzi istəklərindən imtina edə bilmələrini, səbir və şükr etməyi, paylaşmağı, seçim edə bilməyi, məsuliyyətli olmağı, fikirlərini düzgün ifadə etməyi, dözümlü olmağı, özünə və ətrafındakılara hörmət etməyi, “yox” deməyi bacarmağı, müsbət şeyləri görüb qiymətləndirə bilməyi, anlayışlı olmağı, fərqliliyin pis bir şey olmadığını, seçimlərə hörmət etməyi, sorğu-sual etməkdən çəkinməməyi, obyektiv olmağı, yeniliklərə açıq olmağı, biliyin vacibliyini, sosiallaşmağın əhəmiyyətini və s. bu kimi vacib həyati məsələləri öyrətməlidirlər. Bu kimi keyfiyyətlərə malik istənilən uşaq sağlam fərd olmağa potensial namizəddir.
Bir daha qeyd etmək istəyirəm ki, yönləndirmə ilə idarə etmək arasında fərq var. Amma təəssüf ki, ölkəmizdə də bir çox valideyn övladını bu incə fərqi nəzərə almayaraq tərbiyə etməyə çalışır. İdarə edilərək böyüdülən uşaqdan böyüyəndə özünü idarə etməsini gözləmək nə dərəcədə düzgündür? Bu incə məqamlara diqqət edilərək böyüdülən uşaq daha sağlam rol-modellər seçəcək. Bundan əlavə, pis vərdişləri və davranışları ilə örnək olan məşhur insanlar, şiddət dolu cizgi filmləri, uşağın yaşına uyğun olmayan oyuncaqlar, uşağın yanında danışılmamalı olan mövzuların danışılması da uşağın pis rol-model seçimində rol oynayır. Uşaq yaxşı rol-model seçəndə onu dəstəkləmək, qiymətləndirmək, onun inkişafına müsbət təsir edəcək, onun seçdiyi rol-modeldən daha yaxşısını seçməsinə yol açacaq. Bunu etməyə çalışaq.
Valideyn necə yaxşı rol-model ola bilər?
Övladınıza rol-model olmaq üçün mükəmməl olmaq lazım deyil. Uşağınızın istənilən sahədə uğur qazanması üçün onun sizin təmənnasız sevginizə, dəstəyinizə, bəzi məqamlarda yol göstərməyinizə, yönləndirməyinizə ehtiyacı var. Yersiz sərhədlər, qadağalar qoymadan, onu sevməklə, güvən hissi verməklə övladınıza nümunə ola bilərsiniz. Övladınızın həyatında nümunə olmaq istəyirsinizsə, ona daim şəfqətlə yanaşın, onu sevdiyinizi göstərin, yaxşı dinləyici olun, hər mövzuda danışmağına şərait yaradın, ona qarşı səbirli olun, övladınızla münasibətdə ola biləcəyiniz qədər yaxşı adam olmağa çalışın, ola biləcəyinizin ən yaxşısı olun...
Övladımızda hansı davranışların olmağını istəyiriksə, özümüz də o cür davranışlar sərgiləməliyik. Xarakteri dəyişmək mümkün deyil bəlkə, amma dünyaya gətirdiyimiz uşaqlara görə, həm dünya, həm övladımız naminə xasiyyətimizi dəyişməyə, müsbət keyfiyyətlərə malik nümunəvi insan olmağa borcluyuq.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)