
“Azərbaycan müəllimi”, 1969-cu il 20 iyun
İnsan ömrünü mahnısız təsəvvür etmək çətindir. Mahnılar dost kimi əlimizdən tutur, həyatın daş-kəsəkli çığırlarını bizimlə bir qalxır, xoşbəxt çağlarımızda, ağır dəqiqələrimizdə qəlbimizə dayaq olur. Şaxtalı günlərdə könlümüzü isidir. Görkəmli nəğməkar şair M.İsakovski yazır: “Mahnı yaratmaq şərəfli, ən müqəddəs işdir. Biz bu işin çətinliyindən qorxmamalıyıq. Mahnı insana su, hava kimi lazımdır. Yaxşı mahnı bizim qanadlarımızdır. Bu qanadlar qəlbimizi qartal qona bilməyən zirvələrə qaldırır”.
Bu sözlərdə böyük həqiqǝt var. Həmin sözlər məktəblilərimiz üçün mahnı yaratmaqla məşğul olan şair və bəstəkarlarımıza da çox aiddir. Uşaqlarımız mahnıya böyük ehtiyac hiss edirlər. Onların həyatının özü gözəl bir mahnıdır. Bu mahnının nəqaratı sevincdir, xoşbəxtlikdir. Son vaxtlarda uşaqlarımızın bədii zövqünün inkişafına kömək edən, onlarda yüksək arzular, nəcib hisslər doğuran bir sıra gözəl mahnılar yaradılmışdır. Belə mahnıları uşaqlar uzun müddət yadda saxlayırlar. Lakin təəssüflə qeyd etməliyik ki, uşaqlarımızın qaynar və çoşqun həyatını, arzularını, əməllərini əks etdirən mahnılar az-az yaranır. Təzə yaranmış bu mahnılar məktəblilərimizin tələb və səviyyəsindən çox geri qalır. Bəstəkarlarımız, şairlərimiz nədənsə, bu məsul və şərəfli işə lazımi əhəmiyyət vermirlər.
Bir məsələni də qeyd etmək lazımdır. Təzə yaranan uşaq mahnılarının çoxusu geniş yayıla bilmir, uzun müddət repertuarda qalmır. Məsələn, son iki ildə düşərgə haqqında 15-ǝ yaxın mahnı yaradılmışsa da, onların heç biri kütləvi mahnıya çevrilə bilməmiş, dillər əzbəri olmamışdır. Təəssüflə qeyd etməliyik ki, bu günə kimi məktəblilərimizin yürüş mahnısı yoxdur. Bunun nəticəsində də onlar səyahətlərdə, toplanışlarda yaşlarına uyğun olmayan mahnılar oxumağa məcbur olurlar.
Uşaq mahnısı yaratmaq çətindir. Bu, hər şeydən əvvəl, bəstəkar və şairdən balacaların psixologiyasının bütün incəliklərini, yaş xüsusiyyətlərinin öyrənilməsini tələb edir. Bəstəkar Oqtay Zülfuqarov vaxtının çoxunu uşaq bağçalarında, məktəblərdə, düşərgələrində keçirir, tez-tez balaca dostları ilə görüşür. Onların arzularını, marağını öyrənir. Məhz bunun nəticəsində O.Zülfüqarovun mahnıları uşaqların xoşuna gəlir. Onun "Telefon", "Dilarǝ", "Saat", "Futbol", "Pişik balaları" və başqa mahnıları dillər əzbəri olmuşdur. Bəstəkar mahnılarının bir çoxunu balaca dostlarının xahişi ilə yazmışdır.
Oqtay Zülfüqarov deyir ki, mən "Telefon" mahnısını yaradanda balaca Hicranı, onun səsini düşünmüşəm.
Unudulmaz bəstəkarımız Qənbər Hüseynli məşhur "Cücələrim” mahnısını bir məktəbli qızın xahişi ilə yazmışdır. Bəstəkar mahnının iki variantını işlədi. Bu variantları ilk dəfə məktəbli dostlarına çaldı, onların fikrini öyrəndi. O, mahnının üçüncü variantını yazdı. Yəqin ki, bəstəkarın arxivində mahnının əvvəlki iki variantı saxlanılır. Ölkəmizin hüdudlarından çox uzaqlarda səslənən “Cücələrim” mahnısı belə yarandı.
Görkəmli bəstəkarımız Fikrət Əmirov balaca dostları üçün bir sıra gözəl mahnılar yaradıb. Şair Teymur Elçinin sözlərinə bəstələdiyi “Bip-bip”, "Tənbəl" mahnıları uşaqların dilinin əzbəridir. Bu mahnıların melodiyası da, sözləri də tez yadda qalır, asan qavranılır. Lakin sevimli bəstəkarımız son vaxtlarda, balaca dostlarını unutmuşdur. Uşaqlarımız Fikrət Əmirovdan yeni gözəl mahnılar gözləyirlər.
Əvvəllər uşaqlarımız üçün bir sıra yaddaqalan mahnılar yaradan başqa görkəmli bəstəkarlarımız da çox vaxt balaca dostlarının həyatından bəhs edən mahnılar yaratmırlar.
Bu yaxınlarda 44 nömrəli məktəbdə keçirilən mahnı bayramında balaca bir qız haqlı olaraq dedi:
-Oxumağa təzə mahnı tapmırıq. Yaşımıza uyğun olmayan mahnılar oxumağa isə müəllimlərimiz icazə vermirlər. Bizim ehtiyacımızı, arzumuzu bəstəkarlara, şairlərə çatdırmağınızı xahiş edirik. Onun fikri bütün uşaqların ürək sözüdür.
"Qoy həmişə günəş olsun!" adlı məşhur mahnının müəllifi bəstəkar A.Ostrovski keçən il "Vojatıy" jurnalında dərc olunmuş "Dostlarımın xahişi ilə" adlı məqaləsində yazırdı: "Məni Moskva məktəblərinin birinə görüşə çağırmışdılar. Uşaqlara yeni mahnı yazmağa söz verdim. Sonralar işimin çoxluğundan sözümü unutdum. Bir gün şagirdlərdən məktub aldım. Yazırdılar ki, verilən vədi yerinə yetirmək lazımdır. Bəs mahnı na vaxt meydana çıxaçaq?..
Onların sözü məni çox düşündürdü. Məktuba yeni yazdığım “Məktəb valsı” mahnısı ilə cavab verdim. İndi bu mahnını tərifləyirlər. Bunun üçün mən məktəbli dostlarıma minnətdaram”. Belə misallardan çox çəkmək olar.
Əvvəllər ən yaxşı uşaq mahnıları üçün yüksək səviyyədə müsabiqələr elan edilərdi. Bu, yaxşı nəticə verirdi. Bəstəkar Səid Rüstəmovun uzun illərdən bəri sevilə-sevilə oxunan "Ana məktəb" (sözləri B.Vahabzadǝnindir), "Dəstə rəhbəri" (sözləri Huseyn Abbaszadǝnindir) mahnıları müsabiqə nəticəsində meydana gəlmişdir.
Bu müsabiqələri davam etdirmək faydalı olar.
Son vaxtlarda məktəblilərimiz yeni mahnların olmamasından daha çox şikayət edirlər. Bildiyimiz kimi, 1970-ci ildə Bakıda məktəblilərin nəğmə bayramı keçiriləcəkdir. Təəssüflə qeyd etməliyik ki, bayramın proqramına daxil edilmiş beş mahnıdan biri də yeni deyildir. Bu bütün bəstəkar və şairlərimizi düşündürmǝlidir. Onlar məktəblilərimizin qaynar və çoşqun həyatından, təhsilindən, mənalı istirahǝtindən, dostluğundan bəhs edən gözəl mahnılar yaratmağa çalışmalıdırlar.
Bu, uşaqların, həyatın tələbidir.
Tofiq Mütəllibov
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər