Bütün xəbərlər
10 mart, 17:00

Hər hansı bir müəssisənin uğurla idarəolunması ona rəhbərlik edən şəxsin peşəkar bacarıqlarından və liderlik qabiliyyətindən çox asılıdır. Xüsusilə təhsil ocaqlarına rəhbərlik edənlərin hansı şəxsi keyfiyyətlərə malik olması və pedaqoji heyətlə münasibətinin düzgün qurulub-qurulmaması daha çox əhəmiyyət kəsb edir, çünki səhv qurulmuş münasibətlər, rəhbərin doğru müəyyən edilməməsi sonda tədris prosesinə də mənfi təsir edir. 

Son zamanlar sosial şəbəkələrdə bəzi məktəb direktorlarının müəllim və şagirdlərə qarşı münasibətdə qeyri-peşəkar davranması ilə bağlı məlumatların paylaşılması belə bir sualı ortaya çıxarır: Gələcək nəsillərin yetişməsində xüsusi rolu olan məktəb kimi müəssisələrin rəhbərləri hansı keyfiyyətlərə sahib olmalıdırlar? Onlar pedaqoji heyətlə münasibətlərini necə tənzim etməlidirlər? 

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə açıqlama verən Elm və Təhsil Nazirliyi nəzdində İctimai Şuranın üzvü, “Ümidli gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumova bildirib ki, belə hallar təhsil müəssisələrinə olan inamı zəiflədir. Nəticədə valideynlər və şagirdlər məktəbi artıq nizam-intizamın, hörmətin hökm sürdüyü bir yer olaraq deyil, əxlaqi və etik normaların pozulduğu bir məkan kimi qəbul etməyə başlayırlar. Bu öz növbəsində təhsil sisteminə təsir edir, onun nüfuzunu və cəmiyyətin etibarını azaldır:

“Biz hər zaman əmin olmuşuq ki, müəllim və məktəb direktoru kimi rəhbərlər, təhsil müəssisələrində tədrisə cavabdeh olan şəxslər öz davranışları ilə nümunə olmalı, vəzifələrini düzgün yerinə yetirməyə çalışmalıdırlar. Şübhəsiz ki, son zamanlar baş verən hadisələr ümumilikdə təhsil sisteminin nüfuzuna mənfi təsir göstərir. Onların hərəkətləri, davranışları və sözləri şagirdlər, valideynlər və cəmiyyət üçün böyük əhəmiyyət kəsb edir.

Bundan əlavə, belə hadisələr şagirdlərin motivasiyasına və psixoloji vəziyyətinə də mənfi təsir göstərir, çünki belə vəziyyətlərlə qarşılaşan şagirdlər təhsil müəssisələrində müəyyən edilməli olan əxlaqi meyarlara inamını itirə bilərlər. Təhsil müəssisələrinin rəhbərliyi və müvafiq orqanlar belə halların qarşısını almaq üçün tədbirlər görməli, təhsil mühitində yüksək etik və peşə standartlarını təmin etməlidir”.

K.Aşumova direktorların hansı keyfiyyətlərə malik olması məsələsinə toxunaraq qeyd edib ki, məktəbə rəhbərlik edən yalnız idarəçi deyil, həm də təhsil müəssisəsində atmosferi formalaşdıran, şagirdlərin və işçi heyətinin inkişafına təsir edən,  valideynlər və yerli icma ilə qarşılıqlı əlaqə quran lider olmalıdır: 
“Direktor vəzifələrini uğurla yerinə yetirmək üçün bir sıra şəxsi və peşə keyfiyyətlərinə sahib olmalıdır. Peşə keyfiyyətləri dedikdə, direktorun təcrübəli pedaqoq olması, təhsil standartları, tədris metodları, təhsil siyasəti və qanunvericilik haqqında yaxşı məlumatlı olması nəzərdə tutulur. O, tədris prosesini necə effektiv təşkil etməyi və təhsil keyfiyyətini necə yaxşılaşdırmağı bilməli, müəllimləri və məktəbin işçi heyətini ruhlandırmaq və motivasiya etmək bacarığına malik olmalı, həmkarları ilə komanda şəklində çalışmalıdır. Münaqişələri həll etmək, motivasiyanı qorumaq və strateji planlar hazırlamaq liderin vacib bacarıqlarıdır.

Əlavə olaraq, rəhbərin kommunikasiya qurma bacarığı da çox önəmlidir. Yəni o, şagirdlər, müəllimlər, valideynlər, yerli hakimiyyət orqanları və digər maraqlı tərəflərlə konstruktiv münasibətlər qurmalı, effektiv kommunikasiya yaratmaqla problemləri həll etməyə, razılaşmalar əldə etməyə və kompromislər tapmağa çalışmalıdır.

Şəxsi keyfiyyətlərə gəldikdə isə direktor əvvəlcə cavabdehlik kimi çox vacib bir xüsusiyyətə sahib olmalıdır. Çünki onun çiynində məktəbin taleyi, şagirdlərin rifahı və kollektivin uğuru ilə bağlı məsuliyyət dayanır. Direktor şagirdlərin və müəllimlərin ehtiyaclarına və problemlərinə həssas yanaşmalı, dinləmə bacarığına sahib olmalı, müəllimlərə peşə  məsələlərində yardım göstərməlidir.

Məktəb rəhbəri həmçinin həmkarları və şagirdləri üçün nümunə sayılmalıdır. Buna görə onun şəxsi əxlaqi prinsipləri yüksək səviyyədə olmalıdır. Bu, qarşıya qoyulan vəzifələrin düzgün icrasına, şəffaflığa, kollektivdə etibar atmosferinin yaradılmasına kömək edir.
Məktəbin rəhbəri yalnız təhsil sahəsində ixtisaslaşmış bir peşəkar deyil. O həm də elə bacarıqlara malik olmalıdır ki, məktəb heyəti və şagirdlər onu kollektivdə əxlaqi mühiti qoruyub saxlaya bilən və şagirdlər üçün keyfiyyətli təhsili təmin edən bir şəxs olaraq qəbul etsinlər”.

O bildirib ki, direktorlar və pedaqoqlar arasında subordinasiyanın pozulması təhsil mühitində gərginliyin göstəricisidir, bu da məktəbin sabitliyini və effektivliyini zədələyə bilər. Direktor və müəllim heyəti, eyni zamanda, şagirdlər arasında sağlam ünsiyyətin qurulması, müxtəlif vəziyyət və şərtlər əsasında bir-birini başa düşmək çox vacibdir, çünki məhz qarşılıqlı anlama və etibar təhsil mühitində uğurlu işin təməlini təşkil edir: 

“Direktor və pedaqoji kollektiv öz rolunu yalnız mentor kimi deyil, həm də məktəbdə sağlam, dəstəkləyici və açıq atmosfer yaradan tərəfdaş kimi görməlidir. Bu, şagirdlərin özlərini rahat, təhlükəsiz və uğur qazanmağa motivasiyalı hiss etmələri üçün vacibdir.

Subordinasiya təşkilatdakı əməkdaşlar arasındakı qarşılıqlı əlaqələrin  tənzimlənməsi, kollektivin normal fəaliyyət göstərməsi üçün əsasdır. Əgər bu pozulursa, nizam-intizamın azalmasına, iş mühitinin pisləşməsinə və münaqişələrin yaranmasına səbəb ola bilər. Bu da öz növbəsində təhsilin keyfiyyətinə və məktəbdəki atmosferə təsir göstərir.

Belə davranışlar, adətən, idarəetmədə daha dərin bir böhranın, rəhbərliklə pedaqoqlar arasında qarşılıqlı anlaşmanın və hörmətin çatışmazlığının göstəricisidir. Bunun bir neçə səbəbi ola bilər. Onlardan rəhbərlikdə peşəkarlıq və liderlik keyfiyyətlərinin çatışmazlığı, effektiv olmayan kommunikasiya, dəstək və hörmətin olmaması, kollektivdə psixoloji atmosfer və aşağı əxlaqi mədəniyyət və ya zəif təşkilati struktur faktorlarını qeyd etmək olar. Belə vəziyyətlərdə vacibdir ki, məktəb rəhbərliyi kollektivin qarşılıqlı əlaqələrini yaxşılaşdırmaq, münaqişə səbəblərini aradan qaldırmaq və münasibətləri qarşılıqlı hörmət və peşəkarlıq üzərində qurmaq üçün tədbirlər görsün”.

İctimai Şuranın üzvü qeyd edib ki, məktəbə direktor təyin edərkən yalnız peşə və idarəetmə bacarıqlarına deyil, həm də onun əxlaqi keyfiyyətlərinə, liderlik qabiliyyətlərinə və kollektivdə etibarlı münasibətlər qurma bacarığına diqqət yetirilir. Etik dəyərlər və liderlik bacarıqları peşə bilikləri və idarəetmə bacarıqları qədər vacibdir: 

“Son illərdə bu aspektlərə diqqət artıb, çünki təhsil prosesinin uğuru birbaşa olaraq rəhbərin kollektivin işini necə təşkil etməsindən, şagirdlərlə, valideynlərlə və pedaqoqlarla münasibət qurma bacarığından, həmçinin məktəbdəki əxlaqi atmosferdən asılıdır.

Məktəb rəhbərinin etik keyfiyyətləri, ilk növbədə, onun şagirdlərin, işçi heyətinin və təhsil sisteminin maraqlarına uyğun hərəkət etmə bacarığına əsaslanır. Etik dəyərləri qiymətləndirərkən müxtəlif vəziyyətlərdə etik normalara riayət etmək, şagirdlərin, müəllimlərin və digər əməkdaşların hüquqlarına hörmət etmək, həm insan hüquqlarına hörmət göstərmək, həm də çətin vəziyyətlərdə əxlaqi dəstək vermək deməkdir. Bununla yanaşı, məktəb direktoru yalnız təhsil nəticələrinə deyil, həm də kollektivin psixoloji atmosferinə, şagirdlərin və pedaqoqların sağlamlığına və emosional vəziyyətinə də diqqətlə yanaşmalıdır.
Ümumiyyətlə, direktor yalnız idarəçi deyil, həm də lider olmalıdır, o, müəllimləri daha yaxşı nəticələrə nail olmağa motivasiya edə bilməli, onların peşəkar inkişafı və iştirakı üçün şərait yaratmalıdır. Dinləməyi, konstruktiv müzakirələr aparmağı, münaqişələri həll etməyi və açıq dialoq saxlamağı bacarmaq liderin vacib keyfiyyətlərindəndir.

Bu faktorlar məktəbdə yalnız keyfiyyətli təhsili deyil, həm də şagirdlər və işçi heyətinin harmoniya içində inkişaf etməsini təmin edən bir atmosfer yaradır”.

Şərhlər

Xəbər lenti

10 mart, 17:25

İkinci “Parla” təqaüd və inkişaf proqramının açılış mərasimi keçirilib

10 mart, 16:47

301 nömrəli məktəbin direktor vəzifəsinin icrası MÜTDA-nın əməkdaşına həvalə edilib

10 mart, 16:09

LDU-da “Elm günü”nə həsr olunmuş görüş keçirilib

10 mart, 15:57

AzMİU-da tələbələr keramika sənətinin incəliklərini öyrəniblər

10 mart, 15:57

Geomaqnit qasırğası gözlənilir

10 mart, 15:15

Şagirdlərin liderlik bacarıqları inkişaf etdirilir 

10 mart, 15:07

Universitet və kolleclərə sənəd verə bilməyənlər üçün ŞANS 

10 mart, 15:06

Neftçalanın kənd məktəbinin 6 şagirdi RFO-nun finalçısı olub

10 mart, 15:00

Yeniyetmələrin psixoloji dayanıqlığı: imtahan stresinin idarə olunması

10 mart, 14:09

Qarabağ Universitetinin Klinikasına baş direktor təyin olunub

10 mart, 13:43

Sözün gücü: təhsildə ritorikanın əhəmiyyəti – “Çağdaş təhsildə təşkilatlanma”

10 mart, 13:36

Ekran uşağınızı sizdən alır! - Bütün valideynlər bu yazını OXUSUN

10 mart, 13:01

“Sağlam nəsil-parlaq gələcək” layihəsinə başlanılıb

10 mart, 12:13

“Müasir metodist” layihəsinin iştirakçıları üçün müsahibə mərhələsinə başlanılır

10 mart, 11:57

Kənd məktəbinin 5 finalçısı – İki qardaş müəllimin ortaq əməyi 

10 mart, 11:55

Bakının 30-dan çox təhsil müəssisəsində uşaqlar icbari dispanserizasiyadan keçirilib

10 mart, 11:39

"Təhsildə yeni çağırışlar və müasir həllər" mövzusunda təlim keçirilib

10 mart, 11:35

Ucar rayonu üzrə təhsil sektorunun müdirinə xəbərdarlıq edilib

10 mart, 10:39

Rəqəmsal platformada valideynlərin sayı şagirdlərdən daha çoxdur – REPORTAJ 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.