Olimpiadaçı şagirdlərin növbəti uğuru - KAIST tələbəsi adını qazandılar

28 Mart, 2026 - 16:29
Olimpiadaçı şagirdlərin növbəti uğuru - KAIST tələbəsi adını qazandılar

Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzinin dinləyiciləri – Nəzrin Həsənova, Fərhad Hüseynov, Həsən Vəliyev, Məhəmməd Cəfərli və Aqil Güləliyev dünya reytinqində 53-cü sırada yer alan Cənubi Koreyanın Qabaqcıl Elm və Texnologiyalar İnstitutuna (KAIST) qəbul olublar.

“Azərbaycan müəllimi” xəbər verir ki, bir neçə ay əvvəl daha 4 olimpiadaçı – Əli Əliyev, Əhməd Əhmədli, Məhərrəm Məhərrəmli və STEM Azərbaycan festivalının qalibi Musa Camalov da KAIST universitetinə qəbul olunub.

Qəbul olan şagirdlər arasında yer alan Fərhad Hüseynov Fizika-riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdidir və riyaziyyat üzrə olimpiadaçıdır. O, Respublika fənn olimpiadalarında 2024–2025-ci tədris ilində qızıl, 2023–2024-cü tədris ilində gümüş, 2022–2023-cü tədris ilində isə bürünc medal qazanıb. Beynəlxalq olimpiadalarda Özbəkistanda keçirilən Əl Xarəzmi Olimpiadasında (2022–2023 – bürünc, 2023–2024 – gümüş), Albaniya və Türkiyədə təşkil olunan Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (müvafiq olaraq bürünc və gümüş) uğur qazanıb. Həmçinin Qazaxıstanda keçirilən Jautikov Olimpiadasında və Avstraliyada təşkil olunan Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirak edib.

Həsən Vəliyev 157 nömrəli tam orta məktəbin XI sinif şagirdi, informatika üzrə olimpiadaçıdır. O, Respublika fənn olimpiadalarında ardıcıl iki il – 2023–2024 və 2024–2025-ci tədris illərində qızıl medal qazanıb, 2022–2023-cü ildə isə finalçı olub. Beynəlxalq yarışlarda Bolqarıstanda keçirilən IATI və Moldovada təşkil olunan EJOI olimpiadalarında gümüş medal, Rumıniyada keçirilən Info1Cup müsabiqəsində qızıl medal əldə edib. Bundan əlavə, Beynəlxalq İnformatika Olimpiadasında bürünc medal qazanıb, Kibertəhlükəsizlik Olimpiadasında iştirak edib və Jautikov Olimpiadasında bürünc medal əldə edib.

Məhəmməd Cəfərli Texniki humanitar liseyin XI sinif şagirdi, fizika üzrə olimpiadaçıdır. Respublika səviyyəsində gümüş və bürünc medallara sahib olan şagird beynəlxalq olimpiadalarda da fəallığı ilə seçilir. O, Braziliyada keçirilən Astronomiya və Astrofizika Olimpiadasında həvəsləndirici mükafat, Səudiyyə Ərəbistanında keçirilən Asiya Fizika Olimpiadasında həvəsləndirici mükafat qazanıb. Fransa və Hindistanda keçirilən beynəlxalq yarışlarda isə bürünc medal əldə edib. Son olaraq Qazaxıstanda keçirilən Jautikov Olimpiadasında gümüş medal qazanıb.

Nəzrin Həsənova Kimya-biologiya təmayüllü Respublika liseyinin XI sinif şagirdi, kimya üzrə olimpiadaçıdır. O, Respublika fənn olimpiadalarında iki dəfə qızıl, bir dəfə gümüş, bir dəfə isə bürünc medal qazanıb. Beynəlxalq səviyyədə Tailandda keçirilən IJSO-da iştirak edib, Braziliyada təşkil olunan Mendeleyev Kimya Olimpiadasında və BƏƏ-də keçirilən Beynəlxalq Kimya Olimpiadasında bürünc medallara layiq görülüb.

Aqil Güləliyev isə Fizika-riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi, fizika üzrə olimpiadaçıdır. Respublika fənn olimpiadalarında gümüş və bürünc medal qazanan, həmçinin finalçı olan şagird beynəlxalq səviyyədə Braziliya və Hindistanda keçirilən Astronomiya və Astrofizika olimpiadalarında həvəsləndirici mükafatlara layiq görülüb.