Ombudsman: Müasir dövrdə gənc mütəxəssislərdən yalnız savad və peşəkarlıq gözlənilmir

12 İyun, 2026 - 18:28
Ombudsman: Müasir dövrdə gənc mütəxəssislərdən yalnız savad və peşəkarlıq gözlənilmir

“1919-cu ildə yaradılmış və ölkəmizin ilk ali təhsil müəssisəsi kimi tanınmış Bakı Dövlət Universiteti hazırda Azərbaycan elminin, təhsilinin və ictimai fikir tarixinin ən nüfuzlu mərkəzlərindən biridir.

Bu ali təhsil ocağı yalnız yüksəkixtisaslı mütəxəssislər yetişdirməklə kifayətlənmir, eyni zamanda gənclərdə vətənpərvərlik ruhunun, dövlətçilik təfəkkürünün, qanuna hörmət hissinin, insan ləyaqətinə ehtiramın və cəmiyyət qarşısında məsuliyyət duyğusunun formalaşdırılmasına xidmət edir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva BDU-nun "Məzun Günü"ndə səsləndirib.

Ombudsman bildirib ki, müasir dövrdə gənc mütəxəssislərdən yalnız savad və peşəkarlıq gözlənilmir: “Ohəm də ədalətli düşünməli, qanunun aliliyinə hörmət etməli, insan hüquq və azadlıqlarına əsaslanan yanaşma nümayiş etdirməli, cəmiyyətdə qarşılıqlı hörmət və məsuliyyət mədəniyyətinin möhkəmlənməsinə töhfə verməlidir”.

S.Əliyevanın sözlərinə görə, gələcəyin mütəxəssisləri olan məzunlar ölkəmizin inkişafında, cəmiyyətimizin daha da güclənməsində öz töhfəsini verməlidirlər: “Bunun üçün daim öyrənmək, yeniliklərə açıq olmaq, öz üzərinizdə çalışmaq və peşə fəaliyyətinizdə dürüstlük və peşəkarlığı əsas tutmaq vacibdir”.