Peşə tanınması imtahanında 16 nəfər uğur qazanıb
2026-cı il iyunun 14-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən peşə tanınması imtahanında iştirak edən 115 namizəddən yalnız 16-sı keçid balını toplayıb. Ümumilikdə 20 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 13,91 faiz təşkil edib.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə məlumat Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) 2026-cı ilin II rübü üzrə elektron bülletenində yer alıb.
Məlumata əsasən, imtahanda 99 nəfər uğursuz olub. Ən çox müraciət edilən ixtisas hüquqşünaslıq olub. Bu ixtisas üzrə imtahanda 57 nəfər iştirak edib, onlardan yalnız 10-u keçid balı toplaya bilib. Beləliklə, hüquqşünaslıq üzrə uğur göstəricisi 17,5 faiz təşkil edib.
Mühəndislik ixtisasları arasında yanğın təhlükəsizliyi mühəndisliyi üzrə 20 namizəd iştirak etsə də, onların heç biri uğurlu nəticə göstərməyib. Dəniz naviqasiyası mühəndisliyi ixtisasında 7 namizəddən 2-si, inşaat mühəndisliyi üzrə isə 5 namizəddən 1-i keçid balını toplayıb. Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisasında iştirak edən 7 namizədin hamısı imtahandan kəsilib.
TKTA bülletenində qeyd olunur ki, imtahanda ən çox müraciət edilən ilk üç ixtisas üzrə namizədlərin təhsil aldıqları ölkələr əsasında ayrıca təhlil də aparılıb. Məlumata görə, imtahanda iştirak edənlərin əksəriyyəti Rusiya Federasiyası, Ukrayna və Türkiyə Respublikasında ali təhsil almış məzunlar olub.




