Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək
Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasında peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, sənədə əsasən, peşə təhsilli ixtisaslı kadrlara daha çox ehtiyac olan və ortamüddətli dövrdə inkişafına investisiya qoyulacaq regionların, eləcə də həmin regionlarda tikiləcək və əsaslı təmir olunacaq peşə təhsili müəssisələri üzrə kadr hazırlığı həyata keçiriləcək peşə ixtisaslarının müəyyən edilməsi nəzərdə tutulur.
Tədbirlər Planına uyğun olaraq, tikiləcək və əsaslı təmir olunacaq peşə təhsili müəssisələrində 2029-2030-cu illərdə beynəlxalq ikili diplom proqramlarının tətbiqi planlaşdırılır.
Sənədə əsasən, həmin müəssisələrin təcrübəli və bilikli mühəndis-pedaqoji heyətlə komplektləşdirilməsi, eləcə də işəgötürənlərin müvafiq işçilərinin müəllim kimi təhsil prosesinə cəlb olunmasının nəzərdən keçirilməsi nəzərdə tutulur.
Bundan başqa, təhsilverənlərin (mühəndis-pedaqoji heyət) intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılması məqsədilə ixtisasartırma və yenidənhazırlama təlimlərinin təşkili planlaşdırılır.



