Pilotsuz laboratoriya fəaliyyətə başladı: robotlar iş başında

12 May, 2026 - 14:59
Pilotsuz laboratoriya fəaliyyətə başladı: robotlar iş başında

Yaponiyanın Tokio Elm İnstitutunun Yuşima kampusunda yerləşən Robototexnika İnnovasiya Mərkəzi (“Robotics Innovation Center”)   əvvəllər insan tədqiqatçılar tərəfindən aparılan tibbi təcrübələrin robotlar tərəfindən yerinə yetirildiyi laboratoriya açıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, universitetin məqsədi gələcəkdə tədqiqat prosesinin demək olar ki, tamamilə avtomatlaşdırılmasıdır. Burada “Maholo LabDroid” adlı humanoid model də daxil olmaqla 10 robot fəaliyyət göstərir. Laboratoriyada insan əməkdaş yoxdur.

Universitet uzunmüddətli perspektivdə avtomatların sayını əhəmiyyətli dərəcədə artırmağı və avtomatlaşdırma sistemlərini süni intellektlə inteqrasiya etməyi planlaşdırır.

İki qoldan istifadə edən robotlar müəyyən miqdarda reagentlərin köçürülməsi, temperatur nəzarətli avadanlıqların qapılarının açılması, əşyaların yerləşdirilməsi və çıxarılması kimi həssas tapşırıqları yerinə yetirə bilir. Artıq proqramlaşdırılmış hüceyrə yetişdirilməsi prosesi də avtomatik şəkildə həyata keçirilə bilir.

Universitet 2040-cı ilə qədər robotların sayını təxminən 2 minə çatdırmağı və hipotezlərin yaradılmasından eksperimental yoxlamaya qədər tədqiqat işlərinin demək olar ki, hamısını onların vasitəsilə aparmağı planlaşdırır.

Mərkəzin rəhbəri Keiçi Nakayama laboratoriyanın açılı mərasimində çıxışı zamanı belə deyib: “Biz Yaponiya  elmini dünyada ən yaxşı səviyyəyə çatdırmaq istəyirik”. O, bu məqsədə nail olmaq üçün süni intellekt və robototexnikanı əsas vasitələr kimi göstərib. Lentkəsmə mərasimində robotlar da iştirak edib.

Bu addım tədqiqat müəssisələrinin işçi qüvvəsi çatışmazlığı və eksperimental işlərdə insan səhvlərinin azaldılması zərurəti kimi problemlərlə üzləşdiyi bir dövrdə atılır.

“Maholo” artıq Yaponiyanın qərbində, Hyoqo prefekturasının Kobe şəhərində oftalmologiya sahəsinə fokuslanan bir xəstəxanada tətbiq olunub. Robot burada induksiya olunmuş pluripotent kök hüceyrələri ilə bağlı klinik tədqiqatlarda, o cümlədən hüceyrə kulturası işlərində istifadə edilir.

Kobedə “Maholo”nun fəaliyyətində iştirak edən tədqiqatçılar da bu mərkəzə qoşulublar.