Plan yerləri artsa da, rəqabət güclənib – Statistika
2025-ci ildə ölkə üzrə 111 min 527 nəfər məktəb məzunu olduğu halda, ali təhsil müəssisələrinə cəmi 60 min 339 plan yeri ayrılıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi "Abituriyent" jurnalının 12-ci buraxılışında qeyd olunub.
Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituriyent” jurnalında dərc etdiyi elmi-statistik materiallara əsasən, 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə qəbul planı ötən illə müqayisədə 1,96 faiz artırılaraq 60 min 339 yerə çatdırılıb. Lakin məzun sayının daha sürətlə artması səbəbindən hər 100 məzuna düşən plan yeri sayı 58,5-dən 54,1-ə enib.
Məlumata görə, qəbul planının 49 min 138 yeri dövlət, 10 min 317 yeri isə özəl ali təhsil müəssisələrinin payına düşüb. Dövlət sifarişi əsasında qəbul üçün isə 28 min 120 yer ayrılıb.
Statistikada diqqət çəkən digər məqam özəl ali təhsil müəssisələrinin qəbul planında qeydə alınan artımdır. Belə ki, ötən illə müqayisədə özəl universitetlərdə plan yerləri 1045 yer və ya 11,27 faiz artırılıb.
DİM-in məlumatında Azərbaycan və rus bölmələri üzrə birgə müsabiqəyə ayrılan yerlərin azalması da qeyd olunur. Bildirilir ki, bu il həmin yerlərin sayı 7,21 faiz azalıb və ümumi plan yerlərinin 21,06 faizini təşkil edib.




