Praktik layihələr peşəkar bacarıqların formalaşmasına xidmət edir

12 İyun, 2026 - 18:50
Praktik layihələr peşəkar bacarıqların formalaşmasına xidmət edir

Müasir əmək bazarının tələbləri göstərir ki, peşəkar mütəxəssis hazırlığında nəzəri biliklərlə yanaşı praktik bacarıqların formalaşdırılması da mühüm əhəmiyyət daşıyır. Xüsusilə informasiya-kommunikasiya texnologiyaları sahəsində təhsil alan tələbələrin real layihələr üzərində işləməsi onların gələcək peşə fəaliyyətinə hazırlanmasında mühüm rol oynayır.

Azərbaycanda təhsil sahəsində həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri də əmək bazarının tələblərinə cavab verən, müasir texnologiyalara yiyələnmiş və praktik bacarıqlara malik mütəxəssislərin hazırlanmasıdır. Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilalanlarda praktik bacarıqların formalaşdırılması, innovativ texnologiyaların tətbiqi və səriştəyönümlü təhsil modelinin inkişafı prioritet vəzifələr kimi müəyyən olunub. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda rəqəmsal səriştələrin inkişaf etdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının təhsil prosesində tətbiqinin genişləndirilməsi və rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması mühüm strateji hədəflər sırasında göstərilir. Məhz bu istiqamətdə həyata keçirilən tədbirlər təhsil müəssisələrində təcrübəyönümlü layihələrin hazırlanmasına və tələbələrin real peşə bacarıqlarının inkişaf etdirilməsinə geniş imkanlar yaradır.

Son illər təhsil sahəsində həyata keçirilən islahatlar çərçivəsində tədris prosesində nəzəri biliklərlə praktiki fəaliyyətin inteqrasiyasına xüsusi diqqət yetirilir. Kompetensiya əsaslı təhsil yanaşması tələbələrin yalnız bilik əldə etməsini deyil, həmin bilikləri real situasiyalarda tətbiq edə bilməsini də nəzərdə tutur. Bu baxımdan tələbələrin layihə əsaslı fəaliyyətə cəlb olunması onların peşə hazırlığının gücləndirilməsində mühüm rol oynayır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində “Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı” ixtisası üzrə təhsil alan tələbələr tərəfindən hazırlanmış “3 mərtəbəli inzibati binanın şəbəkə topologiyası” layihəsi də bu qəbildən olan uğurlu təcrübələrdən biridir.

Azərbaycan Dövlət Pedaqoji Kollecinin Riyaziyyat-informatika fənn birləşməsinin sədri və təcrübə rəhbəri Nüşabə Seyidin təşəbbüsü ilə pilot layihə kimi həyata keçirilən bu iş tələbələrin auditoriyada əldə etdikləri nəzəri biliklərin praktik fəaliyyətlə əlaqələndirilməsinə, onların peşə səriştələrinin formalaşdırılmasına və müasir informasiya texnologiyaları sahəsində tətbiqi bacarıqlarının inkişafına xidmət edib. Layihənin uğurla reallaşdırılmasında kollecdə yaradılmış müasir tədris mühiti və innovativ təşəbbüslərə göstərilən dəstək də mühüm rol oynayıb. Kollecin direktoru Amalya Sezginin rəhbərliyi ilə tələbələrin praktik hazırlığının gücləndirilməsinə, onların layihə və tədqiqat yönümlü fəaliyyətlərə cəlb olunmasına xüsusi diqqət yetirilir.

Layihənin hazırlanmasında əsas məqsəd tələbələrin kompüter şəbəkələrinin qurulması, idarə olunması və təhlükəsizliyinin təmin edilməsi sahəsində əldə etdikləri nəzəri bilikləri praktik müstəvidə tətbiq etmələrinə şərait yaratmaq olub. İş prosesində üçmərtəbəli inzibati bina üçün müasir tələblərə cavab verən şəbəkə infrastrukturu layihələndirilib, şəbəkənin fiziki və məntiqi strukturu hazırlanıb, təhlükəsizlik və nəzarət sistemlərinin inteqrasiyası nəzərdə tutulub.

Layihə üzərində iş komanda şəklində təşkil edilib. Tələbələr müxtəlif istiqamətlər üzrə araşdırmalar apararaq şəbəkə inzibatçılığının mühüm komponentlərini öyrənib və tətbiq ediblər. Şəbəkə təhlükəsizliyi, IP ünvanlaşdırılması, avadanlıqların konfiqurasiyası, məlumat ötürülməsi sistemləri, videomüşahidə texnologiyaları və biometrik giriş sistemləri layihənin əsas istiqamətlərini təşkil edib.

Layihənin rəhbəri Mehdi Zərbəliyev olub. O, layihənin ümumi koordinasiyasını həyata keçirib, şəbəkə topologiyasının çertyojunu hazırlayıb və istifadə olunacaq avadanlıqların siyahısını tərtib edib. Layihənin vizual hissəsi üzərində çalışan Günay Tarverdiyeva isə binanın üçölçülü modelini hazırlayaraq layihənin qrafik təqdimatını yaradıb.

Tələbələr tərəfindən hazırlanmış modeldə server və şəbəkə avadanlıqlarının yerləşdirilməsi, mərtəbələrarası əlaqələrin təşkili, təhlükəsizlik sistemlərinin tətbiqi, videomüşahidə vasitələrinin inteqrasiyası və biometrik girişə nəzarət mexanizmləri öz əksini tapıb. Bununla yanaşı, şəbəkə avadanlıqlarının konfiqurasiyası, məlumat mübadiləsinin təşkili və şəbəkənin xarici müdaxilələrdən qorunması ilə bağlı həllər də layihədə nəzərdə tutulub.

Layihənin hazırlanması tələbələrə yalnız texniki biliklərini möhkəmləndirmək imkanı yaratmayıb. Onlar eyni zamanda komanda şəklində işləmək, fəaliyyətin planlaşdırılması, problemlərin təhlili, qərar qəbul edilməsi və təqdimat bacarıqlarını da inkişaf etdiriblər. Bu baxımdan layihə tədris prosesində nəzəri biliklərlə praktikanın vəhdətinin təmin olunmasına xidmət edən uğurlu nümunələrdən biri hesab edilə bilər.

Təhsil sistemində praktik yönümlü layihələrin həyata keçirilməsi tələbələrin peşə səriştələrinin formalaşmasına, innovativ düşüncə tərzinin inkişafına və əmək bazarının tələblərinə uyğun mütəxəssis kimi yetişmələrinə mühüm töhfə verir. “3 mərtəbəli inzibati binanın şəbəkə topologiyası” layihəsi də tələbələrin əldə etdikləri bilik və bacarıqları real şəraitə yaxın modellər üzərində tətbiq etmələrinin uğurlu nümunəsi kimi qiymətləndirilə bilər.

Layihənin hazırlanmasında Mehdi  Zərbəliyev, Günay Tarverdiyeva, Elmira  Məlikli, Sara Məmmədova, Şahin Abbasov, Bəyimxanım Hüseynova, Zərifə  İsmayılova və Gülbacı Sadıqzadə iştirak ediblər.

Nüşabə Seyid,
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin 
Riyaziyyat-İnformatika fənn birləşməsinin sədri

Praktik layihələr peşəkar bacarıqların formalaşmasına xidmət edir
Praktik layihələr peşəkar bacarıqların formalaşmasına xidmət edir
Praktik layihələr peşəkar bacarıqların formalaşmasına xidmət edir