Ömrünü təhsilə həsr edən alim – Mehdi Mehdizadə
Əvvəlcə onu qeyd edim ki, sevdiyim pedaqoq Mehdi müəllim haqqında məqalə yazmaq mənim üçün çox şərəflidir. Haqqında oxuduğum kitab və məqalələrdən onun əsl ziyalı,əsl pedaqoq,xeyirxah xalq adamı olduğunu bilirəm.O, Azərbaycan xalqının gələcəyi, böyüyən nəslin təhsili,təlim-tərbiyəsi üçün çox böyük işlər görmüşdü.Bu məqaləni yazmaqda da əsas məqsədim bu hörmətli professorumuzu xatirə günündə bir daha anmaqdır. Onsuz da, Xalq Təhsili Muzeyində muzeyə gələn hər kəsə, müəllimlərə ,şagirdlərə hər gün bu şərəfli insandan,onun yaradıcılığı,necə insan olması haqqında xeyli məlumat veririk. Onu da deyim ki, Xalq Təhsili Muzeyınin fond materialları və ekspozisiyasında Mehdi müəllim haqqında xeyli məlumatlar var, əsərləri, kitabları,dərslikləri, hətta onun şəxsi əşyaları da muzeyimizin ekspozisiyasında nümayiş etdirilir.
Mehdi Məmməd oğlu Mehdizadə 1903-cü ildə Cəbrayıl qəzasının Daşkəsən kəndində anadan olub. Həmin dövrdə kənddə dini təhsillilərlə yanaşı, dünyəvi təhsil alanlar da var idi. 1914-cü ildə Daşkəsən kəndində təlim rus dilində aparılan ibtidai məktəb açılır. Mehdi müəllim həmin məktəbə daxil olanda 11 yaşı var idi. 1919-cu ildə 16 yaşlı Mehdi Daşkəsən kənd ibtidai məktəbinin ilk məzunlarından biri olur. Onun arzusu müəllim olmaq, millətinin balalarına dərs demək idi. Həmin dövrdə rayon mərkəzində 6 aylıq pedaqoji kursların açılması onun arzusunu yerinə yetirməyə imkan yaradır. Gənc pedaqoq 1921-ci ilin oktyabrından müəllim kimi fəaliyyətə başlayır. Bir müddət sonra müdir olduğu məktəbdə təlim-tərbiyə işini yüksək səviyyəyə qaldırır, kəndli balalarını sevə-sevə, əzizləyə əzizləyə məktəbə cəlb edir. Onlar üçün dəftər-kitab gətirir, həm öyrədir, həm öyrənir, özünütəhsillə ciddi məşğul olur, biliyini artırır. 1923-cü ildə Xalq Maarif Komissarlığı tərəfindən aparılan yoxlamalardan sonra, yüksək tədris nəticəsinə görə gənc müəlllim Mehdini mükafatlandırırlar.
İlk uğurundan ruhlanan, müəyyən pedaqoji təcrübəyə və nəzəri hazırlığa yiyələnən Mehdi müəllimdə yeni arzu , tam pedaqoji təhsil almaq arzusu oyanır. 1923-cü ilin martında Cəbrayıl qəzasından Bakıya 3 aylıq ali pedaqoji kursa göndərilir. Hazırlıq kursunun sonunda imtahan verib 1924-cü ildə Azərbaycan Pedaqoji institutun fizika-riyaziyyat fakültəsinin 1-ci kursuna qəbul edilir. 1926-cı ildə təhsilini başa vurduqdan sonra Cəbrayıl qəzasında orta təhsil verən məktəbdə pedaqoji işini davam etdirir. Həmin dövrdə o, yalnız tədris-metodiki işlərlə deyil, ümumpedaqoji problemlərlə də maraqlanır, qəza müəllimlərinin işinə metodiki yardım göstərirdi.
1930-cu ilin martında Azərbaycan SSR Xalq Maarif Komissarlığı İctimai Tərbiyə Baş İdarəsinin elmi katibi, daha sonra Xalq Maarif Komissarının birinci müavini Ayna Sultanovanın köməkçisi təyin edilir, 1931-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı nəzdində təşkil edilmiş aspiranturaya pedaqogika ixtisası üzrə qəbul edilir. Elə həmin vaxtdan ali məktəbdə - Azərbaycan Dövlət Pedaqoji İnstititutunda elmi pedaqoji fəaliyyətə başlayır, pedaqogika tarixinə, müasir təlim-tərbiyə məsələrinə aid məqalələrlə dövri mətbuatda çıxış edir.
Mehdi Mehdizadə 1941-ci ildə “Azərbaycan məktəblərində savad təlimi tarixi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi alır. 1941-1942-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tədris işləri üzrə direktor müavini vəzifəsində çalışır. 1942-1946-ci illərdə İkinci Dünya müharibəsinin qanlı döyüşlərində iştirak edir.
Müharibədən qayıtdıqdan sonra 1946-1950-ci illərdə doğma institutda elmi pedaqoji fəaliyyətini davam etdirərək pedaqogika kafedrasının müdiri, fakültə dekanı, elmi işlər üzrə direktor müavini vəzifələrində ləyaqətlə çalışır. Mehdi Mehdizadə 1952-ci ilin martında Azərbaycan SSRİ-nin maarif naziri vəzifəsini təyin edilir. 3 il bu vəzifədə işləyir.
1956-cı ildə “Azərbaycan sovet məktəbinin tarixi” mövzusunda yazdığı dissertasiyasını Moskvada uğurla müdafiə edir. Görkəmli alim və təhsil təşkilatçısı 1960-cı il mart ayında yenidən Azərbaycan SSR maarif naziri vəzifəsinə təyin edilmişdir.
Mehdizadənin 1960-cı illərin əvvəllərində Azərbaycan, rus və digər dillərdə nəşr etdirdiyi elmi məqalələr, kitablar, müxtəlif ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumlarda etdiyi məruzələr Azərbaycan məktəbinin və pedaqoji elminin dünyada tanınmasına təkan verdi. Alimin “Azərbaycan məktəbləri yenidənqurma yollarında”, “Məktəbdə təlim-tərbiyə işlərinin yenidən qurulması” adlı kitabları, “Təlimin məhsuldar əməklə birləşdirilməsinə dair bəzi qeydlər”, “Dərsdə şagirdlərin fəallığını artırmaq haqqında bəzi qeydlər” və digər məqalələri apardığı elmi tədqiqatların nə qədər əhəmiyyətli və çoxsahəli olduğuna dəlalət edir. Mehdi müəllim 1961-1965-ci illərdə YUNESKO-nun yaşlıların təhsili üzrə məsləhət Komitəsinin daimi üzvü olmuş, 23 il ərzində məharətlə, şəxsi nümunə göstərməklə Azərbaycan Xalq Maarif sisteminə ləyaqətlə rəhbərlik etmişdir.
Mehdi Mehdizadə 10 cildlik “Azərbaycan sovet Ensiklopediyası”nın, Moskvada nəşr olunan “Pedaqoji ensiklopediya”nın, 2 cildlik “Pedaqoji lüğət”in müəlliflərindən biri kimi tanınır. Onun ölkəmizdə məktəb quruculuğu, xalq maarifinin təşkili, təhsilin məzmunu, təlim metodlarının təkmilləşdirilməsi, tərbiyəvi işlərin xalq maarifinin idarə olunmasında gördüyü işlər təhsil sistemimizə böyük fayda vermişdir.
Ölkəmizin xalq maarifinin müxtəlif pillələrində uzun müddət çalışanlar, öz xatirələrində etiraf edirlər ki, o, çox böyük şəxsiyyət, gözəl insan idi. Mehdi müəllimin yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasında böyük xidmətləri olmuş, onun rəhbərliyi ilə neçə-neçə namizədlik və doktorluq dissertasiyaları müdafiə edilmişdir.
Akademik Mehdi Mehdizadənin zəngin pedaqoji irsində təhsilin idarə edilməsinə dair nəzəri fikirləri böyük maraq doğurmuşdur. Mehdi müəllimin təhsili idarəetməyə dair baxışları, fikirləri, mükəmməlliyi, elmi-nəzəri və praktik dəyəri illə öz dövründə yüksək qiymətləndirilmişdir. Onun geniş elmi-pedaqoji fəaliyyəti, parlaq şəxsi nümunəsi ilə böyük bir məktəb yaratmışdır. Mehdi müəlimin 23 ilə yaxın ölkə maarif sisteminə rəhbərlik etdiyi dövrün 10 ili Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrə təsadüf edib, 1981-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
Mehdi Mehdizadə 24 fevral 1980-ci ildə Azərbaycan SSR maarif naziri vəzifəsindən öz ərizəsinə əsasən, azad edilmiş, ömrünün sonunadək Azərbaycan elmi-tədqiqat Pedaqoji Elmlər İnstitutunun elmi məsləhətçisi olmuşdur. İşlədiyi müddətdə qeyri-adi səmimiliyi, təvazökarlığı, geniş dünyagörüşü sadəliyi ilə əməkdaşların rəğbətini qazanmışdır. Müəllimliklə alimlik onun şəxsiyyətinə daim vəhdətdə olmuş, bir-birini tamamlamşdır. Onu da qeyd edim ki,Mehdi müəllim təhsilə ən uzun müddət rəhbərlik edən şəxsiyyətlərdən biri olmuşdur.
Mehdi müəlim böyük alim, ictimai siyasi xadim, müdrik şəxsiyyət olması ilə yanaşı qayğıkeş ailə başçısı idi. O, işdə olduğu kimi, ailədə də öz tələbkarlığını şəxsiyyətə hörmətlə uzlaşdırmış, övladlarının da doğma xalqına layiq vətəndaş kimi böyütmüşdür. O unudulmaz insan, 1984-cü il may ayının 1-də 81 yaşında vəfat edib.
Onun əməkləri dövlətimiz və xalqımız tərəfindən layiqincə qiymətləndirilmiş, Lenin ordeni, 3 dəfə Qırmızı Əmək Bayrağı ordeni və digər medallarla təltif edilmiş, əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Görkəmli alimimizin əsərləri Azərbaycan pedaqoji elminin qiymətli incisi kimi bu gün də öz qiymətini qoruyub saxlayır.
Bir sözlə , biz hər zaman bu dəyərli insanın xatirəsini hörmətlə yad edəcəyik.
Ruxsarə Məmmədova,
Xalq Təhsili Muzeyinin Ekspozisiya şöbəsinin müdiri



