Professor Məhəmməd Quliyev vəfat edib
Bakı Dövlət Universitetinin (BDU) Diferensial və inteqral tənliklər kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru, universitetin Həmkarlar İttifaqı Komitəsinin 1995–2006-cı illərdə sədri olmuş Məhəmməd Quliyev vəfat edib.
"Azərbaycan müəllimi" xəbər verir ki, Məhəmməd Quliyev 1943-cü il sentyabrın 27-də Qubadlı rayonunun Xanlıq kəndində anadan olub.
O, 1959–1965-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra, 1965–1967-ci illərdə Xanlıq orta məktəbində müəllim kimi fəaliyyət göstərib.
1974-cü ildən etibarən Bakı Dövlət Universitetində çalışıb. Uzun illər ərzində elmi-pedaqoji fəaliyyət göstərən alim diferensial və inteqral tənliklər sahəsində mühüm tədqiqatların müəllifi olub.
Məhəmməd Quliyev 1995-ci ildə BDU Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib və 2006-cı ilədək bu vəzifədə çalışıb. Fəaliyyəti dövründə universitet əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm işlər həyata keçirib.




