"Prosesə məsuliyyətlə yanaşanda nəticə də uğurlu olur” - Sertifikasiyanın ilk günündən REPORTAJ

17 İyun, 2026 - 16:12
"Prosesə məsuliyyətlə yanaşanda nəticə də uğurlu olur” -  Sertifikasiyanın ilk günündən REPORTAJ

İyunun 17-də dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə start verilib. Şəki-Zaqatala bölgəsində müəllimlər yüksək nəticə göstəriblər.

“Azərbaycan müəllimi” Şəki şəhər 20 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən sertifikatlaşdırmanın test mərhələsini yaxından izləyib, imtahanın təşkili, müəllimlər üçün yaradılan şərait və iştirakçıların nəticələri ilə maraqlanıb.

Görmə məhdudiyyətli müəllimin imtahanda iştirakı üçün xüsusi şərait yaradılıb

Sertifikatlaşdırma prosesində iştirak edən müəllimlər arasında Zaqatala rayon Əliabad qəsəbə 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Günel Məmmədova da olub. I qrup əlilliyi olan, görmə məhdudiyyətli müəllimin imtahan prosesində iştirakı üçün zəruri şərait yaradılıb.

Günel Məmmədovanın sertifikatlaşdırma prosesində iştirakı imtahanlarda bərabər imkanların təmin olunması, sağlamlıq imkanlarından asılı olmayaraq hər bir müəllimin peşəkar inkişaf proseslərinə cəlb edilməsi baxımından diqqət çəkib.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, sertifikatlaşdırma prosesi müəyyən edilmiş qaydalara uyğun, şəffaf, operativ və müəllimlərin rahatlığı nəzərə alınmaqla təşkil olunub.

İmtahan zamanı bütün iştirakçılar üçün bərabər və ədalətli şəraitin yaradılması əsas diqqət mərkəzində saxlanılıb. Xüsusilə I qrup əlilliyi olan görmə məhdudiyyətli müəllimin imtahanda iştirakı üçün lazımi şəraitin təmin edilməsi inklüziv yanaşmanın və insan amilinə həssas münasibətin göstəricisi kimi qiymətləndirilib:

“Bizim üçün vacib məqamlardan biri odur ki, hər bir müəllim sağlamlıq imkanlarından asılı olmayaraq peşəkar inkişaf proseslərində iştirak edə bilsin. Görmə məhdudiyyətli müəllimimizin imtahan prosesində iştirakı üçün zəruri şərait yaradılıb, ona xüsusi nəzarətçi ayrılıb. Bu, həm sertifikatlaşdırma prosesinin qaydalara uyğun təşkili, həm də bərabər imkanların təmin olunması baxımından mühüm yanaşmadır. Təhsil sistemində hər bir müəllimin əməyinə, şəxsiyyətinə və peşəkar inkişaf hüququna hörmətlə yanaşılması olduqca vacibdir”.

“Çətin idi, amma yüksək səviyyədə təşkil olunmuşdu”

Sertifikatlaşdırma prosesində iştirak edən müəllimlər arasında yüksək nəticə göstərənlər də olub. Qəbələ şəhər 5 nömrəli tam orta məktəbin rus dili müəllimi Esmira Qədirova test imtahanından 57 bal toplayıb.

8 ildir müəllim kimi fəaliyyət göstərən Esmira Qədirova bildirib ki, imtahan sualları çətin olsa da, proses yüksək səviyyədə təşkil olunmuşdu:“İmtahan çətin idi, amma yüksək səviyyədə təşkil olunmuşdu. Suallar da kifayət qədər düşündürücü idi. Özüm hazırlaşmışdım, bu prosesə məsuliyyətlə yanaşanda nəticə də uğurlu olur”.

Esmira Qədirovanın sözlərinə görə, sertifikatlaşdırma müəllimin öz biliklərini yenidən nəzərdən keçirməsi, zəif və güclü tərəflərini müəyyənləşdirməsi baxımından əhəmiyyətlidir. O hesab edir ki, müəllim daim öyrənməli, öz fənninə və metodiki hazırlığına ciddi yanaşmalıdır.

“Suallar yaxşı idi, iki sual üzərində düşündüm”

Şəki şəhər 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Afət Muxtarlı da sertifikatlaşdırma imtahanından 57 bal toplayıb. 9 ildir pedaqoji fəaliyyətlə məşğul olan müəllim bildirib ki, imtahan sualları ümumilikdə yaxşı hazırlanmışdı. Afət Muxtarlı qeyd edib ki, imtahana müstəqil şəkildə hazırlaşıb və prosesə məsuliyyətlə yanaşıb: “Suallar yaxşı idi. Özüm hazırlaşmışdım. Azərbaycan dili üzrə iki sual üzərində bir qədər düşündüm. Ümumilikdə imtahan normal keçdi”.

Onun sözlərinə görə, sertifikatlaşdırma müəllimi öz fənn biliklərini yeniləməyə, pedaqoji yanaşmalarını təkmilləşdirməyə və peşəkar inkişafına daha ciddi yanaşmağa sövq edir. Afət Muxtarlı hesab edir ki, müəllim üçün əsas məsələ yalnız imtahandan yüksək bal toplamaq deyil, həmin hazırlıq prosesində qazandığı bilikləri dərs prosesində şagirdlərin inkişafına yönəltməkdir.

Qeyd edək ki, Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırma nəticələri onların əməkhaqlarına ediləcək əlavələrin müəyyənləşdirilməsində nəzərə alınır.

Sertifikatlaşdırma prosesində iştirak edən bütün müəllimlərə uğurlar arzulayırıq.