Qabiliyyət imtahanı verənlərin 55,4 faizi ixtisas seçiminə buraxılıb
Dövlət İmtahan Mərkəzin DİM) bu il keçirilən qabiliyyət imtahanlarının nəticələri ilə bağlı məlumat paylaşıb.
DİM-dən “Azərbaycan müəllimi”nə biıdirilib ki, bu il qabiliyyət imtahanları iyunun 22-dən avqustun 7-dək keçirilib. İmtahanlar I ixtisas qrupu üzrə Memarlıq, III ixtisas qrupu üzrə Jurnalistika və İslamşünaslıq, V ixtisas qrupu üzrə isə Musiqi sənəti, Təsviri sənət, Teatr, kino və xoreoqrafiya sənəti və İdman istiqamətləri üzrə təşkil olunub. Ümumilikdə bu istiqamətlər üzrə 25 314 nəfər üçün qabiliyyət imtahanı keçirilib.
Memarlıq istiqaməti üzrə qeydiyyatdan keçən 369 nəfərdən 299-u müsbət, 36-sı qeyri-məqbul qiymət alıb, 34 nəfər isə imtahana gəlməyib. Jurnalistika üzrə 827 nəfərdən 543-ü müsbət, 95-i qeyri-məqbul qiymətləndirilib, 189 nəfər imtahana gəlməyib. İslamşünaslıq istiqaməti üzrə isə qeydiyyatdan keçən 215 nəfərdən 59-u müsbət, 105-i qeyri-məqbul qiymət alıb, 51 nəfər imtahanda iştirak etməyib.
V ixtisas qrupunun Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanları 14 ixtisas üzrə iki mərhələdə keçirilib. Qeydiyyatdan keçən 1449 nəfərdən 608-i hər iki mərhələnin sonunda müsbət nəticə göstərib, 213 nəfər imtahana gəlməyib, 628 nəfər isə qeyri-məqbul qiymət alıb. İmtahanda iştirak edənlərin 49,2 faizi müsbət nəticə göstərib.
Təsviri sənət istiqaməti üzrə 6 ixtisasda keçirilən qabiliyyət imtahanlarında qeydiyyatdan keçən 7689 nəfərdən 3041-i müsbət, 3298-i qeyri-məqbul qiymətləndirilib, 1350 nəfər imtahana gəlməyib. İmtahanda iştirak edənlərin 47,97 faizi müsbət nəticə göstərib. Qeyd olunub ki, “Dizayn” ixtisasında qabiliyyət imtahanının nəticəsi bu ildən etibarən məqbul ilə qiymətləndirilir.
Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti üzrə 5 ixtisasda imtahan keçirilib. Qeydiyyatdan keçən 1024 nəfərdən 253-ü müsbət, 302-si qeyri-məqbul qiymət alıb, 469 nəfər isə imtahana gəlməyib. İmtahanda iştirak edənlərin 45,6 faizi müsbət nəticə göstərib. Bu il “Aktyor sənəti” ixtisası üzrə müsabiqə şərti 60 baldan 100 bala, “Xoreoqrafiya sənəti” ixtisası üzrə isə 30 baldan 50 bala yüksəldilib.
İdman istiqaməti üzrə üç komissiya çərçivəsində 31 ixtisas üzrə qabiliyyət imtahanları təşkil olunub. Qeydiyyatdan keçən 13 741 nəfərdən 5898-i müsbət, 3666-sı qeyri-məqbul qiymət alıb, 4177 nəfər isə imtahana gəlməyib. İmtahanda iştirak edənlərin 61,6 faizi müsbət nəticə göstərib.
Ümumilikdə V ixtisas qrupu üzrə qeydiyyatdan keçən 23 903 nəfərdən 6209-u imtahana gəlməyib. İmtahanlarda iştirak edən 17 694 nəfərin 9800-ü məqbul, 7894-ü isə qeyri-məqbul qiymət alıb. Beləliklə, V ixtisas qrupu üzrə qabiliyyət imtahanında iştirak edənlərin 55,4 faizi müsbət nəticə göstərərək ixtisas seçimi mərhələsində iştirak etmək hüququ qazanıb.




