“Qalib gələcəyimi düşünmürdüm” – Lotereya ilə NDU-da təhsil şansı qazanan qazaxıstanlı şagird

22 Aprel, 2026 - 10:04
“Qalib gələcəyimi düşünmürdüm”

Bu yaxınlarda Qazaxıstanın Almatı şəhərində keçirilən “Study in Azerbaijan” təhsil sərgisi Azərbaycanın ali təhsil imkanlarının beynəlxalq müstəvidə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyıb. Sərgidə ölkənin 25-ə yaxın aparıcı ali təhsil müəssisəsi ilə yanaşı, Naxçıvan Dövlət Universiteti də təmsil olunub. Tədbirdə universitetin rektoru Elbrus İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Tədbirin ən yaddaqalan məqamlarından biri isə lotereya oyunu olub. Bu oyunda 3 qazaxıstanlı şagird Naxçıvan Dövlət Universitetində təqaüdlə təhsil almaq imkanı qazanıb. 

“Azərbaycan müəllimi” qaliblərdən biri – Almatı şəhəri 160 nömrəli icbari məktəbin X sinif şagirdi Muslim Nursalinovla həmsöhbət olub.  

Muslim qalib olduğunu öyrəndiyi anı belə xatırlayır: “Çox təəccübləndim, çünki qalib gələcəyimi düşünmürdüm”.
Naxçıvan Dövlət Universitetində təqaüdlə təhsil almaq imkanının onun üçün nə ifadə etdiyinə gəlincə, Muslim bu barədə hələ geniş məlumat toplamadığını deyir: “Naxçıvan Dövlət Universiteti haqqında geniş məlumatım yoxdur və planlaşdırıram ki, universitet haqqında məlumat araşdırım”.

Gələcək ixtisas seçiminə gəldikdə  isə, o, biznes sahəsində təhsil almağı planlaşdırır.
Muslim Nursalinov seçim motivasiyası barədə danışarkən səmimi fikirlərini də gizlətmir. Deyir ki, sərgiyədək Azərbaycanda təhsil almağı xüsusi olaraq düşünməyib: “Amma fikrimcə, oradakı təhsil yaxşıdır”.

Onun qazandığı bu uğur ailəsi və müəllimləri tərəfindən böyük sevinclə qarşılanıb: “Hamı çox xoşbəxt idi və xoş şəkildə təəccüblənmişdi”.

Digər şagirdlərə tövsiyəsini verən Muslim uğurun əsas amillərini belə ifadə edir: “Çox çalışmaq, həmişə özünə inanmaq və arzularını gerçəkləşdirmək”. 

Maraqlıdır, qalib şagirdlər üçün təqaüd və sosial dəstək imkanları nəzərdə tutulubmu? Sərgidə nümayəndə heyətinin tərkibində iştirak edən NDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə deyir ki, şagirdlər NDU-nun tələbəsi adını qazandıqdan sonra hər ay təqaüd alacaqlar:

“Tələbələr qəbul prosesi də daxil olmaqla təhsil həyatlarının bütün mərhələlərində komandamız tərəfindən daim diqqətdə saxlanılır. Onların akademik uyğunlaşmaları, xüsusilə də təhsil alacaqları proqram üzrə dil biliklərinin dərinləşdirilməsi məqsədilə hazırlıq kursu təşkil edilir. İnzibati və hüquqi məlumatlandırma aparılaraq qeydiyyat, viza və yaşayış icazəsi prosedurlarında dəstək göstərilir. Tələbələrin sosial və mədəni uyğunlaşmaları üçün mədəni layihələr və sosial inteqrasiya fəaliyyətləri icra olunur”. 

Aidə Cəlilzadə deyir ki, gələcəkdə bu kimi layihələrin davam etdirilməsi planlaşdırılır: “Əcnəbi tələbələr qeyri-rəsmi səfir rolunu oynayırlar. Onların sayı artdıqca ölkələr arasında akademik, iqtisadi və mədəni əlaqələr daha da dərinləşir. Bu baxımdan təbii ki, NDU-da bu qəbildən olan müxtəlif fəaliyyətlərin icrasının davamlı və dayanıqlı olması üçün yeni layihələr təqdim ediləcək”.

Qeyd edək ki, sərgi çərçivəsində NDU ilə Qazaxıstanın bir sıra ali təhsil müəssisələri – Ualikhanov Universiteti, Cənubi Qazaxıstan Tibb Akademiyası, Almatı Menecment Universiteti, Yessenov Universiteti, Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universiteti və Qazaxıstan Tibb Universiteti (KSPH) arasında əməkdaşlıq memorandumları da imzalanıb. Bu sənədlər akademik mübadilə, ikili diplom proqramları və birgə elmi fəaliyyət sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.