Qanla yazılan qəhrəmanlıq salnaməsi – AzMİU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Yanvarın 19-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) xalqımızın qürur mücəssəməsinə çevrilən, ən yeni tariximizin şərəfli səhifələrindən biri olan 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları universitetdəki şəhidlər guşəsinin qarşısına güllər düzərək Vətənin qəhrəman oğullarının müqəddəs ruhuna ehtiramlarını ifadə ediblər. Daha sonra Ümummilli Lider Heydər Əliyevin, 20 Yanvar şəhidlərinin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canınını fəda edən soydaşlarımızın xatirələri bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
AzMİU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev bildirib ki, Qanlı Yanvar hadisələrindən 36 il keçməsinə baxmayaraq xalqımız bu faciəni yaddan çıxarmır, dərin hörmət və ehtiramla yad edir. Prorektor deyib ki, xalqımız kimi AzMİU kollektivi də şəhidlərimizi unutmur, xatirələrini daim uca tutur.
O nəzərə çatdırıb ki, universitetimizdə yaradılan şəhidlər guşəsi bizim üçün müqəddəs yerdir, burada şəhid olmuş məzun və əməkdaşlarımızın adları həkk olunub.
Bu guşənin tələbələrimiz üçün qəhrəmanlıq və vətənpərvərlik guşəsi olduğunu deyən Orxan Naqdiyev hər zaman şəhidlərimizə borclu olduğumuzu, onların fədakarlığı sayəsində bu gün müstəqil və güclü dövlətə sahib olduğumuzu vurğulayıb.
Biznesin iqtisadiyyatı və menecment kafedrasının müdiri Məhəbbət Məmmədov çıxışında 20 Yanvar faciəsinin xalqımızın tarixi yaddaşındakı əhəmiyyətini vurğulayıb, Qanlı Yanvar hadisələrini xalqımızın azadlıq uğrunda başladığı mübarizənin ilkin addımları kimi dəyərləndirib. O, gəncləri şəhidlərin qanı ilə yazılan şanlı tariximizi unutmamağa və gələcək nəsillərə ötürməyə səsləyib.
AzMİU-nun magistrantı Məryəm Əliyeva çıxışında 20 Yanvar hadisələri haqqında ona və onun kimi gənclərə məlumat verən müəllimlərə, ziyalılara təşəkkür edib, bu tarixi yaddaşın gənclərin yüksək vətənpərvərlik hissi ilə formalaşmasına təsirindən danışıb.
Çıxışlardan sonra 20 Yanvar faciəsindən bəhs edən “20 Yanvarda doğulanlar” adlı sənədli film nümayiş etdirilib.



