Qarabağ Universiteti bölgənin iqtisadi potensialının artmasına çox böyük töhfə verəcək – Mikayıl Cabbarov
"Düşünürəm ki, bizim xidmət sektoru da nəzərdən qaçmamalıdır. Çünki hamımızın hər zaman qeyd etdiyi turizmlə yanaşı, işğaldan azad olunmuş ərazilərə gələrkən əslində yeni bir modeli – Xankəndidə Qarabağ Universiteti layihəsini də görürük. Belə ki, şəhər-universitet, universitet-şəhər modelini həyata keçirməyimiz, fikrimcə, uzunmüddətli dövrdə bizə böyük iqtisadi dividendlər də verəcək".
"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov İctimai Televiziyaya (İTV) və Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) məxsusi müsahibəsində söyləyib.
Nazir bildirib ki, bu, yalnız o şəhərin canlanması, orada tələbə və müəllim-professor heyətinin formalaşması deyil, həmçinin yaradıcı iqtisadiyyatın faktiki olaraq oraya gətirilməsidir: "Nəzərə almaq lazımdır ki, həm Qarabağda, həm də Şərqi Zəngəzurda bizim hər zaman yaradıcılıqla bağlı tərəfimiz güclü olub.
Düşünürəm ki, bugünkü iqtisadi model və yanaşmalar, xüsusilə də Qarabağ Universitetində təhsilin müxtəlif dillərdə həyata keçirilməsi və onun mövcud iqtisadi ekosistemlə bağlantısı, o bölgənin iqtisadi potensialının artırılmasına çox böyük töhfə verəcək".




