Qarabağ Universiteti və ABB arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

17 Oktyabr, 2024 - 17:06

Qarabağ Universiteti və Azərbaycan Beynəlxalq Bankı (ABB) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, sənədi Qarabağ Universitetinin rektoru Şahin Bayramov və ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov imzalayıb.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov tədbirdə çıxış edərək dövlət başçısı tərəfindən qarşıya qoyulan  strateji hədəflərdən danışıb. Ş.Bayramov universitetə qəbul olan tələbələrin göstəricilərinin olduqca yüksək olduğunu, eləcə də  professor-müəllim heyəti barədə məlumatları diqqətə çatdırıb. Rektor universitet üçün bu cür tərəfdaşlıqların zəruri olduğunu vurğulayıb.

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov Qarabağ Universitetinin ilk tərəfdaşı olmaqdan məmnun olduğunu ifadə edərək bildirib ki, Qarabağı, Şərqi Zəngəzuru elm və təhsil məkanına çevirmək hər birimizin əsas missiyasıdır.

İmzalanan memoranduma əsasən, universitetin ən yüksək təhsil nailiyyətləri olan 30 xanım tələbəsinə Qarabağda təhsilin və mədəniyyətin inkişafına böyük töhfələri olmuş görkəmli şairə Xurşidbanu Natəvanın şərəfinə “Natəvan təqaüdü” veriləcək.

Onu da qeyd edək ki, Qarabağ Universitetinin tələbələri üçün ABB tərəfindən yay tətili dövründə təcrübə proqramlarının  təşkili də nəzərdə tutulur.