Əziz Ələkbərli: Festival soydaşlarımızın baba yurdlarına qayıdacağına olan qətiyyətin ifadəsidir

18 İyun, 2026 - 13:49
Əziz Ələkbərli: Festival soydaşlarımızın baba yurdlarına qayıdacağına olan qətiyyətin ifadəsidir

Tarixi torpaqlarımızda yaşayan Qərbi azərbaycanlı soydaşlarımızın məruz qaldığı bütün faciələrə birbaşa Naxçıvan və bu qədim torpaqlar şahidlik edib. Bu baxımdan, bu cür tədbirlərin məhz burada keçirilməsi həm də qarşı tərəfə ünvanlanan mühüm bir mesajdır. Bu, soydaşlarımızın öz ata-baba yurdlarına qayıdacağına olan inamın və qətiyyətin ifadəsidir.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu sözləri Naxçıvanda jurnalistlərə müsahibəsində Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.

O qeyd edib ki, konqres-festival çərçivəsində Qərbi Azərbaycana məxsus zəngin mədəni irsin nümayiş etdirilməsi də xüsusi əhəmiyyət kəsb edir:

"Bununla dünyaya çatdırırıq ki, Qərbi Azərbaycan torpaqlarında soydaşlarımız əsrlər boyu zəngin maddi və mənəvi irs formalaşdırıblar. Bu insanların öz doğma yurdlarına qayıtması həm onların fundamental insan hüququ, həm də beynəlxalq hüququn tanıdığı qanuni haqqıdır. Heç bir beynəlxalq norma və ya hüquqi prinsip bu insanların öz doğma evlərinə qayıtmaq hüququnu inkar edə bilməz".

Əziz Ələkbərlinin sözlərinə görə, bu gün Ermənistan rəhbərliyi həmin qayıdış hüququnu tanımaqdan yayınmağa çalışır. Lakin Prezident İlham Əliyevin bölgədə yaratdığı yeni reallıqlar qarşı tərəfə açıq mesaj verir ki, Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdışı qaçılmazdır. Ermənistan rəhbərliyi gec olmadan bu reallığı qəbul etməli, bu tarixi həqiqəti dərk etməli və soydaşlarımızın sülh və qarşılıqlı anlaşma şəraitində öz doğma torpaqlarına qayıdışına şərait yaratmalıdır.

Əslində, hansı formada olursa-olsun, bu insanların öz ata-baba yurdlarına qayıdışı qarşısıalınmaz bir prosesdir. Ermənistan dövlətinin və onun havadarlarının bu qayıdışın qarşısını almaq imkanları yoxdur və olmayacaq. Çünki bu gün dünyada milyonlarla Qərbi azərbaycanlı yaşayır və onların böyük əksəriyyəti doğma yurdlarına qayıdış ideyası ətrafında birləşib.

"Prezidentin də vurğuladığı kimi, öz yurdlarımıza sülh yolu ilə qayıtmaq istəyirik. Bölgədə yenidən müharibənin baş verməsini arzulamırıq. Qarşı tərəf də bu sülhpərvər mövqeyimizi düzgün qiymətləndirməli, onu zəiflik deyil, sülh və əməkdaşlıq iradəsinin təzahürü kimi qəbul etməlidir. Ermənistan bu reallığı anlayaraq Qərbi azərbaycanlıların doğma torpaqlarına təhlükəsiz, ləyaqətli və dinc şəkildə qayıdışına razılıq verməli və bunun təmin olunmasına öz töhfəsini göstərməlidir", - deyə Qərbi Azərbaycan
İcmasının İdarə Heyətinin sədri əlavə edib.