Təzəbinə kəndində 34 ildən sonra məktəb zəngi yenidən çalınıb
Düz 34 il sonra ilk dəfə Xocalı rayonu Təzəbinə kənd orta məktəbi yeni dərs ilinə başlayıb. Bu münasibətlə keçiriln tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib,Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Məktəbin direktoru Loğman Məməmədov qeyd edib ki, işğaldan azad edilən kəndin sakinlərinin övladları əsaslı təmir olunmuş Təzəbinə kənd tam orta məktəbində tədrisə başlayıblar.
Bildirilib ki, məktəbdə təhsil alanların sayı 154-dür. Onlardan 7-si ilk dəfə məktəbə qədəm qoyur.Şagirdlərin təlim-tərbiyəsi ilə 10 müəllim məşğul olur.Məktəbdə müasir tələblərə uyğun fənn kabinetləri yaradılıb, təhsil ocağı zəruri avadanlıqlarla təchiz olunub.
İşğaldan azad olunmuş torpaqlarda çalışmağın qürürverici, eyni zamanda məsuliyyətli olduğunu söyləyən direktor hamını yeni dərs ili münasibəti ilə təbrik edib.
Sonra Elm və Təhsil Nazirliyinin sektor müdiri Hilal Salmanov çıxış edərək uşaqların gələcəyimiz olduğunu, onların layiqli vətəndaş kimi yetişməsində təhsilin mühüm rol oynadığını bildirib.
I Qarabağ müharibəsinin qazisi Əlövsət Cəfərov çıxışında doğma torpaqlara qayıdışın böyük xoşbəxtlik olduğunu vurğulayaraq şagirdlərə yeni tədris ilində uğurlar arzulayıb.
Tədbir şagirdlərin ifasında şeirlərlə davam edib.




