Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır – Baş nazir

24 Sentyabr, 2026 - 17:12
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır – Baş nazir

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə bu günə qədər 47 yaşayış məntəqəsinə, yəni 10 şəhər, 3 qəsəbə və 34 kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır.

"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, 2027-ci il dövlət və icmal büdcə layihələri və növbəti üç il üçün icmal büdcənin göstəriciləri, sosial-iqtisadi inkişaf proqnozlarının müzakirəsi zamanı deyib.

Baş nazir qeyd edib ki, ümumilikdə, 2020-ci ildən bəri 2026-cı il də daxil olmaqla işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 25 milyard manatdan çox vəsait ayrılıb. Bu məqsədə 2027-ci ildə isə 3,4 milyard manat vəsait nəzərdə tutulur.