İşğaldan azad olunmuş ərazilərdə “Rəqəmsal savadlılıq” təlimləri davam etdirilir
Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad olunmuş ərazilərə geri qayıdan əhali üçün “Rəqəmsal savadlılıq” mövzusunda təlimlər 2026-cı ildə də uğurla davam etdirilir.
"Azərbaycan müəllimi" xəbər verir ki, növbəti təlimlər Xankəndi şəhərində və Cəbrayıl rayonunun Horovlu kəndində təşkil olunub. Layihənin əsas məqsədi həmin ərazilərə köçürülən və burada məskunlaşan vətəndaşların müasir texnologiyalardan istifadə sahəsində rəqəmsal bilik və bacarıqlarını artırmaqdır.
Təlim proqramı XXI əsrin tələblərinə uyğun rəqəmsal bacarıqların inkişafını, informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə əsas kompetensiyaları, “Google” alətləri ilə işləmə vərdişlərini, rəqəmsal transformasiya proseslərini, süni intellekt texnologiyalarının tətbiqini, kibertəhlükəsizlik qaydalarını, elektron hökumət xidmətlərindən istifadə imkanlarını, eləcə də Azərbaycan Təhsil Şəbəkəsinin veb layihələri və digər innovativ istiqamətləri əhatə edir. Sessiyalar əsasən praktiki məşğələlər formasında təşkil olunur ki, bu da iştirakçılara əldə etdikləri bilik və bacarıqları tətbiq etmək imkanı yaradır.
Qeyd edək ki, “Rəqəmsal savadlılıq” mövzusunda təlimlərin işğaldan azad olunmuş bütün ərazilərdə mütəmadi şəkildə keçirilməsi nəzərdə tutulur.




