Əkrəm Gürel: Qərbi Azərbaycan irsinin dünyaya çatdırılması üçün əməkdaşlığa hazırıq

18 İyun, 2026 - 14:06
Əkrəm Gürel: Qərbi Azərbaycan irsinin dünyaya çatdırılması üçün əməkdaşlığa hazırıq

"Bu gün burada Türk dünyasının qədim mədəniyyət coğrafiyalarından biri olan Ordubadda ürəklərimizi bir araya gətirən olduqca əlamətdar bir məqsəd naminə toplaşmışıq.

Qərbi Azərbaycana Qayıdış III konqres-festivalı münasibətilə can Azərbaycanın ayrılmaz parçası olan Naxçıvanda sizinlə birlikdə olmaqdan və İğdır Universiteti adından bu kürsüdən sizə müraciət etməkdən böyük qürur və məmnunluq duyuruq". 

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Ordubadda keçirilən III “Qərbi Azərbaycana qayıdış” konqres-festivalında çıxışı zamanı İğdır Universitetinin rektoru Əkrəm Gürel deyib. 

O bildirib ki, Qərbi Azərbaycana qayıdış vizyonu yalnız coğrafi bir həsrətin və ya keçmişə dönüş istəyinin ifadəsi deyil, bu vizyon – ədalətin, tarixi həqiqətlərin və nəsillər boyu yaşadılmış mədəni irsin öz haqqına qovuşdurulması mübarizəsidir:

"Qarabağda əldə olunan Zəfərdən sonra Qərbi Azərbaycan torpaqlarına – yəni öz doğma yurdlarına həsrət qalan soydaşlarımızın sülh yolu ilə və hüquqi əsaslarla geri dönüş mübarizəsi bütün Türk dünyasının ortaq və haqlı davasıdır.

İğdır Universiteti olaraq inanırıq ki, davamlı diplomatik və siyasi uğurların arxasında duran ən böyük güc möhkəm mədəni bağlar və güclü elmi təməldir". 

Rektor bildirib ki, bu konqres sosiologiyadan tarixə, hüquqdan beynəlxalq münasibətlərə qədər geniş bir sahədə qayıdış ideyasının akademik əsaslarını formalaşdırır:

"Biz də İğdır Universiteti olaraq Qərbi Azərbaycan mədəniyyətinin, folklorunun və tarixi həqiqətlərinin dünyaya çatdırılması istiqamətində hər cür akademik əməkdaşlığa və ortaq fəaliyyətə hazırıq.
Birgə layihələrimiz, simpoziumlarımız və yetişdirəcəyimiz gənc alimlər bu müqəddəs yolun ən güclü işığı olacaq".