Laçında məzun sevinci: “Bu hissləri ifadə etmək çox çətindir”
İşğaldan azad olunmuş Laçın şəhərində fəaliyyət göstərən 2 nömrəli tam orta ümumtəhsil məktəbində də “Son zəng” çalınıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə elm və təhsil nazirinin müşaviri Nizami Yusifli, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bələdov, idarənin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Tədbirdə çıxış edən Nizami Yusifli məzunları təbrik edib. O, şagirdlərə mühakimə qabiliyyətini inkişaf etdirməyin, doğru ilə yanlışı ayırd etməyin və səhv seçimlərdən uzaq durmağın vacibliyindən danışıb.
“Təkcə öyrənməyi özünüzə məqsəd qoymayın. Öyrənin, amma eyni zamanda öyrənməyi də öyrənin. Sual verməyi, məntiq qurmağı bacarmalısınız. Cavabları yalnız qəbul etməklə kifayətlənməyin, onları sorğulamağı da öyrənin. Çünki sorğulayan beyin bu gün də, gələcəkdə də süni intellektdən bir neçə addım öndə olacaq. Ona görə də sorğulamağı dayandırmayın.
Bu gün dünyanın aparıcı sənaye sahələri müəyyən kriteriyalara cavab verən mütəxəssislər axtarır. Siz artıq növbəti təhsil pillənizdə – ali təhsildə bu barədə düşünməlisiniz. Dərin anlayışa malik, texnologiyanı idarə etməyi bacaran mütəxəssislərə ehtiyac var.
Bu profilin əsas xüsusiyyəti təkcə kod yazmaq və ya texnologiyadan xəbərdar olmaq deyil. Əsas məsələ insanları, sistemləri və nəticələri təhlil etməyi, onları anlamağı və idarə etməyi bacarmaqdır. Dünyada ən çox axtarılan insanlar da məhz bu iki xüsusiyyəti özündə birləşdirənlərdir”.
Daha sonra məzunlar da təəssüratlarını bölüşüblər.
Nigar İsgəndərova Laçına qayıdana qədər Bakı şəhərində yerləşən 248 nömrəli tam orta məktəbdə təhsil alıb.
“Laçın şəhər 2 nömrəli tam orta məktəbi həyatımın unudulmaz bir hissəsinə çevrilib. Burada dəyərli müəllimlərdən dərs almış, gözəl dostlar qazanmış və yaddaşımda həmişə qalacaq xatirələr toplamışam.
Bu gün ‘Son zəng’ münasibətilə həm sevinc, həm də kövrəklik hissləri keçirirəm. Məktəbimizə, müəllimlərimizə və hər zaman bizə dəstək olan valideynlərimizə təşəkkür edirəm”.
Bu əlamətdar gündə müəllimlər də məzunlarını tək qoymayaraq onların sevincinə şərik olublar.
Məktəbin fizika müəllimi Xəyalə Zeynalova məzunlara tələbə adını qazanmağı və gələcək həyatlarında uğurlar arzulayıb.
“Artıq iki ildir ki, ‘Son zəng’ tədbirini doğma Laçınımda qeyd edirəm. Bu hissləri ifadə etmək çox çətindir. Mənim 10 yaşımda məcburi köçkün kimi tərk etdiyim Laçında bu gün övladlarımız qürurla, başıuca sonuncu zənglərini çalırlar. Keçən il mənim övladım da Laçın şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbindən məzun olub. Hazırda isə Qarabağ Universitetinin tələbəsidir”.
Məktəbin ingilis dili müəllimi Yeganə Ələkbərova da ürək sözlərini bölüşüb:
“Doğma elimizdə belə tədbirlərin keçirilməsi böyük sevincdir. Bu hissləri sözlə ifadə etmək çətindir. Məzunlarımız bizim gələcəyimizdir. Onlara hər zaman hədəflərinə çatmağı, Vətənə layiqli övlad olmağı arzulayıram. Doğma torpaqlarımızda uşaqların şən səsinin daim eşidilməsini diləyirəm”.




