Qarabağ Universitetində fəaliyyət göstərmək arzularımdan biri idi – “Maarifçi”
“Maarifçi” tələbə-məzun təcrübə proqramının 49 iştirakçısından 24 nəfəri təhsil sahəsində müxtəlif köməkçi vəzifələrdə işə başlayıb. Onlardan biri də bu günlərdə Qarabağa yollanıb. Məhz işə başlamaq üçün yollandığı o torpaqlar onun üçün, sadəcə ilk rəsmi iş yeri yox, doğulmasa da, heç görməsə də, orada böyüməsə də, özünü qürurla “qarabağlı” deyə təqdim edə biləcəyi doğma torpaqlardır.
Təhsil aldı, təcrübə topladı
Orada doğulmayıb, çünki dünyaya gələndə ev-eşiyi işğal altında idi. Aytac Həziyeva 2001-ci ildə Bakı şəhərində anadan olub. 215 nömrəli tam orta məktəbin məzunudur. 2018-ci ildə Azərbaycan Dillər Universitetinə qəbul olunub. “Xarici dil müəllimliyi” ixtisası üzrə təhsil alıb. Magistratura səviyyəsində Bakı Ali Neft Məktəbində MBA (Biznesin təşkili və idarə olunması sahəsində) üzrə ixtisaslaşıb. Bu müddətdə fasilələrlə də olsa, menecment sahəsində fəaliyyət göstərib, təcrübə toplayıb.
“Maarifçi” oldu
İnsanın öyrəndikləri itmir. Onun da məşğul olduğu hər iş təcrübəyə çevrilərək uğurlarına uğur qatıb. Ən böyük uğur isə “Maarifçi” tələbə-məzun təcrübə proqramına seçilməyi olub: “Elm və Təhsil Nazirliyində işlərin hansı şəkildə irəlilədiyini bilmək istəyirdim. Bu marağım sayəsində 2025-ci ildə “Maarifçi” tələbə-məzun təcrübə proqramına baş vurdum”.
Güclü marağı onu Elm və Təhsil Nazirliyində “Maarifçi” tələbə-məzun təcrübə proqramına müraciət etməyə sövq edib. Proqrama seçilməklə nazirliyin Aparatında və struktur bölmələrindən birində təcrübə keçmək fürsəti əldə edib. Bu vaxta qədər qazandığı bilik və bacarıqlar sayəsində 49 “Maarifçi”dən biri olub.
Amma “Maarifçi” olmaq uğurun yarısıdır, bu təcrübəni perspektivli işlə tamamlamaq hər təcrübəçiyə qismət olmur. Azsaylı təcrübəçilərdən olmaq üçün Aytac 4 aylıq gərgin iş təcrübəsi keçib və həmin operativ, bu operativlikdən doğan stresli, gərgin iş mühitində uğurla baş çıxarıb: “Təcrübə dövrünün ilk iki ayında Təhsil Tələbə Krediti Fondunda vətəndaş müraciətlərinin qəbulu üzrə fəaliyyət göstərmək imkanı əldə etdim. Çox maraqlı keçən bu iki ay vətəndaşlarla işləməkdə böyük təcrübə qazandırdı. Daha sonra rotasiya ilə Elm və Təhsil Nazirliyində “Satınalma və qrantlar” sektorunda təcrübəmə davam etdim.
Zənnimcə, təhsillə yaxından maraqlandığım, ixtisasımın da təhsillə bağlı olması mənə proqramda üstünlük qazandırdı. 4 ayda əldə etdiyim bacarıqlarımı, qazandığım təcrübələri göstərə bildim. Həm bacarıqlarımı göstərdim, həm də güvən yarada bildim”.
Qarabağa yol göründü
Uğurlu 4 ay onun özünə güvənini artırıb. Elə bu inamla öz gələcəyinə təhsillə - bir təhsil müəssisəsi ilə yön verib: “Təcrübə müddəti bitdikdən sonra gələcək iş yerimin hara olacağına qərar verdim. Fəaliyyətə başladığı ilk günlərdən bəri maraqla izlədiyim, təhsilə fərqli yön verə biləcəyinə inandığım Qarabağ Universitetində çalışmaq arzularımdan biri idi. “Maarifçi” tələbə-məzun təcrübə proqramında iştirak etməyin, burada qazandığım təcrübənin verdiyi özgüvənlə ali təhsil müəssisəsinə müraciət etdim. Yanılmamışdım, Elm və Təhsil Nazirliyində olan fəaliyyətim də nəzərə alınaraq dəyərləndirildim”.
Beləliklə o, “Maarifçi” proqramının da qaliblərindən olub və bir qalib qüruru ilə Qarabağ Universitetinin İqtisadiyyat fakültəsində tədris işləri üzrə mütəxəssis vəzifəsində işə başlayıb.
İndi Qarabağa məskən salır
Aytac Həziyeva artıq Qarabağdadır. Qarabağ onun, sadəcə iş yerinin olduğu torpaqlar deyil, həm də yurd yeridir: “Qarabağ mənə çox doğmadır. Bu hiss həm də özüm də Füzuli rayonundan olduğum üçündür. Qarabağın da məni isti qarşıladığını düşünürəm”.
Bu düşüncə ona hələ ziyarət məqsədli səfərində hakim kəsilib: “Dekabr ayında İqtisadiyyat fakültəsinin dekanı Kamran Məlikovla müsahibə tipli görüşümüz oldu. Sonra mənə fəaliyyət göstərmək istədiyim universiteti ziyarət edə biləcəyim deyildi. Təbii ki, sevə-sevə razılaşdım. Qarabağ Universitetini və doğma yurdum Qarabağı ziyarət imkanından imtina etmək olardımı?”.
Aytac Qarabağ Universitetini elə Qarabağı sevdiyi qədər sevəcəyinə əmin idi: “Bu ziyarətdən öncə də rahatlıqla Qarabağda işə başlaya biləcəyimi bildirdim. Elə də oldu. Bu il yanvarın əvvəlində iş üçün dəvət olundum. Yanvarın 10-dan Qarabağa yerləşdim”.
O artıq Qarabağda məskən salır: “Əslində uzunmüddətli plan qururam, çünki hazırda İqtisadiyyat fakültəsi üçün ayrıca bina inşa edilib, sıfırdan qurulan bir sistem var. Belə bir təhsil müəssisəsində yenilik etmək imkanı çoxdur”.
Daha böyük uğurlara imza atmaq üçün
Aytac Həziyeva işinə canla-başla sarılıb: “Qarabağ Universitetinin bir çox universitetdən fərqinin, sadəcə coğrafi məkan fərqi deyil, düşüncə tərzi, ab-havası ilə fərqləndiyini, tələbələrə yanaşmada nə qədər müxtəliflik olduğunu gördüm. Qarabağ Universiteti ilə birlikdə böyüyəcək, daha çox yeniliklərə imza atacağam”.



