Qarabağ Universitetində Oksford standartlı yeni proqram yaradılıb

18 İyun, 2026 - 14:54
Qarabağ Universitetində Oksford standartlı yeni proqram yaradılıb

Qarabağ Universitetində "İqtisadiyyat" ixtisası üzrə innovativ bakalavr proqramının hazırlanması məqsədilə Oxford Universitetinin aparıcı iqtisadçı alimləri ilə əməkdaşlıq həyata keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, əməkdaşlıq çərçivəsində Oxford Universitetinin iqtisadçı alimləri Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin akademik heyəti ilə birgə fəaliyyət göstərərək beynəlxalq standartlara uyğun, müasir yanaşmalara əsaslanan İqtisadiyyat (BSc Economics) proqramının hazırlanmasında iştirak ediblər.

Hazırlanmış proqramın yekunlaşdırılması və akademik heyətə təqdim olunması məqsədilə Oxford Universitetinin nümayəndələri Qarabağ Universitetinə səfər ediblər. Səfər çərçivəsində Biznes və iqtisadiyyat fakültəsinin müəllimləri ilə birgə seminarlar və interaktiv iş sessiyaları təşkil olunub.

Sessiyalar zamanı proqramın strukturu, fənn məzmunu və tədris metodologiyası geniş şəkildə təqdim edilərək müzakirə olunub. Bu prosesin əsas məqsədi proqramın universitetin akademik heyəti tərəfindən dərindən mənimsənilməsi və effektiv tətbiqinə hazırlığın təmin edilməsi olub.

Yeni İqtisadiyyat proqramı müasir əmək bazarının və qlobal təhsil mühitinin tələblərinə uyğun olaraq data analitikası, süni intellekt və proqramlaşdırma kimi istiqamətləri də əhatə edir.

Bu əməkdaşlıq Qarabağ Universitetinin beynəlxalq akademik tərəfdaşlıqlar vasitəsilə tədris keyfiyyətinin yüksəldilməsi və tələbələrə qlobal səviyyədə rəqabətqabiliyyətli təhsil imkanlarının təqdim olunması istiqamətində atdığı mühüm addımlardan biri hesab olunur.