Qarabağ Universitetində yeni platforma fəaliyyətə başlayıb
Qarabağ Universitetində elmi fəaliyyətin gücləndirilməsi və innovasiya mədəniyyətinin genişləndirilməsi məqsədilə yeni təşəbbüsə start verilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, 2025-ci ilin sentyabr ayından etibarən universitetin Tədqiqat və İnnovasiya Mərkəzinin dəstəyi ilə bütün fakültələrdə müxtəlif mövzularda həftəlik elmi müzakirələr təşkil edilir.
Yeni seminar platforması universitetdə tədqiqat yönümlü fəaliyyətin canlandırılması, fakültələrarası elmi əməkdaşlığın genişləndirilməsi və innovativ fikir mübadiləsinin sistemli şəkildə aparılması üçün yaradılıb. Seminarların əsas məqsədi elmi ideyaların müzakirəsinə şərait yaratmaq, müxtəlif ixtisas sahələri üzrə tədqiqatçıları bir araya gətirmək və əldə olunan elmi biliklərin regionun sosial-iqtisadi inkişafına yönəldilməsini təmin etməkdir.
Həftəlik görüşlərdə müəllimlər, tədqiqatçılar və tələbələr öz elmi yeniliklərini təqdim edir, aktual tədqiqat nəticələrini müzakirə edir, eyni zamanda gələcək layihələr üçün əməkdaşlıq perspektivlərini dəyərləndirirlər.
Qarabağ Universiteti bu təşəbbüslə akademik mühitdə elmi istiqamətlənməni gücləndirməyi, yeni tədqiqat layihələrinin yaranmasına dəstək göstərməyi və universitetin innovasiya ekosistemini daha da inkişaf etdirməyi hədəfləyir.



